Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-16 16:10:00
Rezidenturanın boş qalan plan yerlərinə ixtisas seçimi davam edir 

Sentyabrın 15-dən rezidenturanın boş qalan plan yerlərinə və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə ixtisas seçimi elan edilir.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ixtisas seçimi sentyabrın 19-dək davam edəcək.

 

Xatırladaq ki, 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 437 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.

 

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 13 nəfəri müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu, onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

 

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2022, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.