Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 13:12:00
Elmlə biznesin vəhdəti - Dünyanın elmi-texnoloji gələcəyini müəyyən edən “Silikon vadi”lər

 

XVII əsrdən etibarən Avropa dövlətləri yeni müstəmləkələrə hərbi dəniz ekspedisiyaları göndərərkən hər gəmiyə mütləq halda bir elm adamı təhkim edirdilər. Hərb öz yerində, alimlər isə gəldikləri yerlərin tarixi, coğrafiyası və təbiəti barədə məlumatlar toplayırdılar. Napoleon Misiri işğal edərkən özü ilə 150 nəfər müxtəlif sahələrin alimlərini götürmüşdü. Çarlz Darvin təsadüf nəticəsində Cənubi Amerikaya təşkil edilən ekspedisiyada yer aldı və “Təkamül nəzəriyyəsi”nin əsasını qoydu.

Bəzi müstəmləkələr azadlıq əldə etsələr də, bir vaxt işğalçı saydıqları dövlətlərdən mütərəqqi nə varsa əxz etməyi bacarıblar. Bunların sırasında, şübhəsiz ki, Hindistanın da adı çəkilməlidir. Düzdür, Hindistan tarixən bir çox elmi yeniliklərin vətəni olub, ancaq ilk milli hökumətin atdığı addımların bugünkü nəticələri yuxarıdakı qənaətimizin bir növ əyani göstəricisidir. Cəvahirləl Nehru hesab edirdi ki, riyaziyyata ənənəvi maraq baxımından yüksək texnologiyaların inkişafına ciddi önəm vermək lazımdır. Bu səbəbdən o, Hindistanın ilk milli hökumətinə bu sferaya vəsait yatırılmasını tapşırmışdı. O vaxt bu təklif ciddi müxalif mövqe ilə rastlaşdı, məntiq sadə və aydın idi: yüz milyonlarla əhalisi olan aqrar ölkədə o sahələrə kapital qoyuluşu edilməlidir ki, gələn gəlirlərdən hamı bəhrə götürə bilsin. Bununla belə, Nehru iddiasında qalmaqda idi və indi bu təşəbbüsün uğuru göz qabağındadır - Hindistan IT-nin payına görə üç ÜDM liderindən biridir.

İlk milli hökumətin həyata keçirdiyi islahatların başlıca məhsulu Hindistanın “Silikon vadi”si kimi tanınan Banqalorda yığılır. Ölkənin elmi mərkəzi kimi tanınan bu şəhər dünya iqtisadiyyatı və hay-tek sənayesinə ciddi təsir göstərən amillərdən biridir. Banqalor Hindistanın “Silikon vadi”si olsa da, dünyada ilk və ən böyüyü deyil. “Silikon vadi” anlayışının vətəni ABŞ-dır və bu baxımdan, həm ideya müəllifliyi, həm də kapital axını nöqteyi-nəzərdən təbii ki, Amerikanın “vadi”si dünyada bu qəbildən ən iri və uğurlu layihədir.

 Pioner

Dünyanın ən iri “Silikon vadi”si Kaliforniyada, San-Fransisko yarımadasında yerləşir. Ərazinin sahəsi ilkin olaraq 56 km uzunluğu, 16 km eni olsa da, hazırda bu göstəricilər simvolik xarakter daşıyır.

Dünyanın ən iri 3 min şirkəti bu ərazidə fəaliyyət göstərir və onların bir çoxu xeyli müddətdir ki, həmin o simvolik sahənin hüdudlarını aşıb.

“Silikon vadi”si barədə təfərrüatlı təsəvvür əldə etmək istəyən oxucu üçün mənzərəni sadələşdiririk: Amerikanın Las-Veqas şəhəri barədə eşitməyən yoxdur. Dünyanın ən iri turizm mərkəzlərindən biridir. Ötən əsrin ikinci yarısında səhralıqda yaranıb. Bəs turistləri buraya, xüsusi təbiət gözəlliyi və tarixi əhəmiyyəti olmayan yerə cəlb edən nədir? Əyləncə! Yüzlərlə əyləncə mərkəzləri, otellər və kazinolar.

