Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 17:37:00
AzMİU-da Soyqırımı sərgisi açılıb 

Azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105 illiyi ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb. 

 

Universitetdən AzEdu.az-a bu barədə məlumat verilib.

 

Bildirilib ki, AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Sarete Aydenizin rəsm işlərindən ibarət sərgidə universitetin rektoru professor Gülçöhrə Məmmədova, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı, universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

 

Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin təşkilatçılığı ilə gerçəkləşən sərginin açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Yazıçı çıxış edərək, ermənilər tərəfindən 1918-ci ilin martında və aprelində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasına və amansızlığına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən dəhşətli cinayət olduğunu bildirib.

 

Hazırlıq fakültəsinin tələbəsi Sarete Aydeniz  açılış nitqində “Ürəyimin qanayan yarası, qan ağladan qardaş acısı” adlı sərgidə iştirak edənlərə öz təşəkkürünü bildirib. Rəsm əsərlərində faciənin dəhşətli və acı nəticələrinin təsvir olunduğunu, Xocalı hadisələrinin, eləcə də Azərbaycan Ordusunun qələbəsinin də rəsmləri arasında yer aldığını söyləyib.   

Daha sonra qonaqlar sərgiyə baxış keçiriblər. Türkiyəli tələbənin gözü ilə təsvir olunan rəsmlər içərisində ümummilli lider Heydər Əliyevin, şəhid Xudayar Yusifzadənin xatirəsinə ithaf olunmuş əsərlər, “Ana fəryadı”, “Dəmir yumruq”, qanlı qərənfillərin fonunda insan fəryadı təsvirləri də yer alıb.