Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 12:33:52
Azərbaycanlı müəllimlər xaricdəki təlimlərə qoşulub

Cari ilin may ayı ərzində “eTwinning” layihəsi çərçivəsində ümumilikdə 17 təhsil işçisi olmaqla 8 müəllim Avropanın müxtəlif ölkələrində keçirilən konfranslarda, 9 müəllim isə beynəlxalq onlayn təlimlərdə iştirak edib. Avropa Mərkəzi Dəstək Xidmətinin dəstəyi ilə keçirilən tədbirlərin məqsədi təhsilverənlərin müasir metodlar üzrə tədrisinin inkişaf etdirilməsi, İKT və dil bacarıqlarının artırılması, həmkarları ilə ortaq dərs nümunələri, beynəlxalq layihələrin yaradılmasına şərait yaratmaqdır. 

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində pedaqoji işçilər üçün onlayn təlimlərdə iştirak imkanı da yaradılıb. Belə ki, cari ayda inklüziv məktəb mövzusunda Yunanıstan Milli Dəstək Xidməti tərəfindən keçirilən beynəlxalq tədbirə ölkə üzrə 9 müəllim qatılıb. 

 

Bundan başqa, 15-17 may tarixlərində Bakıda “İnnovasiya və təhsil” adlı beynəlxalq tədbir təşkil edilib. 7 Avropa ölkəsindən 25 təhsil işçisi və Azərbaycanın 8 bölgəsindən 28 müəllimin iştirak etdiyi seminarın nəticəsi olaraq 22 ortaq dərs modeli yaradılıb. Növbəti tədris ilindən dərs modellərinin icrasına başlanılması nəzərdə tutulur. 

 

Qeyd edək ki, “eTwinning“ Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb, ali təhsil sahəsində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq etmək, ortaq dərs modelləri yaratmaq, həmçinin Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.