Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-27 11:36:00
Videosu yayılan məktəblilər xüsusi nəzarətə GÖTÜRÜLDÜ  

Şagirdlərin sinif otağında müəllimə qarşı xoşagəlməz hərəkətlərini əks etdirən videogörüntülər ictimaiyyət arasında geniş rezonans doğurub. Bir neçə gündür ki, sosial şəbəkələrdə şagirdlərin telefonla çəkdikləri video ətrafında müzakirələr aparılır. Məsələyə dövlət qurumlarının müdaxiləsindən sonra məlum olub ki, biabırçı görüntülər Xətai rayonunda yerləşən 165 saylı orta məktəbdə lentə alınıb, bu səbəbdən kadrlara düşən müəllim cəzalandırılıb.

 

AzEdu.az xəbər verir ki, modern.az-ın əməkdaşı sözügedən məktəbin direktoru ilə əlaqə saxlayaraq, olayın təfərrüatları öyrənməyə çalışıb. Direktor bildirib ki, həmin məktəblilər 3 illik nəzarətə götürülüb:

 

“Hadisə baş verən günü dərhal məsələni nəzarətə götürdük. Həmin şagirdlər müəyyən olundu, onların valideynləri məktəbə dəvət edildi və izahatları alındı. Şagirdlər müəllimdən üzr istəyib, bir daha belə xoşagəlməz hallara yol verməyəcəyini bildirdilər.

 

Eyni zamanda, həmin şagirdlər Xətai Rayon Polis İdarəsi tərəfindən də bölməyə çağırıldı, izahatları alındı. Hadisənin gedişatından asılı olaraq şagirdlər gələcəkdə 3 illik xüsusi nəzarətə götürülüb. Onlar risk qrupuna daxil olan şagirdlər olduğu üçün, psixoloqlarımız hər birinin daimi nəzarətdə olmasını tövsiyyə edib”.

 

Bundan əlavə, direktor videosu yayılan şagirdlər barəsində araşdırma getdiyi üçün onların məktəbə gəlmədiyini vurğulayıb:

 

“Müəllimin töhmət alması məsələsi də müzakirələrə səbəb olub. Bu barədə onu qeyd edim ki, müəllimlərin etik davranış qaydalarına uyğun olaraq, sinifin təşkilində nöqsanlara yol verdiyindən töhmət alıb. Bildirim ki, əvvəllər də həmin şagirdlərdən dəfələrlə Daxili İşlər Nazirliyinə şikayətlər daxil olub”.

 

Bakı Şəhər Təhsil İdarəsindən isə ötən gün verilən məlumata görə, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, videosu yayılan şəxslər 9-cu sinif şagirdləridir.