Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-23 10:04:00
"Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" seminarı keçirildi  

21-22 aprel tarixlərində "Azərbaycan Respublikasında ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə" adlı onlayn seminar keçirilib. 

 

AzEdu.az-ın məlumatına görə, məqsəd seminar iştirakçılarının peşə təhsili, həmçinin ali təhsildə energetika sahələri üzrə tədris və təlimi zamanı Dayanıqlı İnkişaf naminə Təhsil strategiyalarından istifadə olunmasına dair müvafiq biliklərin əldə edilməsi ilə potensialının gücləndirilməsidir. Maraqlı tərəflər arasında çoxsahəli dialoqun qurulması, beynəlxalq təcrübələrin öyrənilməsi ilə təhsilverənlərin dayanıqlı inkişaf naminə təhsillə bağlı kompetensiyalarının inkişafı mexanizmlərinin müzakirə olunması seminarın əsas vəzifəsi olub. 

 

İki gün davam edən seminarın açılış nitqi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktoru Pərviz Yusifov çıxış edib. Seminarda beynəlxalq ekspertlərlə yanaşı, PTDA-nın şöbə müdiri Zaur Əliyev "Ölkədə peşə təhsili üzrə cari vəziyyət", Təhsil Nazirliyinin sektor müdiri və BMT-nin Avropa İqtisadi Komissiyası ilə milli əlaqələndiricisi Ayla Həsənova- Məmmədova seminara hazırlıq çərçivəsində  keçirilmiş “Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun nəticələri, İqtisadiyyat Nazirliyinin əməkdaşı, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin nümayəndəsi  Elnur İbrahimov isə “Azərbaycanda Dayanıqlı İnkişaf: həyata keçirilmiş tədbirlər və gələcək perspektivlər” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Qeyd edək ki,  "Azərbaycanda dayanıqlı inkişaf naminə təhsil standartlarının tətbiqi üzrə mövcud vəziyyət” adlı sorğunun və seminarın nəticələri əsasında ölkədə ali təhsil və peşə təhsili sahələrində Dayanıqlı İnkişaf naminə Təhsil strategiyasının daha geniş tətbiqi məqsədilə tövsiyə sənədi hazırlanacaq. 

 

Seminar Təhsil Nazirliyi, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və İsveçrə Konfederasiyasının Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin (SERI) birgə təşkilatçılığı ilə keçirilib.

 

Seminarın təşkili Dayanıqlı İnkişaf Naminə Təhsil (ESD) prioritetləri əsasında ölkə üzrə milli, regional və qlobal səviyyədə görülən işlər, həmçinin “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə aparılan islahatları əhatə edən təşəbbüslərdən irəli gəlib.