Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 14:54:20
Azərbaycan Universitetində Müstəqillik Günü qeyd olunub

Azərbaycan Universitetində İctimai elmlər kafedrasının təşkilatçılığı ilə “28 may – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirin məruzəçisi Milli Məclisin deputatı, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərov olub.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan tədbiri giriş sözü ilə İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti qədim və zəngin dövlətçilik tarixinə və ənənələrinə malik Azərbaycanın XX əsr tarixində böyük hadisədir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən, AXC-nin siyasi və mənəvi varisi olduğunu bəyan edən Azərbaycan 30 ildən çoxdur ki, 28 may tarixini böyük təntənə ilə qeyd edir.  

 

Çıxışın ardından Milli Məclisin deputatı, professor Anar İsgəndərov kürsüyə dəvət olunub. Anar İsgəndərovun məruzəsi “Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusuna həsr olunub. Məruzədə qeyd olunub ki, Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini yaşadan AXC, öz üzərinə götürdüyü çətin və taleyüklü vəzifəni şərəflə yerinə yetirib, coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi ifadəyə çevirib. Zaman məhdudluğuna baxmayaraq Azərbaycanın ilk dövlət rəmzləri qəbul edilməsi, milli ordunun yaradılması, dövlət dili haqqında qərarın qəbul edilməsi, parlamentin təsis edilməsi, hakimiyyət bölgüsünün aparılması, milli valyutanın tədavülə buraxılması, Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi, Azərbaycanın böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olunması, seçkilərdə qadın və kişi bərabərliyinin təsbit olunması, əlifba islahat komissiyasının yaradılması, 100 nəfər azərbaycanlı tələbənin xaricə göndərilməsi, Qarabağda erməni separatçılarının qanunsuz hərəkətlərinə son qoymaq üçün Qarabağ general-qubernatorluğu yaradılması daxil olmaqla 250 ilkə imza atıb. 

 

Məruzədə bildirilib ki, 1920-ci ilin aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinə Bakı neftini dünya bazarına tam gücü ilə çıxarmaq, ali hərbi məktəbin açılması, konstitusiyanın qəbul edilməsi, aqrar islahatın həyata keçirilməsi, parlament seçkilərinin keçirilməsi, latın qrafikalı əlifbaya keçidin təmin edilməsi kimi məqsədlərini həyata keçirməyə müvəffəq ola bilməyib. AXC-nin bu ideya və islahatlarının həyata keçirilməsi Azərbaycanın müstəqilliyinin bərpasından sonra mümkün olub, həmçinin cümhuriyyət ideyalarına yüksək ehtiram nümayiş olunub. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlar imzalayıb. 2018-ci ildə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü böyük təntənə ilə qeyd olunub.

 

Daha sonra İctimai elmlər kafedrasının professoru Qasım Hacıyev “AXC Azərbaycan dövlətinin bünövrəsidir” mövzusunda məruzəsi dinlənilib.  Məruzədə siyasi varislik mövzusuna toxunulub, Qarabağın tarixinin tədqiqinin əhəmiyyəti diqqətə çatdırılıb. 

 

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.