Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-26 14:40:00
Ali məktəblərdə işləmək istəyənlər üçün təlimlərə başlanılır 

Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. 

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib.

 

Proqram pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikası kimi mövzuları əhatə edir. 

 

Təlim iştirakçıları pedaqoqu xarakterizə edən xüsusiyyətlər və onun rollarını öyrənəcək, rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, qiymətləndirmə və təlim metodlarını, sillabusların tərtib edilməsini mənimsəyəcək, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcəklər.

 

Təlimlər ali təhsilli şəxslər üçün nəzərdə tutulub. Ödənişli əsaslarla keçirilən təlimləri bitirənlərə Təhsil İnstitutu tərəfindən sertifikat veriləcək.  

 

Təlimdə iştirak etmək istəyənlər 2023-cü il yanvarın 15-dək qeydiyyatdan keçə bilərlər.