Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 11:26:00
Azərbaycanın gələcək Səlcuq Bayraqdarı 13 yaşlı Həsən : “Hədəflərimiz Elon Maskla  üst-üstə düşür”

 

 

 

AzEdu.az   “Kiçik Akademiya”nın prezidenti, həmçinin “AzAstro” startapının təsisçisi və icraçı direktoru 13 yaşlı Həsən Quliyevlə həmsöhbət olub.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Həsən haqqında çox yazılır, müxtəlif paylaşımlar edilir.  Onun İstikbal 1,İstikbal 2 və Atilay adlı sualtı dron layihələrini  hazırladığı deyilir.

 

Sözügedən startap çərçivəsində PUA-lar, model peyklər və onların hissələrinin hazırlanması nəzərdə tutulur və müvafiq layihələr üzərində işlər aparılır.  O, hazırda Bakı şəhər 62 saylı məktəb - liseyin şagirdidir.

 

“Startapımız sıfır sərmayə ilə yaradılıb”

 

“AzAstro”  startapı yaradılarkən Azərbaycanın indiki texnoloji bazası araşdırıldı və  düşündük ki, dövlətimiz üçün yeni nə edə bilərik. Bundan sonra komandamızı inkişaf etdirməyə başladıq. Startapımız sıfır sərmayə ilə yaradılıb. Komandamızın tərkibində Türkiyə, İran, Pakistan vətəndaşları da var. Onlar da öz fəaliyyət istiqamətləri üzrə  peşəkardırlar. Hazırda startapa maliyyə dəstəyinin ayrılması üçün dövlət qurumları və individual investorlarla görüşlərimiz keçirilir.

 

Həsən Quliyev erkən yaşda əldə etdiyi uğurların sirrini də açıqladı:

 

“Fərdin inkişafı üçün erkən yaşdan öz üzərində işləyib, araşdırmalar aparması lazımdır. Uşaq yaşlarımdan öyrənməyə can atıram. Bunun üçün kifayət qədər internet resursları mövcuddur.  Axtarışların nəticəsi olaraq startap, xaricdə təhsil və ümumlikdə bütün mövzular haqda geniş məlumat əldə edib, dünyagörüşümü genişləndirirəm.

 

Valideynlərim  sənaye sahəsində çalışmasalar da, hər zaman ən yaxın dəstəkçim olublar. Atam hərbçi, anam müəllimdir. Lakin dayım sahibkardır və bizneslə bağlı ondan öyrənirəm”.

 

“Gələcəkdə xaricdə təhsil almaq istəyirəm. Məsələn, ABŞ, Kanada və Avropanın biznes sahəsini mükəmməl öyrədən universitetlərinin birində oxumağı düşünürəm”.

 

O, “AzAstro”nun hansı məqsədlə yaradıldığını da qeyd etdi:

 

“Hər bir ölkə çalışıb xaricdən texnoloji asılılığını azaltmalıdır. Hansısa xarici ölkə digərinə embarqo irəli sürərsə o ölkənin iqtisadiyyatı zərər görə bilər. Dövlət nə qədər daxili ehtiyaclarını özü ödəsə, bu zaman daha sarsılmaz iqtisadiyyata sahib olar. Bizim startapın əsas məqsədi də budur. Biz “AzAstro”nun  qlobal bazarda uzunmüddətlik lider olmasını hədəfləmişik.

 

Ölkəmizdə koronavirus pandemiyası aşkarlanandan 1 gün sonra “AzAstro” startapını düşündüm. Əvvəlcə youtube hesabını yaratdım, texnologiya və təhsillə bağlı videolar hazırlayıb paylaşdım. İB (International Baccalaureate-beynəlxalq bakalavriat) təhsili haqda ən detallı videonu da mən təqdim etdim”.

 

“Səma cisimlərini teleskopumla izləyirəm”

 

“Astronomiyaya marağım çoxdur. 2 il əvvəl göy cisimlərini  ağıllı telefonumla izləyirdim, araşdırırdım. İndisə bir teleskopum var”.

 

Həsən Quliyev kosmik sahədə İlon Maskı örnək bildiyini vurğuladı:

 

“Astronomiya sahəsində özümə İlon Maskı örnək götürürəm. O, üfüqləri kəşf etməyə can atır. İngilislərin belə bir ifadəsi var ki, “Think beyond boundaries” –yəni, sərhədləri aşaraq düşün. O da sahibkar olaraq bunu əla bacarır. Onun hədəfləri ilə bizimki üst-üstə düşür. Düşünürəm ki, bu sahənin insanları təkcə maddi rifah üçün yox, bəşəri inkişaf naminə çalışmalıdırlar”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları