https://www.zirve.edu.az/ #
2021-04-30 11:24:00
Terrorizmə məruz qalan dünya universitetləri - Dəhşətli FAKTLAR

Dünyanın  müxtəlif  ölkələri  mütəmadi olaraq  terror  hücumlarına  məruz qalır.

 

Terror  aktının  törədilməsi  üçün  hətta  orta  məktəblər, kolleclər və universitetlər də  hədəf  seçilir.

 

Bu  günə  kimi dünyanın  bir  sıra  universitetləri  silahlı  hücumlara  məruz  qalıb. Buna  bir  müddət  öncə  Əfqanıstanın  Kabil  Universitetinə  olan  terror  hücumunu  misal  çəkmək olar.

 

AzEdu.az  terror  hücumuna  məruz qalan  bir sıra dünya  universitetlərini təqdim edir:

 

1.2002 - ci il  iyulun 31-də  Fələstinli  silahlı  qruplaşma  olan  HƏMAS  tərəfindən   İsrailin  İbrani Universitetinin ( Hebrew University)  Scopus  Dağı   şəhərciyində yerləşən  korpusun  Frank Sinatra Beynəlxalq Tələbə Mərkəzindəki  izdihamlı  bir  kafedə nahar vaxtı  terror  aktı  törədildi. Hücumda  5-i ABŞ tələbəsi olmaqla  9  nəfər  həyatını   itirdi  və təxminən  100  nəfər  yaralandı . Ölənlərin  6-sı qadın, 3-ü kişi  idi. Yaralılar arasında  israillilər, ərəblər, 4 amerikalı  və  3  cənubi  koreyalı  tələbə  vardı. 

 

Bombardıman   yaz  imtahan  sessiyası  dövründə, ibrani dili  kursları  tədris edilərkən baş verdi. Partlayışdan bir neçə dəqiqə sonra  tələbələr  hər tərəfi qan  olan  universitet binasından çıxarıldılar.  Havadan  tüsü və cəsədlərin qoxusu  gəlirdi.

 

Terror aktı  Birləşmiş  Millətlər  Təşkilatının  Baş  katibi  Kofi  Annan  və bəzi ölkələr tərəfindən qınandı. 2015-ci ilin fevralında, Manhattanın Federal Bölgə Məhkəməsindəki bir ABŞ  hakimi tərəfindən , Fələstin Muxtariyyətini və Fələstin Azadlıq Təşkilatını  bu  terror hücumlarını dəstəklədiyinə və maliyyələşdirilməsində kömək etdiyinə görə məsuliyyət daşıdığını  və 218,5 milyon dollar məbləğində təzminat ödəməsini  tələb etdi.

 

2. 28 Noyabr 2016-cı il tarixində Ohayo ştatında  yerləşən  Ohayo Dövlət Universitetinin  “Watts  Hall”nda, səhər 09:52 radələrində  bir terror hücumu  həyata  keçirildi. Terrorçu, Somali qaçqını  Abdul  Razak Ali Artan,  universitetin  polis  məmuru  tərəfindən vurularaq  öldürüldü və nəticədə  13 nəfər yaralanaraq  xəstəxanaya yerləşdirildi. Səlahiyyətli şəxslər, hücumun bir terror aktı olma ehtimalını araşdırmağa başladılar. Ertəsi gün hüquq-mühafizə orqanlarının  rəsmiləri Artanın  İraq  Şam  İslam  Dövləti (İŞİD) və mərhum radikal müsəlman din xadimi Ənvər  əl-Əvləkinin terror təbliğatından ilham aldığını bildirdi. Amaq Xəbər Agentliyi, təcavüzkarın  İŞİD  koalisiyasının  vətəndaşlara   hücum çağırışına cavab verdiyini iddia edən bir şərh yayımladı, lakin qrupla Artan arasında  birbaşa  təmasa dair  bir dəlil  tapılmadı.

 

Qurbanlardan  9-u  tələbə, 1-i  müəllim və  1- universitet  işçisidir. Qalan  ikisinin  kimliyinə dair məlumat yox  idi.  Qurbanların şəxsiyyətləri 30 noyabradək  tam  müəyyənləşdirildi  və  ictimaiyyətə  açıqlandı.

 

3. 2016-cı ildə  Pakistanın  Khyber  Pakhtunkhwa əyalətinin Çarsadda şəhərindəki Bacha Xan Universitetinə  terror  hücumu  oldu.  Silahlı  şəxslər, qalın səhər dumanının örtüyündən istifadə edərək, təqribən  səhər  9.30-da   universitetə  daxil  oldular  və sinif otaqlarında, yataqxanada  tələbələrə və müəllimlərə atəş açdılar.

