Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 09:15:19
1 may tarixli dövlət qulluğu müsabiqəsinə sənəd verənlərə XƏBƏRDARLIQ

1 may 2023-cü il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.


Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirlib ki, elan üzrə 53 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 758 vəzifə (A növündə 158 vakant, B növündə 650 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2531 namizədlə 4819 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Xidmətin regional idarələri, Bakı regional bölmə, Sənədlərin ekpertizası sektoru, məsləhətçi (1 vakant yer üzrə 239 namizəd), İdxal və ixraca nəzarət sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 237 namizəd) üzrə yaranıb. Müsahibələrin 2023-cü ilin iyunun 22-dən noyabrın 2-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Namizəd 48 saat ərzində (13 iyun 2023-cü ildən 15 iyun 2023-cü il saat 18:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında 'İMTİNA' düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina edən namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.


Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.