Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 11:52:22
“Həmişə birinci olmaq istəmişəm” - 60 bal yığıb, arzusuna çatdı

Müəllimlərin iyunun 20-də keçirilmiş sertifikasiya imtahanında iki nəfər maksimal nəticə göstərib. Onlardan biri də Salyan rayonu 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şahinə Məmmədovadır.

 

 

AzEdu.az-a müsahibə verən Şahinə müəllim sertifikasiyanın başa çatan ilk günündə maksimal bal toplayan biri olaraq öz təəssüratlarını bölüşüb.

 

-Öncəliklə maksimal nəticə göstərməyiniz münasibətilə sizi təbrik edirik. Təəssüratlarınızı oxucularımızla bölüşərdiniz...

 

-Hələ də həyəcanlıyam. Bu, olduqca sevindirici və qürurvericidir. Gözləmədiyim bir nəticə ilə qarşılaşdım. Düzdü, yüksək nəticə gözləyirdim. 50+ olar deyə düşündüm. 60 olmağı məni təəccübləndirdi. Maksimal bal olacağını ehtimal etmirdim. Yaxınlarım çox sevindi. Dünən ancaq təbriklərə cavab vermişəm.

 

 

-Hazırlıq müddətiniz necə idi?

 

 

-Müəllimlik fəaliyyətinə başlayandan öz üzərimdə işləyirəm. Məlumatlar toplayır, təlimlərdə iştirak edir, Elm və Təhsil Nazirliyinin keçirdiyi vebinarları izləyirdim. Müəllimlərə dəstək məqsədilə keçirilən təlimlərə xüsusi qoşulurdum. Demək olar ki, sertifikasiya olunacağı xəbəri yayılandan özümü hazırlayırdım. Bu məsələlərdə yeniliklərə açığam. Öz üzərimdə işləməyi xoşlayıram.

 

 

- İstər imtahanla, istərsə də peşənizlə bağlı əsas motivasiyanız nə olub?

 

 

-Həmişə birinci olmaq istəmişəm.

-Fərqlənməyi xoşlayıram. Hədəfim həmişə yüksək olub. Məktəb  vaxtından yüksək nəticə göstərməyə can atırdım. Başqa peşədə çalışsaydım da, hədəfim yenə yüksək olardı. Övladlarımın, şagirdlərimin, valideynlərimin qarşısına fəxrlə çıxmaq istəyirəm.

 

 

-Müsahibə mərhələsindən gözləntiləriniz necədir?

 

 

-Düzü, həyəcanlandırıcı bir mərhələdir. Bunu uğurla başa vurmuşamsa, ondan da yüksək nəticə əldə edə bilərəm.

 

 

-Digər imtahan verəcək müəllimlərə nələri tövsiyə edərdiniz?

 

 

-Sertifikasiya imtahanıdır deyib həyəcanlanmasınlar. Bizim ixtisasımıza uyğun, ibtidai səviyyədə suallar idi. Biliyi, hazırlığı olan hər bir müəllim cavablaya bilər. Lazımi qədər öz üzərində işləyib hazırlaşıbsa, uğur həmin müəllimlər üçün əlçatmaz deyil.