 

Terrorçular  ilə Pakistan  təhlükəsizlik qüvvələri arasında silahlı  atışma  baş verdi, təcili yardım  maşınları  əsas  qapının  qarşısında  düzüldü. Terror  anı  Pakistan  televiziyasında   birbaşa  yayımlanırdı, təşviş  içində olan valideynlərin  bir-birlərinə təsəlli  vermələri, əsgərlərin şəhərciyə daxil olduğunu göstərən  kadrlar  efirdə  göstərilirdi. Bir neçə saatdan sonra ordu dörd  terrorçunun  öldürüldüyünü  və  təmizləmə əməliyyatının bitdiyini söylədi.

 

Günortadan  sonra əyalət naziri  hücum  nətiəsində  30  nəfərin  həlak olduğunu, ancaq  ölənlərin  sayının  arta  biləcəyini  açıqladı. Sağ qalan 23 yaşlı  Nasir adlı  tələbə  50-dən çox cəsəd saydığını  və  silahlı  şəxslərin fərq  qoymadan önünə gələn hər kəsi  hədəf  aldğını bildirdi: “Onlar birbaşa tələbələrin başlarına  atəş  açırdılar.”

 

4. 2020-ci il  yanvarın 5-də  sərt  odun  parçaları, asid  turşusu  və müxtəlif  vasitələrlə  silahlanmış  50-dən çox maskalı şəxs  Delhi, Jawaharlal Nehru Universitetinin  kampusuna  hücum etdi. Hücum nəticəsində  39-dan  çox tələbə və müəllim  xəsarət  aldı. Bir çox tələbə ağır yaralanmışdı. Terrorçular hücuma  müdaxilə etməyə, tələbələri qorumağa çalışan professorlara və yaralı şəxsləri daşıyan təcili yardım maşınlarına  da  hücum edirdilər. Şahidlər bildirdilər ki, şəhərcikdəki  polislər  terrorçuları  dayandırmaq  üçün müdaxilə etmədilər. Üç saat  davam  edən hücumu polis  sadəcə  kənardan  izlədi  və sonda terrorçular  qaçıb  aradan çıxdılar.  Yaralanan  36  tələbə  24 saat ərzində evə  buraxıldı.

 

Yaralanan tələbələr və müxalif partiyalar  bəzi siyası partiyaları və tələbə qruplaşmalarını  hücumda  günahlandırdı. Hindistanın milliyyətçi təşkilatı olan ABVP  hücumla əlaqəsinin  olmasına dair  iddiaları  rədd  etdi  və solçu  partiyanı  günahlandırdı. 

 

6 yanvarda ABVP- nin  Delhi ilə əlaqəli ortaq  katibi Anima Sonkar televiziyada  hadisə ilə bağlı  videolarda  görünən  iki silahlı şəxsin ABVP üzvü olduqlarını etiraf etdi. Bununla bağlı  hər  hansı  sübut  ortaya  çıxmasa  da,  hücuma  səbəb  kimi  tələbələrin  illik  ödəniş artımına  və Vətəndaşlıq Dəyişikliyi Qanununa  qarşı  səslərini  yüksəltməsinin qarşısını almaq  üçün  təşkil  edildiyi  düşünülür.

 

Hindistan  polisi  tərəfindən  hücumu  törətməkdə  şübhəli  bilinən  bir neçə nəfər müəyyənləşdirildi  və  onlara sadəcə xəbərdarlıq  edildi.  Daha sonra  hadisə ilə bağlı heç bir cəza tədbiri  həyata keçirilmədi, şübhəlilərin  izləri  itirildi  və  polis  səssizcə  hadisənin  üstünü  bağladı.

 

5. Kerç şəhərində yerləşən  Kerç Politenik  Kollecində  2018-ci  ildə  çərşənbə  günü  bir  tələbə  tərəfindən  hücum  həyata  keçirildi. Hücum zamanı 19 tələbə həyatını  itirdi, 50-dən çox  insan  yaralandı, sonda  hücum edən şəxs  atəş  açaraq  özünü  öldürdü.

 

Bununla  bağlı səlahiyyətli  şəxslərin bir-birindən fərqli açılamaları oldu. Bəziləri qaz  partlayışının olduğunu bildirsələr də daha sonra    şahidlərin sözlərinə  əsasən  cəsədlərdə  güllələrin aşkarlandığı  ortaya  çıxdı.  Kırımın regional  lideri Sergey  Aksyonov  televiziyada   hücumu həyata keçirənin yerli bir tələbə olduğunu  açıqladı.  İstintaq Komitəsi, təcavüzkarın 18 yaşındakı Vladislav Roslyakov olduğunu təyin etdi. Kollecə tüfənglə girərək tələbələrə atəş açdığı  anın  təhlükəsizlik  kameraları tərəfindən  qeyd  edildiyini  söylədi.

