http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-01 16:30:00
“Oxuduğum yerdə ilkin investisiya və ideyalarınız varsa milyonlar qazana bilərsiniz" -Amerikadakı tələbəmiz-FOTO

Hazırda bir çox azərbaycanlı tələbə müxtəlif  səviyyə və istiqamətlər  üzrə təhsillərini xaricdə davam etdirirlər.

 

Belə tələbələrimizdən biri də Emil Rüstəmlidir. Emil, Azərbaycanda orta təhsil aldığı müddətdə bir çox yarışlarda, beynəlxalq müsabiqələrdə iştirak edib. Məktəbi bitirdikdən sonra isə ali təhsil almaq üçün Amerikaya yola düşüb.

 

AzEdu.az "Xaricdə oxu" rubrikası çərçivəsində bu istedadlı gəncimizlə olan müsahibəni təqdim edir.

 

Əvvəlcə onu tanıyaq...

 

-Mən, Emil Rüstəmli, 18 yaşım var və tam orta təhsilimi M. Rahim adına 7 saylı tam orta məktəbdə almış, məktəbi qızıl medalla bitirmişəm. 4-cü sinifdən etibarən riyaziyyat olimpiadalarında iştirak etməyə başlamış, daha sonra “Sabahın Alimləri”, “Brain Ring”, “Nə? Harada?Nə zaman?”, “Fibonacci” kimi bir çox yarışlarda iştirak etmişəm. Azərbaycanı 2020-ci ildə Beynəlxalq Elm və Mühəndislik sərgisində (İSEF) Riyaziyyat kateqoriyasında, “Harvard Science Research Conference”-də təmsil etmiş, Yale Universitetinin YYGS yay proqramında Siyasət/İqtisadiyyat/Hüquq mövzularından məzun olmuş və proqramın səfirlərindən biri seçilmişəm. Həmçinin, FLEX finalistiyəm, amma mövcud pandemiya səbəbilə mübadilə proqramında digər 19 finalistimiz kimi mən də iştirak edə bilməmişəm.

 

-Xaricdə təhsil almağa necə qərar verdiniz? Niyə Məhz Amerika,Minerva? Söhbətin bu yerində Müraciət prosesiniz haqqında bir az danışardız

 

-Xaricdə təhsil almaq erkən yaşlarımdan kəskin qərarım idi və bu səbəbdən heç vaxt nə DİM imtahanına hazırlaşmış, nə də Azərbaycan universitetlərinə müraciət etmişəm. Bu qərarın arxasında çox saylı səbəblər olsa belə, təhsilin keyfiyyəti, universitetin verə biləcəyi akademik və praktiki təcrübə, xaricdəki potensial professional əlaqələr əsas faktorlar idi. 11-ci sinifə qədər Almaniyada təhsil almağı planlayırdım, lakin xüsusilə Yale-in proqramından sonra, ‘Gap Year’ götürməyi və fokusumu Amerikaya verməyi qərar aldım. Müraciət edəcəyim universitetlərin siyahısı birbaşa olaraq tam təqaüd verəcək ali məktəblər arasından seçilmişdi.

 

Düşünürəm ki, ölkəmiz istedadlı gənclərə bakalavr səviyyəsində təqaüd verməyəcəyi təqdirdə maliyyə faktoru əksər tələbələr üçün əsas rolu oynamağa davam edəcək. Odur ki, bu fürsətdən istifadə edib xüsusilə bakalavriatura səviyyəsində təhsil alanlar üçün təqaüdün rolunu vurğulamaq və Təhsil Nazirliyini bu mövzuya daha ciddi fokuslanmağa çağırmaq istəyirəm.

 

 

Tədris müddəti ərəzində 7 ölkədə təhsil  almaq...

