Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 16:23:00
Universitetlərdə hərbi dərslər niyə keçirilmir – EKSPERT

Bir neçə il öncə ali təhsil müəssisələrində hərbi kafedralar mövcud idi. Tələbələr bu dərslərdə hərbin müəyyən taktiki və strateji tərəflərinin nəzəriyyəsini, eləcə də müxtəlif növ silahlarla davranış qaydalarını mənimsəyirdilər. Bir müddət sonra bu kafedraların fəaliyyəti dayandırıldı.

 

Bəs hazırda həmin kafedraların bərpasına nə dərəcədə ehtiyac var?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ali təhsil müəssisələrində hərbi kafedraların bərpasının vacibliyindən söz açıb:

 

“Mütləq şəkildə universitetlərimizdə hərbi kafedraların fəaliyyətinə ehtiyac var. Azərbaycanın bir qurumu faktiki olaraq, digər qurumu üçün bəzi işləri görməlidir. Hərbi xidmətə hazırlıqsız gənclər gəlir. Bu səbəbdən, dövlət xeyli vəsait sərf edir ki, onlar müəyyən hazırlıqlar keçsinlər. Universitetlərdə hərbi kafedraların olduğu dönəmdə burada təhsil alanlar orduya çağırılanda hazırlıqlı kadrlar kimi gəlirdi. Onlara əlavə zəhmət çəkib, vaxt itirib əlavə zabit hazırlığına cəlb etmirdilər. O vaxt həmin kafedraların ləğv olunması hansısa düşünülməmiş addımlardan biri idi. Bu günə qədər də Azərbaycan dövləti bu addımın ağrısını yaşayır".

 

Ekspert hərbi kafedralar barəsində təkliflərini qeyd etdi:

 

“Həmin kafedraların müasir standartlara uyğun, tamamilə yenilənmiş tədris və bazada yenidən hazırlanması, vaxt itirmədən dərs və təlimlərə başlanılması son dərəcə vacibdir. Əvvəlki dönəmlərdə hərbi dərslər yalnız oğlan tələbələr üçün keçirilirdi. Amma dünyada baş verən analoji problem və yanaşmalar göstərir ki, bu dərslərə təkcə oğlanlar deyil, qızlar da cəlb olunmalıdır. Hərbi və tibb  sahələri ilə bağlı minimum bilgilər ali təhsil müəssisələrində tədris olunmalıdır. Bu təkcə məsələnin hərbi tərəfi deyil, bütövlükdə Azərbaycan gənci bu dərslər vasitəsilə sabahın ailə başçısı kimi hazırlanır. Ona görə də ali təhsil ocaqlarımızda hərbi kafedraların yenidən bərpasına və təkmilləşdirilməsinə böyük ehtiyac var”.