https://www.zirve.edu.az/ #
2021-06-30 17:37:00
Ali təhsilə yeni yanaşma: Rektordan irad, deputatdan muxtariyyət tələbi...  

İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” Qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.


AzEdu.az
 xəbər verir ki, müzakirələrdə komitə sədri, işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev, Təhsil naziri Emin Əmrullayev, UNEC-in rektoru Ədalət Muradov və Milli Məclisin deputatları iştirak ediblər.


Ədalət Muradov: “Magistraturaya qəbulda yalnız müvafiq icra hakimiyyətinin müəyyən etdiyi müvafiq  ixtisasları seçmək təcrübəsi dünyada yoxdur”


İclasda çıxış edən işçi qrupunun üzvü, UNEC-in rektoru, professor Ədalət Muradov təklif və iradlarını səsləndirib:

“Ali təhsilin proqramının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təsbit edilib. Düşünürəm ki, bu fikrə birmənalı son qoyulmalıdır. Proqramların hazırlanması səlahiyyəti universitetlərin olmalıdır.

Bakalavr səviyyəsini bitirən şəxslər  magistratura səviyyəsinə qəbul olunanda yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müvafiq  ixtisasları seçə bilər. Dünyada belə təcrübə yoxdur”.


Şahin Seyidzadə: “Əsas məqam ali təhsil müəssisələrinin muxtariyyətinin təmin edilməsidir”


“Ali təhsil haqqında” Qanun layihəsindən danışan işçi qrupunun üzvü, deputat Şahin Seyidzadə bildirib ki, sənəddə əsas məqam ali təhsil müəssisələrinin muxtariyyətinin təmin edilməsidir:


“Bu, əsas müzakirə mövzusudur. Sözsüz ki, ölkənin təhsil sahəsində koordinasiya funksiyası daşıyan Təhsil Nazirliyidir. Digər tərəfdən, ali təhsil müəssisələrinin muxtariyyəti və korporativ idarəetməsi də vacibdir.

Yeni qanun bunun üçün geniş imkanlar yaradacaq. İlk dəfə olaraq, Azərbaycanda ali təhsil müəssisələrinin Rektorlar Şurası olacaq.

Rektorlar Şurasında isə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına imkan yaradılacaq. Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, dövlət təhsil müəssisələrində bu gün muxtariyyət mövcuddur.

Onun rektoru ölkə başçısı tərəfindən təyin edilir. Hər kəsin vəzifəsi, səlahiyyəti və muxtariyyəti kifayət qədər geniş olur. Amma yenə qeyd edirəm ki, ölkədə təhsil sahəsini koordinasiya edən müvafiq qurum Təhsil Nazirliyidir”.

Ş.Seyidzadənin sözlərinə görə, müzakirəyə təqdim edilən “Ali təhsil haqqında” Qanun  layihəsində tək bakalavriat və magistratura deyil, doktorantura proqramları, təhsil kreditləri, onların müddətinə dair məsələlər əks olunub:


“Bu sənəd hazırda müzakirə mərhələsindədir. Onların bir qismi sözsüz ki, “Ali təhsil haqqında” Qanunun yekun mətnində əks olunacaq.

“Ali təhsil haqqında” Qanun daim bu istiqamətdə təkmilləşmə işləri aparmaq üçün universitetlərə kifayət qədər geniş imkanlar yaradır.

Ali təhsil ocaqları bəzi imkanlar sayəsində digər səlahiyyətli qurumlarla əməkdaşlıq edərək daimi bunun üzərində işləyə bilərlər”.