Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 12:08:00
AMEA tərəfindən virtual sərgi hazırlanıb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanası tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev – 100 il” adlı virtual sərgi hazırlanıb.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, virtual sərgidə Ulu Öndərin həyatının müxtəlif dövrlərində çəkilmiş şəkilləri, Heydər Əliyev siyasi irsindən, onun Azərbaycan tarixindəki yerindən, mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunmasına diqqətindən, habelə elmin inkişafına qayğısından bəhs edən kitab və monoqrafiyalar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

 

Bu fəaliyyətin davamı olaraq, “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Naxçıvan Bölməsində bu günədək bir respublika, dörd bölmə səviyyəli elmi konfrans keçirilib, bir monoqrafiya işıq üzü görüb. Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev ideyaları və müasir dövr” adlı respublika konfransının materialları iki cilddə çapa təqdim olunub, “Heydər Əliyev: taleyi və siyasi fəaliyyəti” məqalələr toplusu çapa hazırlanıb. Elmi Kitabxanada sərgi təşkil olunub, bölmə əməkdaşlarının ölkə mətbuatında ardıcıl olaraq məqalələri dərc edilib.