İndi isə keçək “Silikon vadi”sinə. Las-Veqasla müqayisəmiz təsadüfi deyil. Necə ki, bu şəhər əyləncə məqsədilə yaradılıb, eləcə də “vadi”nin meydana çıxmasının əsas səbəbi elmi yeniliklər və IT biznesdir. Hesab edin ki, dünyada yeni və mütərəqqi nə kəşf edilirsə, ən azı yarısının Amerikanın “Silikon vadi”si ilə bu və ya digər formada əlaqəsi var. Çünki dünyanın gələcəyini müəyyən edən bütün müasir IT şirkətlər demək olar ki, burada cəmləşiblər. Müasir elmin ürəyi “Silikon vadi”də döyünür.

“Vadi”nin yaranma tarixi belədir: Stenford Universitetinin bu ərazidə 32 kv.km-lik torpaq sahəsi olub. Təhsil mərkəzinin maliyyə durumunu yaxşılaşdırmaq məqsədilə 1951-ci ildə universitetin vitse-prezidenti Fred Terman burada texnoloji parkın yaradılması və torpaq sahələrinin icarəyə verilməsi təklifini irəli sürür. Stenfordun yaradıcısı Leland Stenford həyatdan köçməmişdən əvvəl torpaqların satışına qadağa qoyan vəsiyyət etmişdi. Bu səbəbdən çıxış yolu icarədə görülür. Elə həmin vaxtdan etibarən dünyanın ən tanınmış informasiya texnologiyaları şirkətləri “vadi”də “məskən” salmağa başlayırlar. İlk sakinlər “Varian Associates”, “Hewlett-Paskard”, “Eastman Kodak”, “General Electric”, “Lockheed Corporation” olurlar. Bu gün tanıdığımız bütün məşhurlar oradadır  - “Intel”, AMD, “Oracle”, “Apple”, “Cisco”, “Yahoo!”, “eBay”. Cəmi 20 il ərzində “vadi” dünyanın elmi-texniki tərəqqi, mikroelektronika, kompüter inqilabı və böyük maddi gəlirlər mərkəzinə çevrildi. Bu gün “vadi” elektron və aviakosmik məhsul istehsal edən şirkətlərlə elmin simbiozudur.

 Uğur formulu

“RİA-Novosti”nin məlumatına görə, hazırda San-Fransisko “vadi”si milli ixracın lideridir. Kaliforniyanın eksportunun 40%-i bu ərazinin payına düşür. “

"Silikon vadi” Amerikada Vaşinqton və Nyu-Yorkla birlikdə üç texnoloji mərkəzdən biridir. Vadidə 400 min IT mütəxəssisi çalışır. Hər min nəfər işçiyə 300 IT mütəxəssisi düşür. Amerikanın elektronika, informatika və hesablayıcı texnika sahəsindəki mühəndislərinin 40%-i Kaliforniyaya aiddir. “Vadi”də yaşayan ailələrin uşaqlarının orta intellekt göstəriciləri ABŞ üzrə göstəricilərdən bir neçə dəfə çoxdur.

Amerikanın “Silikon vadi”sinin uğurlarını şərtləndirən bir neçə amil mövcuddur:

Şəffaflıq, üfiqi münasibətlərə üstünlüyün verilməsi, şaquli idarəetmə orqanlarının yoxluğu;

- İnnovasiya, kreativlik və yaradıcılıq ruhu;

-  Elmi resurslar, texnologiya və kəşflərə azad çıxış;

- Yüksək səviyyəli və amansız rəqabətə baxmayaraq, inkişaf etmiş kommunikasiyalar və əməkdaşlıq;

- Yüksək aktivlik və motivasiya, uğura köklənmə;

- Maliyyə;

- Qlobal bazarlara çıxış;

- Uğurlu yerləşmə. Kaliforniya biznes nöqteyi-nəzərdən ABŞ-ın ən zəngin bölgəsidir;

- Mütərəqqi qanunvericilik, dövlətin minimum müdaxiləsi, yüksək sürətli razılaşma. Qərarları qəbul edən və işlədən əsas qüvvə kapitaldır;

- Dünyanın ən iri investorları, uğurlu biznesmenləri, tanınmış alimləri və iddialı mütəxəssislərinin bir araya gətirilməsi.

