Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-25 14:08:00
“Müsahibədə də maksimal nəticə üçün çalışacam” - 60 bal toplayan müəllim

Dünən müəllimlərin sertifikasiya imtahanlarının sonuncu günü idi.

 

24 iyun tarixində keçirilən imtahanlara 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunmuşdu.

 

Dünənki imtahandan maksimum, yəni 60 bal toplayan 2 müəllimdən biri Kəminə Zalovadır.

 

O, Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir.

 

 

Kəminə müəllimə AzEdu.az-a müsahibəsində imtahan prosesi ilə bağlı təəssüratlarını bölüşüb:

 

 

- Sertifikasiyanın keçirlməsinə yanaşmanız necədir?

 

- Sertifikasiya ilə bağlı bir neçə müddət bundan öncə maraqlanmışdım. Dünyanın inkişaf etmiş ölkələrində təhsilverənlərin, ümumiyyətlə, dövlət qulluğunda olanların sertifikatlaşdırılması barədə məlumatım var idi. Və bunun əhəmiyyətini dərk edirdim. Mənə aydın idi ki, bu proses təkcə təhsilverənlərin peşəkarlıq səviyyəsini yoxlamaq üçün deyil, ümumi olaraq müəllimin özünü təsdiq etməsi baxımından önəmlidir. Bu həm motivasiyadır, həm də özünə inamın artaması üçün stimuldur. Və toplanan nəticələr şagirdlərimiz üçün də nümunədir. Müəllim şəxsiyyəti hər baxımdan nümunə olmalıdır. Sertifikasiyanın keçirilməsini çox normal qarşılayırdım və çox sevinirəm ki, bu prosesin iştirakçısı oldum.

 

- Maksimum bal toplayacağınızı gözləyirdiz?

Açıklama yok.

- Bəli, yüksək bal toplayacağımı gözləyirdim. Ümumiyyətlə, maksimum nəticə, yəni 60 balı görmək qeyri-adi bir hiss idi. Çox sevincliyəm.

 

 - Sizcə, sualların tərtibatı çətin idi?

- İxtisas fənnimə aid olan sualları çox tez bitirdim. Metodika ilə bağlı suallar isə bir az düşündürücü idi. Qeyd edim ki, həmin suallar birbaşa təcrübə, həyat, tədris prosesi ilə əlaqəli idi. 

- İmtahana özünüz hazırlaşırdınız, yoxsa xüsusi hazırlığa gedirdiz?

- İxtisas fənnim üzrə olan suallar üçün hazırlığa ehtiyac duymadım. Amma etiraf edim ki, metodikadan 2 ay müddətində hazırlıq keçdim. Bəzən metodika dərslərinə qoşula bilməsəm də,  özüm yüksək səviyyədə hazırlaşmağa çalışırdım. Bilirdim ki, əmək sərf etmədən yüksək nəticə qazanmaq mümkün deyil.

 

- Qarşıda sertifikasiyanın müsahibə mərhələsi də var. Nəticənizin necə olacağını düşünürsüz?

- Uzun illərin pedoqoji təcrübəsinə malik müəllim kimi, müsahibə mərhələsindən də maksimum bal toplayacağımı düşünürəm. Həm də artıq mənə qarşı bir etimad var. Bu etimadı doğrultmağa çalışacam.