Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-20 19:00:00
Sertifikasiyaya hazırlaşan müəllimlər üçün sınaq imtahanının vaxtı açıqlandı

Təhsil İnstitutu sertifikatlaşdırılma imtahanlarına hazırlaşan müəllimlərə dəstək məqsədilə sınaq imtahanlarına start verir.

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, onlayn formada təşkil ediləcək sınaq imtahanları Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.


Sınaq imtahanı 25 may 2023-cü il tarixində keçiriləcək. İmtahan linkinə saat 10:00-dan saat 20:00-dək daxil olmaqla imtahanda iştirak etmək mümkündür. İmtahan linkinin bütün gün açıq olmasına baxmayaraq, hər bir müəllimin yalnız bir dəfə 120 dəqiqə ərzində sınaq imtahanında iştirak etmək imkanı olacaq. İmtahan vaxtı bitən kimi cavablarınız avtomatik olaraq sistemə göndəriləcək və nəticəniz dərhal ekranda görünəcək. Sınaq imtahanlarında istifadə edilən sual nümunələri düzgün cavabları ilə imtahandan sonra ARTİ-nin rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, bu il təkrar imtahanda iştirak edəcək ibtidai sinif müəllimləri də sınaq imtahanına dəvət olunublar.

Müəllimlər sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS qrupu) mövcud qrupunuza daxil olaraq onlara dəvət gəldiyindən əmin olmalıdırlar. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir. Suallar olduğu halda 146-4 Qaynar xətt nömrəsinə zəng etmək olar.