https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-07-12 16:04:00
“Nazirlikdə qala bilərdim, amma təhsili seçdim” -Azərbaycanın ən gənc MƏZUNU-MÜSAHİBƏ-FOTO

 

 

Bu il ölkəmizin  ali  təhsil  müəssisələrindən balakavriat  və  magistratura  səviyyələri üzrə  yüksək  ortalamaya  sahib  bir çox  istedadlı  gənc  məzun  oldu.

 

Bu  gənclər  arasında  xüsusi  diqqəti  cəlb  edən  isə Azərbaycan  tarixinin  ən  gənc  bakalavriat  və  magistratura  məzunlarından biri  Turana  Tağıyevadır.

 

O, BDU-nu  18 yaşında  bakalavriat, 20 yaşında  isə  magistratura  pilləsi  üzrə  fərqlənmə  diplomu  ilə  bitirib.

 

AzEdu.az  bu  istedadlı  gənc  məzunla  olan  müsahibəni  təqdim  edir.

 

Əvvəlcə onu tanıyaq...

 

Mən, Tağıyeva Turana Mahmud qızı, 4 yaşında məktəbə, 14 yaşında Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə, 18 yaşında isə BDU-nun Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə tədrisi ingilis dilində magistraturaya qəbul olunmuşam. Hazırda LANDAU School-da Marketinq və PR departamentinin mütəxəssisi olaraq çalışıram.

 

-Cəmi 14  yaşınızda  məktəbdən  məzun  olub BDU-a qəbul olmusunuz. Maraqlıdır, belə  gənc yaşda  ali  təhsilə  qədəm  qoymağın  sizin  üçün  nə  kimi  çətinlik  və  avantajları  oldu? Tələbə  yoldaşlarınız, eləcə də  müəllimlər necə  münasibət  göstərdilər?

 

-Çətinliklə və ya hansısa bir üstünlüklə qarşılaşdığımı deyə bilmərəm, çünki məktəbdə oxuyarkən də, bakalavr və magistr pillələrində təhsil alarkən də hər bir şagird, tələbə kimi dərsimə hazırlaşıb, yeni biliklər əldə etmək üçün çalışmışam. Məndən böyük sinif, qrup və ya iş yoldaşlarımla aramda heç vaxt fərq hiss olunmayıb və yaşımı bildikdə çox təəccübləniblər. Bildiklərində isə bununla bağlı xüsusi yanaşma, digər şagird və ya tələbələr ilə müqayisədə üstünlük görməmişəm.

 

-Bakalavriatura səviyyəsini  fərqlənmə diplomu ilə bitirmisiz. Bir az  bu  müddət  haqqında  danışardız. Dərslərə  hazırlıq  prosesiniz  necə olub?

 

-Bakalavriaturada  aldığım 4 illik təhsilin şəxsiyyət kimi formalaşmama, hadisələrə olan yanaşmama təsiri danılmazdır. Bu illər ərzində ixtisasımın peşəkarı olmaq üçün yalnız universitetdə əldə etdiyim təhsil ilə kifayətlənməyib, öz üzərimdə çalışmışam. Fərqlənmə diplomunu əldə etmək üçün fövqəltəbii gücə malik olmaq gərək deyil, təhsil aldığınız ixtisası bəxtə-bəxt yox, sevərək və dərk edərək seçib, verilən material ilə kifayətlənməyib hər zaman əlavə, hadisələrin fərqli baxış bucağından nəql edildiyi yeni məlumat əldə etmək, onu düzgün analiz edib tətbiq etmək yetərlidir. Bu müddətdə Gilan Holding-in maliyyə departamentində təcrübə keçmişəm, dostlarımın qurduğu “OnePlate” startap layihəsində Sosial Media Marketinqi üzrə mütəxəssis kimi çalışmışam, layihənin ərsəyə gəlməsində zəruri olan dataların yığımı, emalı və daxil edilməsi prosesində iştirak etmişəm.

 

Ən gənc magistr adını qazanmısız, bununla  yanaşı   magistratura  səviyyəsini  də fərqlənmə  ilə  bitirmisiniz. Magistraturaya  hazırlıq  prosesindən  bir  az  danışardız. Bu təhsil  müəddətində  nə kimi  uğur göstəriciləriniz olub?

 

-Təhsilimi davam etdirmək qərarını elmi fəaliyyət ilə məşqul olmaq həvəsinə görə qəbul etdim. Təhsilin dünyanı dəyişə biləcək ən güclü alət olduğuna inanıram, çünki təhsilli insanlar həm əldə edilən məlumatı düzgün dəyərləndirə bilir, həm hüquq, azadlıq və vəzifələrini dərk edirlər. Zənnimcə, cəmiyyətin formalaşmasında və parlaq gələcəyə doğru addımlamasında təhsilin rolu böyükdür. Ölkəmizin inkişafına öz töhfələrini verəcək gələcəyin uğur qazanmış fərdlərinin formalaşmasında kiçik də olsa bir rolumun olacağına inandığımdan XİN-də təcrübə keçərək, diplom işimi yazaraq, paralel olaraq magistraturaya qəbul imtahanlarına da həvəslə, yorulmadan hazırlaşırdım.

 

-Həm  bakalavriat, həm  də  magistraturada  təhsil  almaq  üçün  BDU-nu  seçmisiz. Niyə  məhz  BDU?

