Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 12:44:00
Bağça müdiri tərbiyəçilərin sertifikasiyasını alqışladı: “Çox vacibdir”

“Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlər də sertifikatlaşdırmadan keçəcək. Məqsəd onların peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlamaqdır.

 

Mövzuyla bağlı AzEdu.az-a açıqlama verən Bakıdakı məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova sertifikasiyanın əhəmiyyətindən və müəllimlərin narahatlığından söz açıb:

 

“Mənim fikrimcə, bu çox düzgün qərardır. Bağça müəllimləri mütləq sertifikatlaşdırılmalıdır. Çünki təhsilin bir qismi və tərbiyə ilk olaraq bağçadan başlayır. Bu proses həm onların stimullaşdırılmasına gətirib çıxaracaq, həm də əməkhaqqının artırılması deməkdir”.

 

A.Əhmədova deyir ki, bağça tərbiyəçilərinin imtahan olunması arzuolunan haldır:


“Bundan əvvəlki illərdən bəri uzun müddətdir bizdə nə imtahan, nə də treninqlər olub. Bağça tərbiyəçilərinin də sınaqdan keçirilməsi arzuolunandır. Bu baxımdan sözügedən prosesi müsbət qarşılayıram. Bizim üçün gözlənilən idi. Hazırkı dövrümüz üçün çox vacib prosesdir”.

 

Müsahibimiz onu da qeyd edib ki, müəllimlərin narahatlığı bu prosesin onlar üçün ilk olması ilə bağlıdır:

“Necə hazırlaşacaqlarını bilmirlər. Ancaq yəqin ki, çərçivə sənədi və digər materiallar əvvəlcədən veriləcək. Hələlik mən də daxil proses müəllimlər üçün qaranlıqdır. Narazılıq və narahatlıqlar bundan qaynaqlanır. Gözləntilərimiz böyükdür. Bu prosedur nəticələndikdən sonra müəllimlərin razı və ya narazı qalmaqlarını biləcəyik”.