Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-16 14:21:00
Sertifikasiya müzakirəsindən daha çox şey gözləyirdim”-İRAD VƏ TƏKLİFLƏR

 

 

“Gəldiyim nəticə isə o oldu ki, “bu xəmir hələ çox su aparacaq”

 

Hər şeydən əvvəl onu qeyd edim ki, sahə mütəxəssisləri, ekspertlər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmə və bu kimi digər tədbirlərin reallaşdırılması təhsidə aşkarlıq və şəffaflıq prinsiplərinin təmin edilməsi baxımından nəinki lazım və təqdir olunasıdır, həm də ümumi ictimai rəyin öyrənilməsi, düzgün və obyektiv qərarların qəbul edilməsi baxımından da son dərəcə faydalıdır.

 

Açığını deyim ki, mən bu dinləmədən hələ ki, ilk mərhələsi başa çatan və bu sahədə müəyyən problemləri üzə çıxaran, hələ bundan sonra da 4 il davam edəcək sertifikasiya ilə bağlı iştirakçılar tərəfindən obyektiv və qeyri-obyektiv məqamlara toxunulacağını və gələcəkdə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədinə xidmət edən bu vacib prosedurun daha da təkmilləşdirilməsi istiqamətində hansısa konkret təkliflərin veriləcəyini və bununla bağlı ilkin qərara gəlinməsini gözləyirdim.

 

Lakin təəssüf ki, gözləntilərim özünü lazımınca doğrultmadı. Çıxışlarda daha çox fəallıq nümayiş etdirən deputatların və komitə sədrlərinin əksəriyyəti dinləmənin əsas predmeti olan sertifikasiyanın məqsəd və mahiyyətindən yayıyanaraq, hamıya məlum olan problemlərə - “Müstəqilliyin ilk illərində çobanlar məktəblərə direktor təyin olunurdu” ; “Bu gün məktəblədə kişi müəllimləri tapa bilmirik” ; “Bu gün uşağını məktəbə göndərməyən valideynlər cəzalandırılmır”; “Orta məktəblərdə kişi müəllimlərin sayının artırılması vacib məsələdir” ; “Müəllim gününün də qarşısı alınmalıdır” və s. bu kimi uzun illərdən bəri dartışılan məsələlərə fokuslandılar.

 

Maraqlıdır ki, təhsilin probləmləri ilə bağlı məsələləri daha çox qaldırıb-qabardan və üzdə olan təhsil eksprtlərindən və təhsillə əlaqəli olan dinləməyə dəvət olunan digər mütəxəssislərdən heç birinin hər hansı bir fikrinə və müzakirəyə çıxarılan məsələyə münasibətini görmədim. Bəlkə də nəsə deyiblər, sadəcə dövri mətbuata çıxarılması məsləhət bilinməyib...Bəlkə də elə dinləmənin məğzini deputatlardan birinin qoyduğu sual təşkil edirdi - Sertifikasiyadan keçməyənlər necə müəllim olub? “Bu gün fənnini bilməyən müəllimlər olduğunu dedik. Sertifikasiyadan keçməyən müəllimlər var. Problemə görə dövlət də məsuliyyət daşıyır. Bunlar necə məzun olublar, işə necə qəbul ediliblər?" suallarına cavab verilməlidir”.

Bununla belə gözlənildiyi kimi də dinləməyə əsas ton verən Nazir oldu, “sadə ağaclar sözünü mürəkkəb söz hesab edən müəllimlər də var”- olduğunu, “onlar ixtisasartırmaya cəlb olunsa da, nəticəsi dəyişməyəcəyini, ən asan suallara yenə də cavab verə bilməyəcək”lərini, “əgər imtahanı könüllü etsəydik, onsuz da biliyinə güvənənlər rahat şəkildə gəlib imtahan verib uğur qazanacaq,  lakin diplomu saxta, biliyi olmayanların imtahana gəlməyə marağı olmayacaq”larını  bildirdi. Nazirin açıq etirafından məlum oldu ki,  “Bu gün bizim "10 bal, 20 bal toplayan müəllimlə nə etməliyik?" sualı açıqdır” və “Bu gün ölkədə məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur”.

 

Sözün kəsəsi, dinləmədən belə nəticə hasil oldu ki, “məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın.” Mənim düşüncəmə görə isə ya “elə” olmalıdır, ya da “belə” – “elə-belə” olmur. Olsa belə, “bu xəmir hələ çox su aparacaq”.

 

Əgər, rəsmi açıqlamalara görə 273 müəllimin dərs yükü həftədə 6 saatdan azdırsa və nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ – dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -130 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllim var.

 

Deməli, sertifikasiya prosesində onların da narahatçılığı və nigarançılığına nəhayət aydınlıq gətirilməlidir. Bir halda ki, sosialyönümlü siyasət yeridirik və sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır, deməli onları  da inkişaf etdirməyin bir yolunu tapmaqla, dərs yüklərini heç olmasa 10-12 saata çatdırmaq imkanları araşdırılmalı, yox əgər  onların peşəkarlıq səviyyəsi və peşə yararlılığı ümumiyyətlə müəllim işləməyə imkan vermirsə, başqa adekvat  tədbirlər yolu ilə bu məsələyə nəhayət  birdəfəlik son qoyulmalıdır .