 

-Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alacağımı öncədən müəyyən etmişdim, bunu hansı ali təhsil müəssisəsində reallaşdıracağımdan isə əmin deyildim. Qəbul olduğum dövrdə, mənim üçün ən perspektivli seçimin Bakı Dövlət Universiteti olduğu qərarına gəlmişdim. Sonradan seçimimdən peşman olmadım, bu 6 il mənə çox dəyərli insanlar, yeni möhkəm dostluqlar və artıq dostlarıma çevrilən müəllimlər, yeni biliklər qazandırdı. Magistraturaya qəbul olunarkən də, seçimim BDU oldu, çünki bura mənim üçün doğmadır, mən də nə qədər yeniliklərə açıq olsam da, öyrəşdiyim mühitdən ayrılmaq istəmədim. Eyni zamanda, həqiqətən də işinin peşəkarı olan, dəyərli müəllimlərimə olan dərin sevgi və hörməti qeyd etməmək, yəqin ki, haqsızlıq olar.

 

-Azərbaycan  təhsili  tarixinin  ən  gənc  bakalavr  və  magistr  məzunu, hər  iki  pillədə  uğurlu  təhsil  yoluna  sahib  biri  olaraq  gələcək  üçün  nə  kimi  planlarınız var? Bu  uğurların  sirri  nədir?

 

-Planlarımdan danışmağın düzgün olduğunu düşünmürəm, çünki ən azından hər ilin sonunda “to do”  siyahımda  olan qeydlərə baxanda fikir və istəklərimin nə dərəcədə dəyişdiyini görürəm. Planlarım böyükdür, çoxdur, mən də onları həyata keçirmək üçün çox həvəsliyəm və dayanmadan çalışmağa davam edirəm. Özümün ən böyük tənqidçisi olduğumdan, əldə etdiyim nəticələr ilə kifayətlənmirəm, razı olmuram, buna görə də həqiqətən də nəzərimdə olan böyük uğurları əldə etdikdə onların sirrini sizinlə paylaşmağa söz verirəm.

 

-Bir  müddət  XİN-də  çalışdığınızı  bildirmisiz. Gənc  yaşda  tələbə  olaraq  bu  necə  mümkün  oldu? Necə  fəaliyyət göstərdiz  və sizə  nələri  qazandırdığını  düşünürsüz?

 

-IV kursa çatdıqda bütün tələbələr təcrübə üçün ixtisaslarına uyğun olaraq müəyyən müəssisələrə göndərilirlər. Məsələn, BDU-da bizim ixtisas üzrə tələbələr XİN, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Asan Xidmət və s. kimi qurumlara göndərilirlər. Mən XİN-də 1 aylıq təcrübə müddətinə başladım, lakin fəaliyyətimdən razı qalındığı üçün müddət 6 aya qədər uzadıldı. Sonradan qalaraq davam etmək imkanı olsa da, magistratura təhsilimə başladım və fokusu təhsilə yönləndirdim. XİN-də birlikdə çalışdığım bütün əməkdaşlardan, ümumi orda çalışdığım müddətdə hər kəsdən dəyəri ölçülməyən məlumatlar, məsləhətlər aldım, universitet həyatı boyunca yiyələndiyim nəzəri bilikləri praktikada tətbiq etmək imkanım oldu. Sonradan isə marağımı cəlb edən və ixtisasımla hardasa oxşar yönləri olan digər sahədə özümü sınamağa qərar verdim. Hazırda işimdən məmnumam və seçimimdən peşman deyiləm.

 

-Son  olaraq  həm  abituriyentlərə, həm  də  əvvəlki  iki  səviyyə  üzrə  təhsil alan  tələbələrə  tədris  müddətində  uğur  qazanmaq  üçün  nə  kimi  tövsiyələriniz  olar?

 

-Dediklərimi dost məsləhəti olaraq qəbul edəcəklərinə ümid edirəm. Hər bir insanın özünütəhsil mədəniyyətinə yiyələnməsini uğur qazanmaq üçün zəruri olan amillərdən sayıram. Təhsil alarkən sadəcə qiymət xətrinə 3 vərəqlik mühazirədən kəsintiləri oxumaqla kifayətlənmək olmaz. Əslində müəllimin rolu düzgün yönləndirməkdir, qalan addımlar isə tərəfinizdən atılmalıdır. 3 vərəqlik material ilə baş vermiş hadisəni yalnız 1 mənbədən bəlkə də qərəzli şəkildə qəbul etdiyiniz məlumat əsasında dəyərləndirirsiniz, lakin fərqli mənbələrdən, ədəbiyyatlardan qəbul edilən məlumatlar həm hadisəni dərindən hərtərəfli öyrənməyinizə, həm də obyektiv yanaşmanıza köməklik göstərir. Ən əsası analitik düşünmə qabiliyyətini mükəmməlləşdirməkdir. Abituriyentlərin ixtisaslarını sevərək, anlayaraq seçəcəklərinə ümid edirəm, çünki özümdən də bilirəm ki, bir insan qarşısına  məqsəd qoyduqda hansı çətinliklə üzləşsə də onun öhdəsindən gəlmək üçün əlindən gələni edəcək. İxtisasdan, təhsil aldığınız bölmədən və ya universitetdən fərqi olmadan seçdiyiniz yolda ən yaxşısı olmağa çalışın, çünki sevərək və düzgün görülən hər bir iş, zənnimcə, ən prestijli, aktual və tələb olunandır. Hər kəsə uğurlar!