Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-07 17:22:00
İmkansız tələbələrin təhsil haqqını qarşılayan aparıcı: “Çalışmışam ki, onları tanımayım”

 

Tanınmış radio aparıcısı Raqif Raufoğlunun ötən il Azərbaycan Dillər Universitetinin maddi vəziyyəti aşağı olan bir neçə tələbəsinin təhsil haqlarını qarşılaması ilə bağlı yayılan məlumatlar təhsil ictimaiyyətində rəğbətlə qarşılandı.

 

AzEdu.az mövzu ilə bağlı tanınmış aparıcı ilə əlaqə saxlayaraq informasiyanı dəqiqləşdirib.

 

Raqif Raufoğlu AzEdu.az-a açıqlamasında məlumatın doğruluğunu təsdiqləyərək, həmin tələbələrlə şəxsən görüşmədiyini bildirib:

 

“Neçə tələbə olduğunu dəqiq bilmirəm. Çalışmışam ki, onları şəxsən tanımayım. İnandığım müxtəlif adamlar deyiblər, mən də bacardığımı etmişəm. Əsasən də universitetin həmkarlar təşkilatının rəhbəri bununla bağlı bir neçə dəfə müraciət edib. Adətən I və ya II kurs tələbələri olurdu. Daha çox hansısa səbəbdən davam edə bilməyən, amma çox yaxşı nəticələri olan tələbələr idilər. Biz də çalışmışıq ki, təhsillərini yarımçıq saxlayıb həyatdan küsməsinlər. Bu hamımızın başına gələ bilər”.

 

O zaman universitetin THİK sədri vəzifəsində çalışan Şahin Sərdarlı AzEdu.az-a danışaraq bu tələbələr haqqında məlumat verib:

 

“Mən ADU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edən zamanlarda Raqif bəy bizim vasitəçiliyimizlə bəzi tələbələrin təhsil haqqlarını qarşılayıb. Bu tələbələrdən birinin 2019, digərinin 2020-ci ildə təhsil haqqı ödənilib. Onlardan biri jurnalistika, digər isə  İngilis dili müəlliməliyi üzrə təhsil alırdı. Başqa bir tələbənin isə 2021-ci ilin iyul ayında təhsil haqqını qarşıladı. O da İngilis dili müəlliməliyi üzrə II kurs tələbəsi idi. Raqif bəy bir çox tələbənin təhsilinə dəstək verən şəxslərdəndir, biz də həmişə buna görə ona öz təşəkkürümüzü bildiririk”.