IT sahəsində tanıdığımız əksər populyar şirkətlərin sahiblərinin Amerikanın “Silikon vadi”sinin keçmiş və müasir tarixlərində özlərinə məxsus dəst-xətləri olub. Ancaq tarixə nəzər yetirdikdə texnoloji bölgənin ərsəyə gəlməsində 3 nəfərin adı xüsusilə çəkilir.

 1. Frederik Emmos Terman. IQ-testin yaradıcısı Lyuis Termanın oğlu, Stenford Universitetinin professoru. Termanı “vadi”nin atası, ideoloqu və ilk “biznes-mələy”i hesab edirlər. 1951-ci ildən etibarən Stenford texnoloji parkının yaradılması və formalaşması prosesinin lokomotivi rolunda çıxış edib. Dünyanın ən iri biznes-inkubatorunun yaradılması istiqamətində danılmaz səylər nümayiş etdirib, bütün aparıcı şirkətlər əraziyə məhz onun adı ilə yerləşiblər. Tələbələri həvəsləndirmək məqsədilə öz hesabına onlarla şirkətin yaradılmasında iştirak edib.

 2. Uilyam Şokli. 1956-cı ildə fizika üzrə Nobel mükafatçısı. Vadinin ilk laboratoriyasına rəhbərlik edib. Ümumilikdə 100-dək şirkətin ərsəyə gəlməsinin səbəbkarıdır. Bu şirkətlərdən ən məşhurları “Fairchild Semiconductor” və “Intel”dir.

 3. Uilyam Miller. Stenford Universitetinin menecment və kompüter elmləri üzrə professoru. Onlarla uğurlu startap və şirkətin yaradılmasında iştirak edib. Vadidə şəbəkə sahibkarlığı birliyi - “Joint Venture Silicon Valley Netvork”un yaradıcılarından biridir. Maraqlıdır ki, ilk şəxsi şirkətinin əsasını 60 yaşında qoyub.

 Müxtəlif hesablamalara görə, vadidə yaşayan 30 mindən 60 min nəfərədək mütəxəssis və onların ailə üzvləri keçmiş SSRİ-dən çıxmalardır. Onların hansı qlobal şirkətlərin yaradıcıları olduqlarına baxıb düşünməyə dəyər: “Google”, “WhatsApp”, “IPG Photonics”, “Zynga”, “Twitter”, “Spotify”, “Groupon”, “PayPal”, “Parallels and Acronis”, “Genesys Telecommunications Laboratories and Exigen Services”, “ParaGraph”, “Evernote”, ABBYY, “Fine Reader”, “Lingvo”, “Viewdle”.

 Rəqiblər, analoqlar və təqlidçilər

San-Fransisko texnoloji “vadi”si dünyada bir-birinin ardınca ona bənzər elmi-maliyyə mərkəzlərinin yaranmasına səbəb oldu. İndi dünyanın bir çox yerində eyni ssenari ilə qurulmuş texnoloji parklar fəaliyyət göstərir. Miqyas, kapital qoyuluşu və dünya bazarlarına çıxış baxımından onlar Amerikanın “Silikon vadi”si ilə rəqabət apara bilməsələr də, hər halda simvolik olaraq “rəqib” sayılırlar.

