https://www.zirve.edu.az/ #
2021-08-26 17:10:00
Vaksin vurdurmayan müəllimləri hansı qadağalar gözləyir?-Ekspert danışdı  

Ötən günlərdə Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsində təşkil edilən təhsil işçilərinin vaksinasiyasına həsr olunmuş onlayn vebinarda COVID-19 vaksini ilə bağlı əks-göstəriş sertifikatı alan müəllimlərin fəaliyyətinə məhdudiyyət qoyulacağı bildirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib ki, təhsil kütləvilik daşıdığı üçün əks göstərişli insanları belə kütləvi mühitə buraxıb, digərlərini risk altına almaq düzgün deyil: 

 

“Bununla bağlı müəyyən məhdudiyyətlər olacaq və bu, tam şəkildə açıqlanacaq. Bu məsələlər hələ ki, müzakirə olunur”.

 

BŞTİ rəhbərinin açıqlaması sosial şəbəkələrdə və mətbuatda müzakirə mövzusuna çevrilib. Təhsil işçiləri hansı  məhdudiyyətlərin tətbiq ediləcəyi barədə çoxsaylı suallar ünvanlayıblar.  Lakin bununla bağlı rəsmi açıqlama verilməyib.

 

 

AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov məsələyə aydınlıq gətirib. Ekspert ilk olaraq qeyd edib ki, yeni tədris ilinin ənənəvi qaydada başlaması qaçılmazdır:

 

“Buna əsas verən ciddi səbəblər var. Ölkədə vaksin vurduran şəxslərin sayı artıb. Azərbaycandakı 4447 orta ümumtəhsil məktəbində çalışan 150 min müəllimin artıq böyük əksəriyyəti vaksin olunub. Təbii ki, bunlar arasında vəziyyətdən sui-istifadə edib, hansısa yollarla vaksin vəsiqəsi alanlar da var. Halbuki, bu ciddi qayda pozuntusu və təhlükə olduğundan digər insanların həyatı ilə oynamaq kimi qiymətləndirilə bilər.

 

Yeni tədris ilində ənənəvi tədrisə başlamaq istəyiriksə, səhhəti imkan verən hər kəs vaksin olunmalıdır. Amma bu tələbdən sui-istifadə etmək, hansısa yolla sertifikat almaq olmaz. Bildiyiniz kimi bütövlükdə normal tədrisə yalnız vaksinasiya tam olduqdan sonra keçə bilərik. Etiraf edək ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət o qədər də ürəkaçan deyil. İnsanlar restoranlarda, istirahət mərkəzlərində kifayət qədər yaxın təmasda olurlar, bir-birinə qonaq gedirlər, toy şənlikləri keçirilir. Bu mümkün deyil ki, toy məclislərində rahat iştirak etsinlər və orada virus təhlükəsi olmasın, amma tamamilə qorunan, dezinfeksiya olunan məktəblərdə tədrisin təşkili ilə bağlı hansısa problem olsun. Ölkənin istənilən yerində restoranda və istirahət mərkəzlərində boş yer tapa bilmirik. İnsanlar hamısı əyləncədə, yemək-içmək məclislərindədir. Hətta dəniz kənarında belə hamı yaxın məsafədə istirahət edir. Orada virus olmur, metroda, avtobusda təhlükə yoxdur, amma təhsil müəssisələrinin açılmasını problem kimi görürük. Təbii ki, qorunma hər yerdə lazımdır. Məkanından və şəxsindən asılı olmayaraq. Amma tədris müəssisələrinin fəaliyyətinin bərpasına ehtiyac var”.

 

Müəllimlərin daha çox qorunmalı olduğunu vurğulayan Kamran Əsədov bildirib ki, ölkədə 1.6 milyon şagird var və hər biri fərqli evlərdən məktəbə gəlib-gedir:

 

“Əgər bir müəllim vaksin olunmazsa, bu bütün sinfin yoluxmasına və hər şagirdin öz ailə üzvlərini yoluxdurmasına gətirib çıxara bilər. Qeyd edim ki, Bakıda 1 müəllimə 9 şagird, bölgələrdə isə bir müəllimə 12 şagird düşür. Bu o deməkdir ki, virusun yayılma arealı qısa müddət ərzində kütləvi çoxala bilər.

 

Bakıda bir sinifdə şagird sıxlığı ən azı 32-37 nəfərdir. Təsəvvür edin, hər hansı vaksin olunmamış, yaxud əks göstəriş sertifikatı almış, hansısa yollarla prosesdən yayınmış şəxs həmin şagirdlərlə təmasda olub, onları yoluxdurarsa, bu, ailələrə ciddi təsir göstərəcək.

 

Vaksin olunmayan müəllimlərin tədris prosesində iştirakı bir neçə fənndə məhdudlaşdırılacaq. Bunlar idman müəllimləri, yaxın təmas tələb edən, qapalı məkanda daha çox vaxt keçirməyə səbəb olan fənlərin tədrisçiləridir. Bundan əlavə, yaşı 60-dan yuxarı olan müəllimlər əgər vaksin olunmazsa, onların da tədrisdə iştirakı məhdudlaşdırıla bilər və onlar yalnız onlayn qaydada dərs keçərlər”.

 

Təhsil ekspertinin fikrincə, müəllimlərin daha çox ənənəvi dərsdə iştirakı tövsiyə olunur:

 

“Hesab edirəm ki, bir müddət sonra bu məcburi hal alacaq. Türkiyədə belə bir təcrübə var ki, müəllimlər vaksin olunmaya bilərlər, amma həftədə iki dəfə test verməlidirlər. Hesab edirəm ki, bu Azərbaycanda tətbiq edilsə, neqativ hallara yola açar, prosesi həyata keçirən tibb işçilərinin əlavə gəlir qazanmaq istəyinə səbəb olar. Müəllimlərə bu və ya digər yollarla saxta sənəd verərək, yoluxma hallarının sayını artırmasına gətirib çıxara bilərlər. İsraildə artıq hər kəs vaksin olunub və heç bir problem yoxdur. Azərbaycanda da ənənəvi tədrisdə iştirak etmək istəyən hər kəs vaksin olunmalıdır, yeni tədris ili bu şəkildə başlayacaq. Hesab edirəm ki, vaksin olunmayan şəxslərin ənənəvi qaydada dərsdə iştirakı qadağan edilməlidir”.