Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-27 12:48:00
“Nəvələrimin kitablarına baxıram, dərslikləri göydəndüşmə adamlar yazmamalıdır”-  Ciddi narazılıq 

 

 

Son zamanlar dərsliklərlə bağlı müzakirələr təhsil gündəminin əsas  mövzularından biridir.

 

Onların çox mürəkkəb, akademik üslubda yazılması və çətin dili bir çox şagirdlər qavramında ciddi  problem yaşadır.

 

Bu da şagird və valideynlər arasında əsaslı narazılığa səbəb olub.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, akademik Möhsün Nağısoylu AzEdu.az-a açıqlamasında məsələnin ciddi problem olduğunu qeyd edib:

 

“Dərsliklər bu sahə üzrə tanınan  şəxslər tərəfindən yazılmalıdır. Həmin insanların rəyi, valideynlərin müzakirəsi əsas götürülməlidir.  Əvvəllər yaxşı pedaqoqlar var idi. İndi də elmli, təcrübəli və bacarıqlı şəxslər  kitab və dərsliklərin hazırlanmasında iştirak etməlidirlər. Göydəndüşmə şəxslər dərslik yazmamalıdırlar. Mən nəvələrimin kitablarını müşahidə edirəm, həqqiqətən də, dərsliklərdə problemlər çoxdur. Bu yaxınlarda bir çox mediada dərsliklərin ciddi müzakirəsini izlədim.

 

Dilçilik İnstitutunda bir çox dərsliklərlə  bağlı məsələlərdə rəy yazıb göndərmişik. Təhsil İnstitutu, pedaqoqlar və orta məktəb müəllimləri ilə məsləhətləşmələr aparılmalıdır”.

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov  hazırda bu kimi problemlərin qarşısının alınması üçün ciddi adımların atıldığını deyib:

 

“Ənənəvi yanaşmaya əsasən, dərslikləri alimlər yazır. Bu, da müəyyən təzadların yaranmasına səbəb olur. Bir çox insanlar düşünür ki, orta məktəb müəllimi dərslik  yaza bilməz, çünki onun elmi statusu və karyerası kifayət qədər deyil. Misal olaraq, fizika kitabını fizika elmləri doktoru yazır və o,  universitetdə çalışır. Həmçinin, bu şəxs məktəb mühitini tam bilmir, çünki fəaliyyət sahəsi buraya uyğun deyil. Ona görə də dərsliklərin dili də akademik şəkildə olur. Bu, da öz növbəsində məzmuna geniş ağırlıq gətirməyə səbəb olur. Lakin yaxşı hallardan biri də odur ki, son dövrlərdə  Sinqapur modelində  riyaziyyat və təbiət fənni üzrə  olan kitablar orta məktəb müəllimləri tərəfindən yazılır. Bunun üçün orta məktəb müəllimlərindən ibarət  mütəşəkkil komanda yaradılıb. Buraya fəlsəfə doktoru olanlar da salınıb, lakin onlar uzun müddət orta təhsil müəssisəsində çalışaraq baş verən hadisələrdən xəbərdar olublar. Hazırda bu layihə pilot olaraq davam edir. Sinqapur modelində olan dərsliklər daha fərqli xarakter daşıyacaq. Digər kitabların ağır olmasının səbəbi isə orta məktəbdə çalışmayan şəxslərin bu nəşrlərin hazırlanmasında iştirakıdır. Ona görə də hazırda dərsliklərin repetitorsuz anlaşılması çətin xarakter daşıyır. Hətta bir kitab müəllifi etiraf edib ki, onlar dərsliyi şagirdlərin başa düşməyəcəyi dildə yazıblar ki, bu şəxslər repetitora ehtiyac duysunlar. Ümid edirəm ki, bu kimi halların qarşısı alınacaq, pilot olaraq başlayan Sinqapur  layihəsi tezliklə reallaşaraq şagirdlərin dərslikləri daha rahat anlamasını təmin edəcək”.

 

 

 

 

 

 

   

Şükufə Süleymanlı
Müəllifin digər yazıları