Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 14:52:00
“Fədakar müəllim” - “Dərsə getmək üçün dağ, meşə, çaydan keçirik” - MÜSAHİBƏ  

Azərbaycanda peşə fəaliyyətini yerinə yetirmək üçün uzun yollar qət edən, dərs dediyi məktəbə getmək üçün hər cür çətinliklərə sinə gərən müəllimlər var. 

 

AzEdu saytı həmin fədakar və zəhmətkeş müəllimləri ictimayətə tanıtmaq üçün onlarla silsilə müsahiblər hazırlayır.

 

Bu dəfə haqqında bəhs etdiyimiz müəllim çalışdığı məktəbədək 200 kilometr yol qət edir, meşənin içindən keçir, çətin yollarla iş yerinə çatır.

 

AzEdu.az-ın "Fədakar müəllim" rubrikasının növbəti qonağı Sumqayıtda yaşayan Rəvanə Ağakişiyevadır. 

 

- Rəvanə xanım, özünüzü oxucularımıza necə təqdim edərdiniz?

 

- Mən - Ağakişiyeva Rəvanə Kərim qızı, 31 yaşım var. Ailəliyəm, 4 və 5 yaşlarında iki övladım var. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil almışam. Hazırda Sumqayit şəhərində yaşayıram. 

 

- Hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

- 2017-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından 44 bal toplayaraq Şamaxı rayonu Ərçiman kənd məktəbinə coğrafiya müəllimi kimi təyin olunmuşam. Hazırda həmin məktəbdə işləyirəm. 8 saat dərsim var.

Məktəbimiz 9 illik ümumi orta təhsil müəssisəsidir. Təhsil ocağında 65 uşaq oxuyur. Mən VI, VII, VIII, IX siniflərə dərs deyirəm. VI sinifdə 10, VII sinifdə 3, VIII sinifdə 8, IX sinifdə isə 4 şagirdim var.

 

Açıklama yok.

 

- Həftədə neçə dəfə işə gedib-gəlirsiniz?

 

- Həftənin II və III gunləri dərsə gedib-gəlirəm. Sumqayıtdan səhər saat 05:00-da avtobusla yola çıxıram, saat 08:00-da Şamaxıya çatıram. Mənimlə birlikdə daha 3 müəllimə də yola çıxır. Biri Bakıdan olan biologiya, o biri Sumqayıtdan olan kimya, digəri isə Şamaxının Avaxil kəndindən olan texnologiya müəllimidir. Şamaxıdan Ərçiman kənd məktəbinə əlverişsiz yol şəraitinə görə başqa maşınlar gedə bilmir, məcburən "Niva" markalı maşınlardan taksi kimi istifadə edirik. Normalda 09:00-a qədər məktəbə çatmış oluruq.

 

Açıklama yok.

 

- Qeyd etdiniz ki, yolların vəziyyəti bərbaddır. Bu haqda danışa bilərsinizmi?

 

- Şamaxıdan həmin kəndə yolumuz təxminən 45-50 dəqiqəlikdir. 5 kilometrlik yolu meşə, dağ və çay keçərək gedirik. Kənd yolu torpaqdandır və çaydan keçmək üçün də körpü yoxdur. Noyabr ayından mart ayının əvvəlinədək kənd yolu qar və buzla örtülü olur. Qışda dağ yollarında sürüşmə, yazda isə sel təhlükəsi olur. Dəfələrlə yollardada belə təhlükələrlə qarşılaşmışıq. Pirsaat çayının mənbə hissəsindən keçirik. Əlavə olaraq, yoldan daha bir kiçik çay keçir, yaz aylarında bolsulu olur.
Bu yollarla  hər maşın hərəkət edə bilmir. Bizim köməyimizə "Niva" markali maşınlar çatır. Yaxşı ki onlar var. 

 

Açıklama yok.

 

- Heç yol probleminə görə dərsə gedə bilmədiyiniz günlər olub?

 

- Xeyr, hava şəraitinə görə dərsdən qaldığımız olmayıb. Hətta əlverişsiz hava şəraiti səbəbindən Bakı-Şamaxı yolunun təhlükəli olduğu vaxtlarda belə dərsə getmişik.  

 

- İşə belə çətinliklə gedib-gəlmək sizi yormur ki? Bəs aldığınız məvacib sizi qane edir?

 

- Yorulurq, amma həm də peşəmizi sevirik. Maaşım H2 (həvəsləndirmı tədbiri) də daxil olmaqla 420 manatdır. Hər gün üçün 18 manat yolpulu xərcləyirəm. Aylıq əmək haqqımın ən azı 150 manatı yolpuluna xərclənir. Bütün bunlar bizə peşəmizi atmağa əsas vermir.  

 

- Evə - Sumqayıta qayıda bilməyəndə Şamaxıda harada qalırsınız?

 

- Normalda, həftənin II günü gedib, III günü qayıdıram. Anamgil Şamaxının mərkəzində yaşayır. Ardıcıl günlər dərslərim olanda anamgildə qalıram, səhəri gün Sumqayıta qayıdıram. Digər müəllimlər isə həmin gün gedib-qayıdırlar. 

Açıklama yok.

- Heç Şamaxıya köçməyi düşünmüsünüz?

 

- Xeyr, Sumqayıtda övladlarım məktəbə, bağçaya gedir. Bu səbəbdən Şamaxıda qala bilmərəm.

 

Ailənizin işinizə münasibəti necədir?

 

- İlk gündən ailəm işimdə mənə dəstək olub və bu mənə əlavə stimul verir.

 

- İş yerini dəyişməyə cəhd etmisiniz?
 

 - Əlbəttə, yaşadığım əraziyə yaxın olan şəhər məktəblərindən birində dərs demək istərdim, amma yenidən imtahana hazırlaşmaq və yüksək bal toplamaq mənə çətin gəlir. Həmçinin, orada artıq kollektivimə öyrəşmişəm. Yenə də gələcəkdə yerdəyişmə edib yaxın bir məktəbdə işləmək fikrim var.

 

Açıklama yok.