http://www.position.az/ https://www.zirve.edu.az/
2022-05-20 14:08:00
İkili diplom proqramına tələbə qəbulu aparılır  

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının sənəd qəbuluna start verilir.

 

AzEdu.az xəbər verir ki, 2022/2023-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr səviyyəsinə onlayn qeydiyyat 6 iyun – 10 avqust tarixlərini əhatə edir.

 

2022/2023-cü tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 32 nəfər olmaqla 128 nəfərin qəbul edilməsi planlaşdırılır.

 

Proqram 3+1 modelinə əsaslanaraq, 3 il müddətində BMU-da, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutur.

 

Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavriat səviyyəsi üzrə diplomlar təqdim olunacaq. Proqramın məzunlarının qazanacağı bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahələrini əhatə edəcək.

 

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

 

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır.

 

Belə ki, BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan, 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri, həmçinin BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər.

 

Əlavə olaraq, proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı formada təşkil olunacaq Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq (6 iyun tarixindən aktiv olacaq) tələb olunan sənədləri həmin onlayn anket formasında təqdim etməlidirlər.

 

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan 14 avqust tarixində keçiriləcək. İmtahanın nəticələri isə 19 avqust tarixində elan olunacaq.

 

İkili diplom proqramına sənədlərin son qəbul tarixi 10.08.2022-ci il saat 23:55-dir. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

 

Proqram bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.