 

Hücumdan  sonra  Kırım  bölgəsində  və  Qaradəniz  ətrafında  təhlükəsizlik  tədbirləri  gücləndirildi. 

 

6. Dünya universitetləri  arasında  terror hücumuna  sonuncu  məruz qalan universitet  Əfqənıstanın  paytaxtında  yerləşən  Kabil  Universitetidir.  Noyabrın  ikisində Kabil Universitetində yüksək vəzifəli şəxslərin iştirakı ilə “Əfqanıstan-İran  Dostluq  Kitab  Sərgisi”nin  açılışı  zamanı  partlayış baş verib, ardınca isə bir qrup silahlı şəxs universitetin hüquq fakültəsinin yaxınlığında insanlara atəş açmağa başlayıblar.

 

Hadisə  nəticəsində  35 nəfər  həyatını  itirib.  Çox sayda  yaralı  vəziyyəti orta, ağır  olmaqla  xəstəxanaya  yerləşdirilib.  İnsidentin baş verdiyi əraziyə Əfqanıstanın xüsusi xidmət orqanlarının hərbçiləri cəlb edilib.

 

Hücumu həyata keçirən silahlılardan üçü öldürülüb. Əfqanıstan hökuməti üç noyabr tarixini milli matəm günü elan edib.

 

7. Terrora məruz qalan  dünya  universitetləri  arasında  Azərbaycan ali təhsil müəssisələri də var.

 

30  aprel  2009-cu ildə  səhər saatlarında bir nəfər silahlı şəxs Azərbaycan  Dövlət  Neft  Akademiyasının  binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb.  Hücum  nəticəsində  ölənlərin sayı  13, yaralıların sayı  isə  10 oldu. Yaralıların 3-ü xarici vətəndaşdır. Onlardan  ikisi  Sudan,  biri isə Suriya  vətəndaşıdır.

 

İstintaq  nəzəriyyəsinə əsasən, öldürən şəxsin  Gürcüstan  vətəndaşı  Marnueli  sakini 29 yaşlı Fərda Əsəd oğlu Qədirov olduğu  bildirildi. Hadisəni  törədən  şəxs  sonda  özünü  güllələyib.

 

Ali təhsil  müəssisələrində  baş  verən  terror  hücumları  ilə  bağlı  əksər tələbələrdə müəyyən qorxular  yaranır. Hətta  bu səbəblə  universiteti məsafədən bitirən  tələbələr  də az deyil.  Beynəlxalq Cəmiyyət Araşdırmaları Jurnalı (İnternational  Journal of  Society  Researches)  tərəfindən  “Universitet Tələbələrində  Terrora  Məruz  Qalma  Qorxusunun Dəyərləndirilməsi” mövzusunda  dünyanın bir çox  universitetinin  tələbələri arasında  sorğu  keçirilib.  2018-2019 cu illərdə bu sorğu Türkiyədə İstanbul universitetində də həyata keçirildi.

 

276 universitet tələbəsi  arasında  keçirilən sorğuda iştirak edənlərin  87,7 % - i  baş  verən  terror  hadisələrinin  onların  gündəlik  həyatlarına  psixoloji  olaraq mənfi  təsir etdiyini düşünür,  85,2% - i terror  hücumları səbəbiylə ölkənin  gələcəyi üçün narahat olduqlarını bildirir, 63,5% - i  sadəcə  təhlükəsizlik səbəbi ilə  başqa ölkədə  təhsil almağı  düşünür. İştirakçıların  72,8% - i özünün, 75,4 % - i yaxınlarının  uzaqda olacağı  zaman  terror  hücumuna  məruz  qalacağı  ilə bağlı narahat olduqlarını bildirirlər.

 

Qeyd  edək ki, dünyanın  müxtəlif  ölkələrində  çox sayda universitet, orta məktəb, peşə  məktəbi  və  kolleclər  müəyyən silahlı  şəxləsin, yaxud  hər hansı terror  qruplaşmasının hücumuna  məruz qalıb.  Buna  bir neçə il  öncə  Amerikada  12 yaşlı  şagirdin  odlu  silahdan istifadə  etməklə  müəllim  və  şagirdləri  hədəf  alması, çox sayda  insanın  yaralnması  və  həlak olmasını misal  çəkə bilərik.