Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 16:31:00
“Təhsil aldığım universitetdə müəllim kimi çalışmaq ən böyük arzumdur”-LDU BİRİNCİSİ

 

“Müəllimlərimdən öyrəndiyim bilikləri gələcək tələbələrə aşılamaq istəyərəm”

 

Bu il Azərbaycan universitetlərini fərqlənmə ilə bitirən gənclərimizdən biri də Dilarə Məmmədlidir.

 

Dilarə, 2015-ci ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat-İnformatika müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsinə, 2020-ci ildə isə həmin universitetin İnformatika müəllimliyi ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub.

 

İstedadlı gəncimiz AzEdu.az-a açıqlamasında təhsili müddətində dərslərlə yanaşı, bir sıra layihələrdə də iştirak etdiyini bildirib:

 

“Bakalvr səviyyəsində təhsilim müddətində qrup nümayəndəsi idim. Bu müddətdə iki fərqli layihədə iştirak etmişəm. Bunlardan biri 2018-ci ildə Azərbaycan Respublikasının Nəqiliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən “İdeyadan biznesə” layihəsi idi. Sonuncu tədris ilimizdə isə “Virtual Hackathon – 2020” layihəsinə qatılmışdım. Bu layihə Türkiyənin OSTİM Texniki Universiteti ilə Azərbaycan universitetləri arasında keçirilmişdi və layihəmiz III yerə layiq görüldü”.

 

 

O, magistraturaya sonuncu kursda hazırlaşdığını və hədəflədiyi ixtisasa qəbul olunduğunu qeyd edib:

 

“Bakalvriat səviyyəsinin sonuncu kursunda təhsilimi magistratura üzrə də davam etdirməyə qərar verdim. Elə həmin il də hazırlaşdım. Nəticədə LDU-nun İnformatika müəllimliyi ixtisasına 66 balla qəbul oldum və dövlət sifarişli əsaslarla təhsil aldım. Bu müddətdə də qrup nümayəndəsi idim. Universitet yüksək səviyyədə təhsil almağımız üçün bütün lazımı şəraiti yaratmışdı.Maddi-texniki baza, tədris mühiti, ümumilikdə bütün imkanlar tədris üçün əlverişli idi”.

 

Dilarə, gələcəkdə təhsilini davam etdirəcəyini bildirərək, ən böyük arzusunu açıqlayıb:

 

“Gələcəkdə təhsilimi doktorantura səviyyəsi üzrə ölkəmizdə davam etdirməyi düşünürəm. Ən böyük arzum 7 ildir təhsil aldığım və fərqlənmə ilə bitirdiyim universitetdə müəllim kimi çalışmaqdır. Müəllimlərimdən öyrəndiyim bilikləri gələcək tələbələrə aşılamaq istəyərəm”.