Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-06 14:41:00
Xarici  institut jurnalistika üzrə magistr proqramı elan edir -Fürsət  

ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edir.

 

Proqramın yerli koordinatorluğundan AzEdu.az -a bildirilib ki, dərslər ABŞ, Avropa İttifaqı və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır. Proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Məqsəd Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

 

Azərbaycandan beş tələbə proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illəri əhatə edir. Proqramın üç semestri – (sentyabr 2021- dekabr 2022) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2023 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaq. 2023-cü ilin iyul ayında diplom işlərini müdafiə etmək üçün onlar yenidən GİPA-ya qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal”ın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

 

Proqrama müraciət üçün sənədlər mayın 10-dək qəbul olunur. Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur. ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin tədris və yaşayış xərclərini maliyyələşdirəcək. Magistr proqramı üzrə qaliblər bu ilin avqust ayında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək.

 

Əlavə məlumat üçün proqramın yerli koordinatoru Mehdi Hüseynquluyevlə (E-mail: [email protected][email protected]) əlaqə saxlamaq olar.

 

Müraciət üçün ərizə forması, tövsiyə məktubları, təhsil məqsədləri haqqında bəyanat, diplomların surəti, diplom əlavələri, şəxsiyyət vəsiqəsinin və ya pasportun surətini qeyd olunan elektron ünvanlara göndərə və ya ABŞ səfirliyinə təqdim etmək olar.

 

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl təhsil müəssisəsidir. Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçu və jurnalistlər yetişdirən institutdur.

 

Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. İndiyədək 155-ə yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.(Azərtac)