https://www.zirve.edu.az/
07.03.2018 07:12
Gəncənin ən qədim məktəbi - Səməd Vurğunun, Hüseyn Cavidin, Mir Cəlal Paşayevin... işlədiyi yer - FOTOLAR
Çap et

İnsanın şəxsiyyət kimi formalaşması və inkişafında təhsilin rolu danılmazdır. Buna görə də cəmiyyət təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq formalaşır.

Hələ qədim zamanlardan Azərbaycanda təhsil müəssisələrinin yaranması, ziyalıların təhsilə marağı artırmağa çalışmaları və insanları elmə yönləndirmələri ölkədə təhsilin daim diqqətdə olduğunu göstərən məsələlərdəndir.

Azərbaycanda orta məktəblər yaranmamışdan əvvəl tədris aparılan məkanlardan biri də mədrəsələr olub. Lakin bu zaman, hər uşağı mədrəsələrdəki təhsilə cəlb etmək mümkün deyildi. Əksər vaxtlarda dini xurafat və fanatizmin hökm sürdüyü bu təhsil ocaqlarında keçirilən dərslər, bir çox ziyalıların narazılığına səbəb olurdu. Məhz bu kimi hallar orta məktəblərin yaranmasını labüd edirdi.

İndiki zamanda insanların qədim təhsil müəssisələri haqqında məlumatlı olması, təhsilə töhfəsini verən və bu yolda mübarizə aparan həmin şəxsiyyətləri tanıması çox vacibdir.

AzEDU.az bunu nəzərə alaraq “İlk məktəblər” adlı rubrikaya davam edir.

Rubrikada Azərbaycanın müxtəlif bölgələrində yaranan ilk məktəblər və onların yaradıcıları haqqında yazılara yer veriləcək.

Bu dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, ilk təhsil ocağından bəhs edəcəyik.

28810456_1663035660400554_1699807342_o.jpg

Mədrəsədən qovulan məktəb qurucusu...

Gəncədə ilk məktəbin əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulub və həmin bina 1936-cı ildən orta məktəb kimi fəaliyyətə başlayıb.

Məktəbin yaradıcısı Vazeh 1794-cü ildə Gəncədə memar ailəsində anadan olub.  Xəttatlığın mahir ustadı və dahi şairlərdən hesab olunan Mirzə Şəfi, filosof, dramaturq Mirzə Fətəli Axunzadəyə huşunxətt dərsləri keçib.

O, təhsilini mədrəsədə alıb. Lakin din xadimləri ilə münaqişəyə girdiyi üçün tezliklə, oradan uzaqlaşdırılıb.

Mirzə Şəfi haqqında Azərbaycan mənbələrində məlumat olduqca azdır. Bəzi mənbələrdə qurucusu olduğu məktəbin hər daşında onun əməyinin olduğu qeyd olunur.

Mir Cəlal Paşayevin və Əli Nəzminin direktor kimi çalışdığı təhsil ocağı..

1833-cü ildə əsası qoyulan məktəbdə, müxtəlif zamanlarda bir sıra tanınmış ziyalılar təhsil alıb və çalışıblar.

Mirzə Fətəli Axundov təhsil müəssisəsinin ilk şagirdlərdindəndir. Fikrət Əmirov və  Mirəli Qaşqay bu məktəbin tanınmış məzunları sırasındadır.

Səməd Vurğun, Hüseyn Cavid, Yusif Məmmədəliyev, Həmid Araslı, Məmmədzadə Abdulla Şur və Əli Nəzmi kimi şəxslər bu orta təhsil müəssisəsində çalışıb. Hətta, Əli Nəzmi məktəbin direktoru olub.

Mir Cəlal Paşayev Gəncə Darülmüəllimində oxuyub, oranı bitirdikdən sonra Gəncə 7 illik məktəbinə müəllim göndərilib. 1929-39-cu illərdə isə Vazehin yaratdığı məktəbdə direktor vəzifəsində çalışıb.

Mirzə Şəfinin yaratdığı məktəbə 1992-ci ildə  İsmət Qayıbovun adı verilib. Yəni, bu ildən etibarən, təhsil ocağı Gəncə şəhər İsmət Qayıbov adına  1 nömrəli tam orta məktəb adlanır.

28829637_1663035343733919_1600573745_n.jpg

Düşmənin vertolyotda nişan aldığı şəhid...

Məktəbə adı verilən şəxs Azərbaycan Respublikasının ilk prokurorudur. Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

Mirzə Şəfinin yadigarının indiki vəziyyəti...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2013-cü il tarixli sərəncamı ilə məktəbin köhnə binasının yenisi ilə əvəz edilməsinə qərar verilib. Tikinti-quraşdırma işləri 2007-ci ilin iyul ayında başa çatıb.

Bina 2 korpusdan və hər korpusu 4 mərtəbədən ibarətdir. 80 sinif otağı, laboratoriya (1 fizika, 1 kimya, 1 biologiya) , kitabxana, 200 yerlik akt zalı, idman zalı, 80 nəfərlik bufeti var.

Məktəbin məzunlarından 1995-ci ildə XI sinif şagirdi Abdinov Xəyyam Səbuhi oğlu, 2005-ci ildə XI sinif şagirdi Zeynalzadə Türkan İsmayıl qızı, 2010-cu ildə XI sinif şagirdi Bağırov Suliddin Hamlet oğlu “FLEX”( tələbə mübadilə proqramı) proqramı üzrə qalib olaraq ABŞ-a göndəriliblər.

28811151_1663035317067255_1502059316_o.jpg

Gəncə üzrə ilk 700 bal toplayan şagirdin məzun olduğu məktəb...

2014/2015-ci tədris ilində Gəncə şəhərində ilk dəfə 700 bal toplayan şagird Qasımov Elçin Ziyad oğlu məhz bu məktəbi bitirib.

2016/2017-ci il tədris ilində təhsil müəssisəsinin 83 məzunundan, 74 nəfəri ali məktəbə sənəd təqdim edib və onlardan 43  şagird isə ali məktəblərə qəbul olunub. 7 abituriyent isə 500 baldan yuxarı nəticə göstərib.

Məktəbdə 2017/2018-ci tədris ilində, 52 sinif üzrə 1157 şagird təhsil alır. Onlardan 654 şagird Azərbaycan, 503 şagird isə Rus bölməsindədir. Tədris Azərbaycan və  Rus dillərində aparılır. Şagirdlərin təlim-tərbiyəsi ilə 109 müəllim məşğuldur.

Qeyd edək ki, məktəbin hazırkı direktoru Mətanət Ələsgər qızı Qarayevadır.

Nəzrin Rüstəmova

28877047_1663035593733894_593667578_o.jpg

28927909_1663035560400564_2071892274_o.jpg

ÇOX OXUNANLAR
FACEBOOK