Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 14:18:00
Sertifikasiyaya hazırlaşanların nəzərinə - İmtahanda bu əsərlər düşəcək - SİYAHI

2023-cü il təhsilverənlərin sertifikatlaşdırılması prosesinə Azərbaycan dili və ədəbiyyat fənnindən ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər cəlb olunacaq. Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də sertifikasiya imtahanlarında ədəbiyyat fənni üzrə düşəcək əsərlərlə bağlıdır.

Müəllimlər bütün X və XI siniflərin materialındakı əsərləri oxumalıdır, yoxsa konkret seçilmiş əsərlər olacaq?


Azərbaycan Respublikasının Təhsil Institutu məsələyə aydınlıq gətirib.


Təhsil İntitutundan AzEdu.az-ın sorğusuna verilən cavabda bildirilib ki, sertifikasiya imtahanlarında iştirak edəcək Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün tam versiyasının oxunması tövsiyə edilən 5 əsər var:


- “Keçəl Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” dastanından)
- C.Məmmədquluzadə. “Anamın kitabı” tragikomediyası
- C.Cabbarlı. “Oqtay Eloğlu” faciəsi
- S.Vurğun. “Vaqif” dramı
- İ.Əfəndiyev. “Xurşidbanu Natəvan” dramı

 

Təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndəriləcək.

Sertifikatlaşdırma iki mərhələdən yəni, test və müsahibə mərhələsindən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.

Hər sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.

Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:

- mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.


Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.

Müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər bu mərhələdən keçmiş hesab edilirlər. 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir.

Test imtahanında keçid balını toplayan, ancaq müsahibə mərhələsində uğur qazanmayan şəxslər isə yenidən müsahibə mərhələsində iştirak etməlidir.

 

Qaydalara görə, sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir.

azirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 
 

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur.


Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

Birinci mərhələdə 50 və daha çox bal toplayanlar müsahibədən də keçdikləri halda onların maaşına 35 faiz artım tətbiq olunur. Sertifikasiyadan 30-50 aralığında bal toplayanların maaşı isə 10 faiz artır.

Xatırladaq ki, bu il ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiyası həyata keçirləcək.