 

 

Suala qayıtsaq, Minerva təklif etdiyi özünəməxsus sistem səbəbilə mənim ən şübhəli yanaşdığım universitetlərindən biri idi. 7 ölkədə təhsil almaq, akademik həyata fokuslanarkən, həm də gündəlik problemlərlə məşğul olmaq bütün tələbələri komfort zonasından kənara çıxaracağından xəbər verirdi və bu seçimi etmək heç də asan deyildi. Lakin, ən çox inkişafın da məhz bu çətinliklərlə əldə oluna bilinəcəyinə inandığım üçün Minervanı seçdim və hazırda ilk semesterdən sonra seçimimdən razı olduğumu deyə bilərəm. Minervaya müraciətin ən əlverişli yolu minerva.edu vebsaytından birbaşa müraciət etməkdir. Müraciət zamanı məntiq, emosional təfəkkür, riyaziyyat və İngilis dili bacarıqları yoxlanılır. Bu haqda Xaricdə Çörək instaqram hesabında detallı bir bloq yazısı da  yazmışam!

 

-Hazırda təhsiliniz  necə davam edir? Universitetdə tədrisin keyfiyyəti sizi nə dərəcədə qane edir?

 

 

-İlk il Minervanın təhsili digər universitetlərdən kəskin fərqlənir: Minerva birbaşa mövzular üzərində fokuslanmaq əvəzinə müxtəlif mövzulara düzgün yanaşma formalarını əsas 4 qrup (Effektiv ünsiyyət qurmaq, effektiv əlaqədə olmaq, kreativ düşünmək və kritik düşünmək) altında tədris edir. Bu dərslərdə öyrəndiyimiz bacarıqlar həyat boyu istifadə edəcəyimiz düşüncə metodlarıdır. Bu haqda daha geniş məlumat Minervanin öz vebsaytında var. Ötən 4 ay olduqca maraqlı və produktiv keçsə belə, vaxtaşırı yaşadığım yüksək stress və niyə burada olduğumu sorğuladığım anlar məncə düzgün yolda olduğumuzu göstərir. Minervada mükəmməl keçmiş uğurlarından asılı olmayaraq hər kəs ən azı semester ərzində bir dəfə özünü tamamilə itirir və “yıxılır”, bu tələbələrin bir çoxu daha güclü şəkildə ayağa qalxıb davam edirlər. Bu inkişafa hər səhvi unudub yeni şəhərdə yenidən başlamaq da əlavə olunduğu zaman şəxsi inkişaf qaçılmaz olur. Düşünürəm ki, ötən aylarda Amerika mədəniyyəti və sinif yoldaşlarımdan öyrəndiklərimə əlavə olaraq, mənim ən əsas dərsim “growth mindset”-i qəbul etmək və etdiyim saysız hesabsız səhvlərdən öyrənmək idi.

 

 

-Amerikada tələbə olmağın nə kimi müsbət və mənfi tərəfləri var?

 

 

-Amerikada tələbə olmaq, ölkəmizdən kəskin fərqlənir. Burada tələbələr ciddi şəkildə oxuyur, öz həyat planlarını qurur və individual fərdlər kimi yetişirlər. Təəssüf ki, biz Azərbaycanda əksər hallarda Amerika tələbələrinin yalnız istirahət etdiyi zamanlara fokuslanır və partilərin gözəlliyindən danışarkən kitabxanada keçmiş gecələri unuduruq. Burada oxumaq zəhmət və həvəs tələb edir: “200-300 balla hara girərəm?” düşüncə tərzi Amerikada yoxdur. Tələbələrin sahələrinə olan marağı dərslərin və dərsdən kənar müzakirələrin keyfiyyətini kəskin şəkildə artırır. Bu mühitə təcrübəli professorlar və ölkənin iqtisadi gücündən irəli gələn çoxsaylı təcrübə imkanları da əlavə olunduqda Amerika təhsili dünyanın ən yaxşılarından birinə çevrilir. Qısaca, Amerikada tələbə olmağın əsas üstünlüyü ətrafınızdakı insanların biliklərinin yüksəkliyi, professorların dərin bilik və təcrübəsi və burada şirkətlərlə qura biləcəyiniz əlaqələrdir. Mənim rastlaşdığım tək mənfi cəhət isə silahlı insidentlərdir ki, həyati risk olmaqla yanaşı, tələbələrin mental sağlamlığına da mənfi təsir göstərir.

