https://www.zirve.edu.az/ #
2021-05-06 16:02:00
Ümummilli liderə həsr olunan videokonfrans keçirilib- FOTO  

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə videokonfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, videokonfrans Bakı şəhəri 50 nömrəli tam orta məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub.

 

Videokonfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, məktəb direktorları və hər iki məktəbin şagirdləri iştirak edib.

 

Konfrans Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Məktəb direktorları Sədaqət Həsənova və Zamin Həziyev qonaqları salamlayaraq ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildiriblər.

 

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Ş.Hacıyev müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

 

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin, onun zəngin irsinin tədqiqi və təbliğinin şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaratdığını bildirib.

 

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar. 

 

Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.