https://www.zirve.edu.az/
2021-02-02 13:54:00
“Günahları valideynin üzərinə atıb, özümüzü təmizə çıxarmamalıyıq”-RTŞ işçisi 

“Şagirdin özəl problemləri barədə fərdi söhbət etmək  və  valideynlərə kömək təklif etmək olar. Bütün günahı valideynin üzərinə atıb, özümüzü  təmizə çıxarmağa çalışmaq düzgün deyil. Problemi paylaşmağı bacarmaq lazımdır”

 

Azedu.az xəbər verir ki, bunu Quba rayon Təhsil şöbəsinin işçisi Qələmşah Dostuyev öz rəsmi feyzbuk səhifəsində paylaşıb.

Onun fikrincə, valideynləri məktəbin idarəetməsinə cəlb etmək, müəllim-məktəb-valideyn münasibətlərini səmərəli qurmaq üçün direktorlar bəzi yaradıcı işlər görməlidirlər:

 

“Məktəbdə şikayət və təkliflər qutusu yaratmaq olar. Valideyn və şagirdlər düşündüklərini ora yazıb atsın. Ayda bir dəfə qutunu açıb oxuyun və müzakirə edin.  

 

Yaxud valideynlər üçün tur təşkil edin. Onları məktəbdə gəzdirin. Məktəbdəki yeniliklərlə və planlarınızla tanış edin. Sonda isə çay süfrəsi təşkil etmək  və onları çaya qonaq etməklə də səmimi ortam yaratmaq olar.

 

Valideyn iclaslarını təşkil edərkən, bir qədər şablondan kənara çıxmaq lazımdır. Məsələn,  iclasdan əvvəl şagirdlərin əl işindən ibarət sərgi düzəltmək  və onları sərgi ilə tanış etmək olar. İzahatlar verin və diqqət göstərin. İclasda valideyni və ya onun övladı olan şagirdi açıq hədəfə qoyub tənqid atəşinə tutmaq düzgün deyil. Mümkün qədər ad çəkməyərək, problemlərdən ümumi danışmaq və şagirdlər haqqında məlumat verəndə diqqətli olmaq mütləqdir. İclasın sonunda iradlarınızı, problemləri yazılı şəkildə və fərdi olaraq valideynə təqdim etmək, fikrimcə, daha faydalıdır.

 

Qələmşah müəllimin sözlərinə görə şagirdlər kimi valideynləri də situmullaşdırmaq lazımdır. Bunun isə müxtəlif yolları var:

 

“Valideynlərin şərəf lövhəsini yaratmaq  məktəbə dəstək olan, fəal olan valideynlərin şəklini onların icazəsi ilə həmin lövhəyə vurmaq olar. Valideyn və şagirdlərin birgə iştirakı ilə viktorinalar təşkil edin.  Təlim-tərbiyəsi ilə seçilən şagirdlərin valideynlərinə məktub yazaraq təşəkkür etmək, imkan daxilində , bayramlarda valideynlərə təbrik açıqcası ünvanlamaq da onları məktəbə yaxınlaşdıracaq.

 

Arada, problemi olan və ya problemli olan şagirdlərin evinə qonaq gedilə bilər,bu zaman  tək getməyin, əvvəlcədən xəbər verməklə və razılıq alaraq gedin. Razılıq alandan sonra, qətiyyətlə bildirin ki, heç bir yeməkdən söhbət gedə bilməz. Buna qəti yol verməyin. Ciddi israr olarsa bir stəkan çay içmək olar. İmkan daxilində ailəyə kiçik bir hədiyyə aparmaq olar: bir qutu şiriniyyat və ya başqa uyğun bir hədiyyə”.

“Bütün bunların məktəbin valideynlərlə münasibətinə çox böyük müsbət təsiri olacağına şübhə etməyin”-deyə Q.Dostuyev sözlərinə əlavə edib.