Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-13 09:26:00
İctimai nəqliyyat yeni tədris ilinə nə dərəcədə hazırdır?- “Avtobus sayının artırılması tapşırılıb”

 

Artıq bu həftədən yeni tədris ilinə start verilir. Universitetlərin əksəriyyəti paytaxt ərazisində yerləşdiyi üçün Bakıya tələbə axını da müşahidə olunur.

 

Bununla yanaşı həm şagirdlərin, həm də tələbələrin əksəriyyəti ictimai nəqliyyat vasitələrindən istifadə etdiyi üçün hər il dərs ili müddətində metro və avtobuslarda xüsusi sıxlıq müşahidə olunur.

 

Bəs paytaxt ərazisindəki ictimai nəqiliyyat vasitələri yeni tədris ilinə nə dərəcədə hazırdır?

 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzEdu.az-a açıqlamasında şirkətlərə lazımı tapşırıqların bildirib:

 

“Yeni tədris ilinin başlaması ilə ictimai nəqliyyata tələbat daha da artacaq. Bu səbəblə Bakı Nəqliyyat Agentliyindən bütün daşıyıcı şirkətlərə avtobus sayının artırılması, intervalın və hərəkətin tənzimlənməsinə nəzarət edilməsilə bağlı göstəriş verilib. Əsas məqsəd insanların nəqliyyatdan rahat istifadəsinə şərait yaratmaqdır.Eyni zamanda bu tapşırıqların icrası üçün tərəfimizdən xüsusi  quruplar yaradılıb. Beləliklə onlar gün ərzində müxtəlif ərazilərdə monitorinq aparacaqlar”.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında yeni tədris ilinə hazırlıq işlərinin görüldüyünü və bu barədə həftə ərzində ictimaiyyətə daha dəqiq məlumatın veriləcəyini söyləyib.