SKANDİNAVİYA. Avropanın şimalında İsveçlə Danimarkanın yaratdığı Skandinaviya “vadi”sini xüsusi qeyd etmək lazımdır. “Medikon vadisi” Avropanın ən iri texnoloji parkıdır. Danimarkanın paytaxtı Kopenhagen və İsveçin Malmö şəhərlərini əhatə edir. Fərqləndirən cəhəti odur ki, tibb, biotexnologiya, qida sənayesi sahələrində ixtisaslaşıb. “Medikon”u 40 min nəfərədək mütəxəssis və 4 min müxtəlif sahənin alimləri təmsil edir.

“Vadi”də elmi laboratoriyalar, kommersiya strukturları, biotibbi texnologiyalarla məşğul olan sənaye müəssisələri fəaliyyət göstərir. 7 elmi parkdan ibarətdir ki, buraya təqribən 300-dək müxtəlif şirkət, 14 universitet, 26 klinika daxildir. Ümumilikdə 3,2 milyon əhalisi var. 150 min nəfəri tələbələrdir. 

ÇİN. “Çjunquantsun” elmi şəhərciyinin 1980-ci ildə əsası qoyulub. Çinin Elmlər Akademiyası, Pekin Universiteti, Politexnik İnstitutunun yerləşdiyi küçədə yaranıb. 6 il ərzində indi məşhur olan 100-dək şirkət burada formalaşıb. Hazırda Çinin “elektron küçəsi” hesab edilir.

 1999-cu ildə “Dövlət quruculuğu üçün elm və texnikanı inkişaf etdirək” şüarı ilə xüsusi dövlət əhəmiyyətli rayonun əsası qoyulub. Hazırda özündə elmi-texniki qüvvələri, “beyin mərkəzləri”ni və informasiya resurslarını birləşdirən 5 elmi parkdan ibarətdir.

 Bu gün Çinin “Silikon vadi”sində ofisləri olan 8 min müəssisədən tən yarısı elektronika sahəsinin təmsilçiləridir. 23 transmilli korporasiyanın burada filialı fəaliyyət göstərir. Dünyanın proqram təminatı sahəsində 10 ən iri şirkətindən 4-nün “Çin vadisi”ndə ofisi mövcuddur.

 HİNDİSTAN. Dünyanın 200-dən çox iri korporasiyalarının Banqalorda filialları açılıb. “Hind vadisi” IT və yüksək texnologiyalar təmayülü ilə seçilir. “Sun Microsystems”, “Intel”, “Cisco”, “Google” və “Microsoft”un burada elmi mərkəzləri fəaliyyət göstərir.

Yuxarıda qeyd olunanlarla yanaşı, daha bir neçə ölkədə fəaliyyət göstərən “vadi”lər dünya iqtisadiyyatı və elminə öz töhfələrini verirlər. Təl-Əvivdə yaradılmış park əsas etibarilə hay-tek və kommunikasiya sahəsində ixtisaslaşıb. Türkiyədəki “İnformasiya vadisi”nə elmi-tədqiqat institutları, universitetlər, müasir məhsullar istehsal edən zavodlar, idman və tibb məntəqələri daxildir. İstanbul yanında yaradılmış şəhərcikdə 150 min nəfər yaşayır. Bu “vadi” Rusiyanın “Silikon vadi”si - Skolkovo ilə eyni vaxtda yaradılıb.

 Belarusda Yüksək Texnologiyalar Parkı, Qazaxıstanda “Alatau IT City”, Fransada “Sofiya Antipolis”, Yaponiyada “Texnopolis Sukuba”, Azərbaycanda Sumqayıt Texnoloji Parkı fəaliyyət göstərir. Şübhəsiz ki, bu qəbildən olan elmi-texnoloji mərkəzlər dünyanın gələcək simasını müəyyən edirlər. Formul olduqca uğurludur: elmlə biznesin simbiozu. Sirr deyil ki, elm maddi dəstəyin olduğu mühitdə inkişaf edir. Gələcək elmdir. Kapital gələcəyə yatırılmalıdır. ("AZərbaycan müəllimi" qəzeti)