Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 12:37:06
“Könüllü tələbələr yüksək pillələrə irəliləyə bilərlər” - Təşkilat sədri

Könüllülük anlayışı XVII əsrdə Avropada formalaşıb və fransızca "volontaire" sözündən götürülüb. XX əsrdən etibarən, bu söz sosial fenomen kimi formalaşmağa başlayıb.

Bu fəaliyyət forması bu gün milyonlarla insanın şəxsi və karyera inkişafına imkan yaradır, cəmiyyətin rifahına xidmət edir. Həmçinin, Birləşmiş Millətlər Təşkilatı, UNESCO, Avropa Şurası və digər beynəlxalq qurumlar tərəfindən könüllülüklə bağlı xüsusi layihə və proqramlar həyata keçirilir və maliyyələşdirilir.

Könüllülüyün müxtəlif formaları və əlamətləri Azərbaycanın qədim milli və mədəni dəyərlərində əksini tapıb, gənclər, gənclər təşkilatları arasında geniş yayılıb.

Bu fəaliyyət formasına ən çox qoşulan şəxslər isə tələbələrdir. Bəs Azərbaycanda könüllülük institut səviyyəsində formalaşıbmı? Bu fəaliyyət tələbələrə gələcəkdə hansı imkanlar yaradır?

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov AzEDU.az-a açıqlamasında Azərbaycanda könüllülük institutunun ölkədə gənclər siyasəti yaranan gündən formalaşdığını bildirib:

“Könüllülük hərəkatı ilk dəfə kütləvi formada 2012-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Avroviziya” mahnı müsabiqəsi zamanı baş tutub. Dərhal sonra Azərbaycanda aktiv könüllülük hərəkatının vüsət alması, ölkənin müxtəlif beynəlxalq və yerli tədbirlərə ev sahibliyi etməsi, bilavəsitə Azərbaycanda bu  hərəkatın daha da təkmilləşməsinə gətirib çıxartdı.

Mənim rəhbərlik etdiyim təşkilatın sıralarında minlərlə gənclər var ki, onlar müxtəlif beynəlxalq və yerli tədbirlərdə könüllülük təcrübəsi keçirlər. Bu, çox incə və nəcib işdir, heç bir təmənna gözləmədən, könüllü olaraq  prosesə qoşulmaqdır. Azərbaycanda  könüllülük prinsipinin bir istiqaməti var. Gənclər istər regionlarda, istər Bakıda müxtəlif hərəkatlara qoşularaq könüllülük nümayiş etdirirlər. Bu çox yaxşı haldır. Azərbaycana gələn insanların beynində ölkə haqqında könüllülərin hazırlıq dərəcəsinə, potensialına uyğun fikirlər formalaşır.

Düşünürəm ki, bütün gənclər hər hansı bir məsələyə qoşulmamışdan öncə könüllü olaraq onu öyrənib, tam fərqinə varıb daha yüksək pillələrə irəliləyə bilərlər. Mən özüm də uzun  müddət gənclər siyasətində könüllü olmuşam. Çox rahatlıqla deyə bilərəm ki,  könüllülər hərəkatında yer alan, bir neçə il bundan öncə könüllü kimi proseslərə qoşulan şəxslər bu gün müxtəlif biznes strukturlarında, dövlət qurumlarında, təşkilatlarda müxtəlif vəzifələr tuta bilirlər və sözün yaxşı mənasında yararlana bilirlər”

Xatırladaq  ki, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda da qeyd edildiyi kimi öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs könüllü hesab olunur.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları