Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 15:27:00
Dünya üzrə nadir imtahan nəticəsi qazanan Nihad: “Olimpiadalardan imtina etdim”

 

 

“Hazırda universitet seçimi etməyin tez olduğunu düşünürəm”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında SAT imtahanında 1480 ballıq nəticə göstərərk dünya üzrə 97 faiz  iştirakçını geridə qoyan Nihad Cəfərov deyib.

 

O, 99% ABŞ, 97% isə dünya imtahan iştirakçılarının nəticəsindən daha yüksək bal toplayıb.

 

Nihadı daha yaxından tanıyaq:

 

O, 2005-ci il iyunun 3-də Quba rayonunda anadan olub. 2018-ci ildən Kimya Biologiya Təmayüllü Respublika Liseyində (KBTRL) təhsil alır.

 

Nihad kiçik yaşlarından olimpiadalarda iştirak edib:

 

“8-ci sinifdə oxuduğum müddətdə bir neçə olimpiadada iştirak etdim, lakin Respublika Fənn Olimpiadasında təəssüf ki, medal qazana bilmədim. Amma Kenquru Beynəlxalq Məntiq Olimpiadasında Nizami rayonu üzrə 1-ci yerə layiq görüldüm. Karantin müddəti boyunca ingilis dilimi inkişaf etdirməyə və beynəlxalq imtahanlara (IELTS, SAT) hazırlaşmağı qarşıya məqsəd qoyduğum üçün olimpiadalarda iştirak etməmək qərarına gəldim”.

 

O, SAT imtahanına hazırlıq porsesindən söz açıb:

 

“Fikrimcə SAT imtahanı ingilis dilindən əlavə olaraq diqqət, məntiq və mətnlərin mövzularına uyğun  dərəcədə bilgilər də tələb edir. SAT imtahanın riyaziyyat hissəsi nə qədər sadə görünsə də, diqqətsizlik etmək an məsələsidir. “SAT reading” (oxumaq) hissəsində isə çox vaxt 4 mövzuda mətnlər olur. Bunlar tarix (siyasət) ədəbiyyat, sosial və elmi mətnlərdir. Bu  növlərin hər birinə hazırlaşmaq üçün gündəlik məqalələr oxuyurdum. İlk başlarda tarix və siyasət mətnlərində çox çətinlik çəksəm də, Amerika haqqında məqalələr oxuduqca onların daha asan gəldiyini hiss edirdim. Etdiyim səhvlərdən biri  imtahana yaxın dövrlərdə elmi məqalələr oxumağı dayandırmağım oldu. Daha çox tarix və sosial araşdırmalar etdim. Bu səbəbdən SAT imtahanına hazırlaşacaq şəxslərə məsləhətim davamlı olaraq bütün mövzularda məqalələr oxumalarıdır”.

 

 

Şagird gələcək hədəflərindən və universitet seçimindən söz açıb:

 

“Təhsilimi xaricdə davam etdirib, xəyallarımı gerçəkləşdirmək və işimdə mütəxəssis olmaq istəyirəm. Qarşımda universitet seçimindən əlavə başvurduğum bir neçə təhsil proqramı şansı olduğu üçün hələ bir qərar verməyin tez olduğunu düşünürəm”.

 

Nihad SAT imtahanına hazırlaşanlara bir sıra tövsiyələr verib:

 

“Hazırlaşanların mütəmadi testlər işləmələrini də məsləhət görərdim. Çünki, SAT -da qarşılaşa biləcəyimiz ən böyük problemlərdən biri vaxtdır. Lakin, mütəmadi məşq etməyin bu problemi aradan qaldıra biləcəyini düşünürəm”.

 

Qeyd edək ki, Nihad jurnalist Rəşad Cəfərovun oğludur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları