https://www.zirve.edu.az/ #
2021-02-24 11:50:00
Akkreditasiya olunmuş ali təhsil müəssisələrinin monitorinqi həyata keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş 5 filialının monitorinqi həyata keçirilib.


AzEdu.az xəbər verir ki, monitorinqin  həyata keçirilməsində məqsəd akkreditasiya qiymətləndirilməsi zamanı Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icra vəziyyətinin məsafədən qiymətləndirilməsi olub. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq monitorinq məsafədən və akkreditasiya sonrası filiallar tərəfindən təqdim edilən tədbirlər planlarının əsasında aparılıb.

 

Monitorinq zamanı tövsiyələrin icrasından məsul struktur bölmə rəhbərləri , eləcə də filialların direktorları ilə müsahibələr təşkil olunub. Müsahibələrin nəticəsi və eyni zamanda filialların təqdim etdiyi təsdiqləyici sənədlərin əsasında Akkreditasiya Kommissiyalarının yekun hesabatlarında verilmiş tövsiyələrin icra vəziyyəti qiymətləndirilib.
 

Qeyd edək ki,  Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən, təhsil müəssisələri akkreditasiya sonrası Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrası ilə bağlı fəaliyyət planı hazırlayaraq təsdiq üçün Agentliyə təqdim edir. Agentlik isə həmin fəaliyyət planının icrasına nəzarət edərək illik hesabatları təhlil edir.