Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 17:53:00
AMEA-nın magistrlərinə diplom verildi

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının məzunu olan magistrlərə diplomları təqdim olunub.

 

Bu barədə AzEdu.az-a AMEA dan məlumat verilib.

 

Akademiya şəhərciyindəki Elektron akt zalında keçirilən təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli məzunları təbrik edib, magistrlərin Akademiyanın gəncləşməsi prosesinə və elmi məktəblərin davam etdirilməsi ənənəsinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

 

2023-cü ilin ölkəmizdə dövlət başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladan akademik, Ulu öndərin ideallarının Azərbaycanın gələcəyinə işıq saçdığını, Prezident İlham Əliyevin həmin idealları müasir dövrün reallıqları ilə zənginləşdirdiyini söyləyib.

 

“Prezident İlham Əliyev Vətən müharibəsilə xalqımıza Qarabağda tarixi Zəfər bəxş etdi. Bu gün isə Qərbi Azərbaycana qayıdış prosesi başlayıb, Azərbaycan dünya birliyində söz sahibi olan bir ölkəyə çevrilib. Siz belə bir ölkənin yeni qüvvələri, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycanın yeni inkişafına öz töhfələrini verən gənclərsiniz. “Heydər Əliyev İli”ndə özünüzün gələcəyinizi müəyyən etmək üçün Azərbaycanın ümummilli, ümumdövlət vəzifələrini həyata keçirməkdə daim öndə olmalısınız”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

 

Sonra Şamaxı Astrofizika Rəsədxanasının məzunu Aytac İsgəndərova, Genetik Ehtiyatlar İnstitutunun məzunu Rəhim Rəhimov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun məzunu Şaxanım Bayraməli, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun məzunu Nəzakət Əliyeva çıxış edərək magistratura təhsili zamanı göstərilən diqqətə və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov isə çıxışında Akademiyada magistratura təhsili ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdırıb.

Sonda AMEA-da magistratura təhsilini başa vurmuş məzunlara magistr diplomları təqdim olunub