https://www.zirve.edu.az/
2021-03-05 12:25:00
Nazirin Türkiyə səfəri nələr vəd edir?-TƏHLİL

Təhsil naziri Emin Əmrullayevin Türkiyə səfəri ikitərəfli əlaqələrin ən yüksək səviyyəsi ilə səciyyələnir

 

 

Müstəqilliyimizin ilk illərindən Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələri ötən müddət ərzində özünün ən yüksək mərhələsini yaşayır. Ümummilli lider Heydər Əliyev tərəfindən ifadə olunmuş “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq iki ölkə arasında geniş vüsət almış əməkdaşlıq çərçivəsində Azərbaycan-Türkiyə təhsil əlaqələri də bu gün daha sürətli və dinamik inkişaf tempi qazanmaqdadır.

 

Azərbaycanın Təhsil naziri Emin Əmrullayevin qardaş ölkəyə nazir statusunda ilk səfəri də ikitərəfli əlaqələrin ən yüksək səviyyəsi ilə səciyyələnir.

 

Səfər çərçivəsində Emin Əmrullayev Ankara şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Təhsil naziri Ankarada Ulu Öndərin adını daşıyan və Azərbaycan tərəfindən ərməğan edilən ümumtəhsil müəssisəsində tədrisin təşkili və məktəblilərin ifasında ulu öndərə həsr olunmuş yaradıcılıq nümunələri ilə tanış olub.

 

Azərbaycanın Təhsil nazirinin qardaş ölkəyə səfəri çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un imzalanması xüsusi əhəmiyyətə malikdir.

 

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla birlikdə imzaladığı protokol çərçivəsində ölkəmizdə iki peşə məktəbinin Türkiyənin  bu sahədə müsbət təcrübəsi əsasında yenidən qurulması, avadanlıq, məzmun və pedaqoji dəstəyin Tükiyə tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. İmzalanma mərasimindən sonra Ziya Selçuk  Emin Əmrullayevin fəaliyyətə başlaması  ilə Azərbaycanla intensiv şəkildə dəstəklənən təhsil münasibətlərinin daha da sürətlənəcəyinə ümidlərinin artdığını bildirib: “Biz hörmətli nazirlə görüşümüzdə öncəliklə yeni imzaladığımız “Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un həyata keçirilməsi mövzusunda bəzi fikir mübadiləsi apardıq. Görüşlərimizin və əməkdaşlığımızın qardaş xalqlar üçün daimi olacağına inanıram”, - deyə Z.Selçuk bildirib.

 

E.Əmrullayev Vətən müharibəsində Qələbədən sonra Türkiyə ilə təhsil və digər sahələrdə yeni işgüzar əlaqələrin  daha da sürətlənəcəyini vurğulayıb: “Hesab edirik ki, protokol həm peşə təhsili, həm də infrastrukturun daha düzgün yaradılmasına xidmət edəcək”. 

 

İki ölkə arasında imzalanan protokol sənədindən gözləntilərin böyük olduğunu deyən E.Əmrullayev qeyd edib ki, bu saziş Azərbaycanda gənclərin peşə təhsili sahəsində daha yaxşı hazırlanmasına şərait yaradacaq.

 

Səfər çərçivəsində Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Baş İdarəsi ilə Azərbaycan vətəndaşlarına Türkiyə Respublikasının seçilmiş tədqiqat universitetlərində doktorantura səviyyəsində təhsil almaq və qısamüddətli tədqiqat aparmaq imkanı yaradan Niyyət Məktubu imzalayıb. Yerli ali təhsil müəssisələrimizin pedaqoji və tədqiqat resurslarını artırmağa xidmət edən bu sənəd vətəndaşlarımıza qardaş Türkiyədə əlavə təhsil imkanı yaradır.  

 

Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasında (YÖK) olub. Görüşdə Təhsil nazirinin Türkiyə Respublikasında təhsil alan 23 min vətəndaşımızın təhsilindən irəli gələn məsələlər müzakirə etmək imkanı olub. Bununla yanaşı, qardaş ölkənin ali təhsil müəssisələri ilə yerli ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının genişləndirilməsi üzrə müzakirələlər keçirilib. Dövlət və özəl ali təhsil müəssisələri olaraq Ankara Universitetində və Bilkənt Universitetindəki görüşlərdə iki ölkənin ali təhsil müəssisələri arasında tələbə-müəllim mübadilələrinin həyata keçirilməsi, pedaqoji və inzibati heyətin ixtisasartırma imkanlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Pandemiya dövründə tədrisin təşkilində Türkiyə Milli Təhsil Nazirliyinin uğurlu təcrübəsi ilə yaxından tanışlıq məqsədi ilə Təhsil naziri Emin Əmrullayev Ölçmə və Dəyərləndirmə Mərkəzi tərəfindən təqdim olunan EBA platformasının təqdimatında iştirak edib və Türkiyə timsalında ümumtəhsilin məzmununun çatdırılmasında texnoloji dəstəyin üstünlüklərini dəyərləndirib.

 

Səfər çərçivəsində Emin Əmrullayev eyni zamanda Anadolu Peşə və Texniki Liseyini ziyarət edib və peşə təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığı ilə yerində tanış olub.   

 

Beləliklə də Təhsil naziri Emin Əmrullayevin Türkiyə səfəri və əldə olunmuş razılaşmalar təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səylərin gücləndirilməsi istiqamətində mühüm mərhələ təşkil edir.

 

Oruc MUSTAFAYEV,Azərbaycan müəllimi