https://www.zirve.edu.az/
07.03.2018 08:30
Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?
Çap et

Məktəbə piyada gedən və ağır çantaları uzun müddət daşımaq məcburiyyətində qalan, eyni zamanda, məktəblilərdə boyun, bel və ayaq ağrılarıyla yanaşı, baş ağrıları və yuxu problemləri kimi bir çox xəstəliklərə rast gəlinir.

Türkiyənin Fizioterapiya və Reabilitasiya uzmanı Gülseren Kayalar dünyada hər 10 şagirddən birinin skolioz, yəni, onurğa əyriliyi problemi ilə üz-üzə qaldığını açıqlayıb. Uzman, əgər, bunun qarşısı alınmazsa, irəliləyən müddətdə skolioz da daxil olmaqla, bir sıra xəstəliklərin ortaya çıxa biləcəyini vurğulayıb:

“Məktəbli çantalarının ağır olması və tək tərəfli daşınması, yanlış oturuş pozisiyası skoliozun yaranmasını sürətləndirir. Onurğa əyriliyi olan hər 4 xəstədən birində müalicəyə ehtiyac var. Bu xəstəliyə qız uşaqlarında, oğlanlara nisbətən 8 dəfə daha çox təsadüf olunur. Həmçinin, məktəbdəki partaların uşağın bədəninə uyğun olmaması bu problemə səbəb olan başlıca faktordur”.

Uzmanın sözlərinə görə, 10-12 yaşlı qız uşaqları və 13-14 yaşlı oğlanlar ildə 2 dəfə müayinə olunmalıdır. “Artıq çəkili şagirdlər xüsusi diqqətdə saxlanılmalıdır. İnkişaf dövründə olan uşaqda başın bir yana doğru əyilməsi, üz və kürək simmetriyasında pozulma, gövdənin bir istiqamətə doğru yer dəyişməsi, ayaq ölçülərində fərq, yeriş qaydasının pozulması skolioz xəstəliyinin əlamətləridir. Bu simptomlara rast gəlinərsə, uşağı vaxt itirmədən həkimə aparmaq və müalicə etdirmək mütləqdir”.

28b41f63-bdd7-4278-8348-c52188f53c41.jpg

Travmatoloqlar hesab edir ki, məktəb çantasının doğru seçimi şagirdin sağlamlığı baxımından çox önəmlidir. Qalın və ağır materiallardan qaçmalı və yüngül çantalardan istifadə olunmalıdır. Alınacaq çantanın uşağın kürək quruluşuna uyğunluğu nəzərə alınmalı, uşaq evdən çıxanda mütləq valideynlər çantanın ağırlığına diqqət etməli, çanta çox ağırdırsa, kitablar içərisindən çıxarılmalıdır. Çanta tək qolla deyil, hər iki qolla daşınmalıdır. Xüsusilə məktəbə yeni başlayan şagirdlərin ağır çanta daşıması qətiyyən doğru hesab olunmur. Həkimlər çəkisi 40 kiloqram olan məktəblinin çantasının 6 kiloqramdan ağır olmamasını tövsiyə edir.

Bu mövzuda müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Müəllimlər bir sonrakı günlə əlaqəli lazımlı kitabları nəzərə alaraq, sadəcə onların çantaya qoyulması mövzusunda şagirdlərə göstəriş verməlidirlər. Azərbaycan məktəblilərinin də bu xəstəliklə bağlı vəziyyəti ürək açan deyil. Ötən ilin göstəricilərinə əsasən, ibtidai siniflərdə qamət problemlərinə 51%, orta siniflərdə 52%, yuxarı siniflərdə isə 41% rast gəlinib.

Pediatr Vaqif Qarayev AzEDU.az-a açıqlamasında bildirib ki, bütün günahı məktəbin üzərinə atmaq düzgün deyil:

“Valideynlər uşağın 3 yaşından sonra, onların düzgün oturuşuna fikir verməlidirlər. Masa ətrafında, hətta qucaqda belə uşaq normal oturmalıdır. Çox yaxşı olar ki, valideynlər övladlarını profilaktik tədbir kimi 5 yaşından sonra üzgüçülüyə aparsınlar. Çünki bu idman növü, qamətin normal inkişafı baxımından çox vacibdir. Uşaq məktəb yaşına çatanda isə günahkar həm valideyn, həm məktəbdir. Göz ilə kitabın olduğu masanın məsafəsi 18 sm olmalıdır. Amma məktəblilər başlarını evdə stola, məktəbdə də partaya yapışdırırlar. Buna isə nə valideyn, nə də müəllim fikir verir”.

vaqifqarayevpediatr.jpg

Həkim deyib ki, şagirdin bədən çəkisinə uyğun yük daşıması vacib məsələdir:

“Məktəb çantaları əbədi bir mövzudur. Heç vaxt dəyişmir, belə getsə heç vaxt da dəyişməyəcək. Birinci sinfə gedən uşaq uzağı 2,5 kq ağırlığında yük qaldıra bilər. Amma o, az qala özü ağırlıqda yük daşıyır ki, bu da mütləq şəkildə qaməti əyir. Keçən yay bir məsələ diqqətimi çəkdi. Valideyn övladına, onun boyu ölçüsündə çanta alırdı. Xalq arasında bu məsələyə qeyri-ciddi yanaşma var. Hələ çantanın özü uşaq ağırlığındadırsa, görün içərisinə qoyulacaq kitab-dəftər onu nə qədər ağırlaşdıracaq? Valideynlər müəllimlərin əlavə vəsaitlər aldırmasını və kitabların çoxluğunu səbəb göstərirlər. Bütün bunların qarşısının alınması üçün uşaqda körpə yaşından düzgün oturuş vərdişi yaradılmalıdır. Yoxsa skoliozların sayı artacaq və təəssüflər olsun ki, artır da. Heç olmasa ildə 1 dəfə qamət probleminə görə həkimin qəbulunda olmaq lazımdır. Yüngül dərəcəli skoliozu idman vasitəsilə müalicə etmək mümkündür. Valideynlər elə etməlidirlər ki, cərrahi müdaxiləyə ehtiyac qalmasın”.

Nəzrin Rüstəmova