 

 

-Hazırda bütün dünyada pandemiya davam edir. Orada vəziyyət necədir? Pandemiya şəraitində təhsil müəssisələrində dərs prosesi necə tənzimlənir,nə kimi tədbirlər görülür?

 

 

-Pandemiya burada gündəlik müzakirə mövzusu deyil. İctimai nəqliyyat və qapalı məkanlarda maska taxmaq məcburi olsa belə, başqa digər hallarda həyat tamamilə bərpa olunub. San Fransiskoda əhalinin 80%-i tam vaksinasiya olunub və bu gündəlik həyatda öz rolunu oynayır.

 

-Orada azərbaycanlı tələbələr və səfirliklə əlaqələriniz mövcuddurmu? Ümumilikdə səfirliyin və diasporun azərbaycanlı tələbələr istiqamətində fəaliyyəti necədir?

 

-Minervada cəmi 2 azərbaycanlı tələbə var və ümid edirəm ki, həmyerlilərimizin sayı Minerva daxil olmaqla bütün yüksək səviyyəli ABŞ universitetlərində artacaq. Amma buna əsas təsir edəcək faktor yenə də, əvvəl vurğuladığım kimi, dövlətin tələbələrə maddi dəstəyindən asılı olacaqdır. Baxmayaraq ki, bir çox İvy League universiteti və digər top universitetlər tələbələrə təqaüd təklif edir, əksər hallarda bu təqaüdlərə müraciət qabul zamanı bizim əlehimizə olur və qəbul şansını azaldır. Minervada təqaüdə müraciət qəbula təsir etmir!        

 

                                                                                                                          Səfirlik nümayəndələrinin bu təhsil ilinin əvvəllərində Bostonda Harvard və MİT-in azərbaycanlı tələbələri ilə görüşdüyündən xəbərim var. Bu təqdirə layiq addımdır və inanıram ki, cənab səfir Xəzər İbrahim tələbələrlə əlaqəyə xüsusi diqqət ayırır. Mən 4 ay ərzində səfirliklə heç bir əlaqə qurmasam belə, əminəm ki, hər hansı problem yaranacağı halda bu əlaqəni qurmaq çətin olmayacaq.

 

 

-Tələbə olduğunuz müddətdə bura ilə bağlı ən çox nə üçün darıxırsız?

 

 

-Ailəmlə belə həftədə 2-3 dəfə danışa bildiyim şəraitdə bir çox şey üçün darıxmağa heç vaxt qalmır. Əsasən, ailəm və dostlarım üçün darıxıram.

 

-Təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var?

 

-Burada Data Science oxumağı planlayıram, və təhsili başa vurduqdan sonra həmin sahədə müəyyən müddət çalışıb, daha sonra əsasən şəxsi biznes və investorluqla məşğul olmağı ümid edirəm. Amerikada ilkin investisiya və ideyalarınız varsa milyonlar qazanmaq mümkündür!

 

-Hazırda bütün dünya yeni ili qarşılamağa hazırlaşır. Orada ab-hava necədir?

 

 

-Dekabrın 18-dən etibarən tətildəyik və bu bütün sinfimiz arasında bayram əhvalını artırıb. Tələbələrin bir çoxu ailələrinin yanına qayıdıb. Şəhərdə isə yeni il ruhu yoxdur. San Fransisko Bakıdan fərqlənir; Burada yüzlərlə insanın toplanıb gəzdiyi böyük meydanlar azdır. Odur ki, yeni il abu havası Amerikadan gözlədiyim kimi deyil. Hazırda fokusum yeni ildən daha çox Yanvarın birindən etibarən yaşayacağımız Seuldadır!