Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 15:01:00
Harvard məzunu, BDU müəllimi-GƏNC NAZİRLƏRİN təhsil yolu

Ölkəmizdə son zamanlar nazir postuna təyin edilən şəxslərin çoxu gənc olmaları ilə fərqlənir. Bu, aparılan kadr islahatlarının ən bariz nümunələrindən biridir. Həmçinin, bu  şəxslərin təhsil fəaliyyətləri də diqqəti cəlb edir.

 

AzEdu.az gənc nazirlərin təhsil həyatlarını təqdim edir:

 

Hazırda Azərbaycanda ən gənc nazir postuna Təhsil naziri Emin Əmrullayev sahibdir və 38 yaşındadır.

 

O, 1999–2003-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib. 2010–2012-ci illərdə isə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

 

 44 yaşlı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev 1994-2000-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə sahib olub.

 

Daha sonra R.Nəbiyev Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində təhsilini davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

 

1977-ci ildə anadan olan Mədəniyyət naziri Anar Kərimov 1998-ci ildə Bakı Dövlət Universitetinin ərəbşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsini bitirib. 2003-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

 

 İranda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.

 

 Rus, inglis və fransız dillərini bilir.

 

 Azərbaycanın Kənd təsərrüfatı naziri İnam Kərimov da 1977-ci ildə anadan olub.

 

 O, 1984-cü ildən 1994-cü ilə qədər S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb.

 

 1994-cü ildən 1995-ci ilədək ABŞ-ın İndiana Ştatında yerləşən Riçmond Ali Məktəbində (Richmond High School) təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə, Fransanın nüfuzlu universiteti hesab olunan Sarbona universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

 

 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

 

İngilis, fransız, rus və fars dillərini bilir.

 

Yeni təyin edilən 42 yaşlı Gənclər və idman naziri Fəriq Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.


1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

 

2014-cü ildə P.F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sank-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

 

 2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, "Olimpiya Həmrəyliyi" və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir.

 

41 yaşlı Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib,

 

2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

 

İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.

 

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının əvəzçiliklə müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçi olub, İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində müxtəlif təlim və kurslarda iştirak edib. Beynəlxalq neft sazişlərinə, Hasilatın Pay Bölgüsü haqqında Sazışlərə, beynəlxalq və milli-hüquqi tənzimləməyə, beynəlxalq hüquqi proses və beynəlxalq məhkəmə prosedurlarına dair dissertasiya və monoqrafiyaların müəllifidir.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları