Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-21 12:24:00
“Sabahın alimləri” XI respublika müsabiqəsində Bakı üzrə 28 layihə iştirak hüququ qazanıb

“Sabahın alimləri” XI respublika müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 28 layihə iştirak etmək hüququ qazanıb.


Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə buraxılan “Triqonometrik tənliklər sistemlərinin həllində vizual və analitik tətbiqlər üzərində araşdırma”, “Göy dənizin mavi tonu”, “Orqanizmin danışan canlı 3D modeli əsasında bədəndə xəstə genin tapılması mexanizmi”, “Səssiz qatil”, “Dəniz canlılarını xilas edək”, “COVID-19 virusunu aşkarlayıcı maye kristal əsaslı termo-sensorlar” və digər layihələr Elmi Ekspertiza Komitəsi tərəfindən uyğun hesab olunub.

 

Qeyd edək ki, IX-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqəyə Bakı şəhəri üzrə ümumilikdə 65 layihə təqdim olunub. Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi 2012-ci ildən keçirilir. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə aparılır.