https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-01-28 11:08:00
Məktəblərin açılmasını reallaşdıran vacib amillər – Məsul katibdən geniş təhlil

 

 

 

“Valideyinlər təbii hal olaraq, bu  məsələyə  münasibətdə  qruplaşırlar: Bəziləri  məktəblərin  açılması  və  ənənəvi  təhsilin  bərpa  edilməsini,  bəziləri  isə  bu  məsələdə  bir  qədər  ehtiyatlı  olmağı  düşünürlər. Ümüd  edirəm  ki, bununla  bağlı  narahatlıq  yaşanmayacaq”.

 

Bunu  AzEdu.az-a  açıqlamasında  Təhsil  Nazirliyi  yanında  İctimai  Şuranın  məsul  katibi, fəlsəfə  doktoru  İlqar  Orucov  bildirib.

 

O  qeyd  edib  ki, Təhsil  Nazirliyi  bu məsələ ilə bağlı mütəmadi  olaraq  aidiyyatı  qurumlarla   təhlillər aparacaq, həll yolları istiqamətində işlər  həyata keçiriləcək:

 

“Fevralın  1-dən  etibarən Azərbaycanda  hibrid  formada  təhsilə  keçid  təmin  olunacaq.  Bu  gün  ölkəmizdə  koronavirusa  yoluxma  sayının  azlığı, sanitar - epidemioloji  vəziyyətin  nəzarət  altında  olması  bizə  imkan  verir  ki, artıq  çoxdan  gözlədiyimiz  ənənəvi  təhsil  formasına  keçidi  təmin  edə  bilək.  Təhsil  Nazirliyi  mütəmadi  olaraq  aidiyyatı  qurumlarla,  xüsusi  ilə  də  Operativ  Qərargahla  məsələni  təhlil  edəcək. Hər  hansı  məktəbdə  yoluxma  qeydə  alınacağı  halda  həmin  təhsil müəssisəsi  ilə  bağlı  lokal  xarakterli  qərarlar  qəbul  ediləcək”.

 

Yoluxma  məktəblərdə  deyil, cəmiyyətdə  və  ailələrdədir

 

 

 

“Mən  bütün  hallarda  məktəblərin  açılmasının  tərəfdarıyam. Bir  neçə  müddət  öncə  də  bu proses baş vermiş, ənənəvi  tədris qismən  də olsa bərpa edilmişdi.

O  zaman  şagird  və  müəllimlər  arasında yoluxma  halları  qeydə  alınanda   vurğulamışdıq ki, bunan səbəb məktəblər deyil;  yoluxma  prosesi   daha  çox  cəmiyyətdə, ailələr daxilində  yaşanır . Bu  səbəbdən,  ailələr  mütləq  şəkildə  ehtiyatlı  olmalıdırlar; təhlükə  hələ  qalmaqdadır.  

 

Şagirdlərin  məktəbə  gəlməsi  ilə  bağlı  hazırda  hər  hansı  məcburiyyət  yoxdur. Əgər şübhəli  bir  hal  müşahidə  olunarsa, bu  zaman  ailələr  aidiyyəti  üzrə  test  verib  məsələni  nəzarətdə  saxlasalar,   daha  yaxşı  olar.  Bu qəbildən olan ailələrdə şagirdlərin məktəbə  buraxılmaması   yoluxmanın  artmamasına  gətirib  çıxaracaq.

 

Məsul  katib  hazırda məktəblərdə  görülən  tədbirlərdən  danışıb:

 

“Məktəblərdə  sanitar – epidemioloji  vəziyyət  ən  yüksək  şəkildə  nəzarətdə  saxlanılır. Məktəblərin  dezinfeksiya  edilməsi, xüsusi  ilə  siniflərdə  sıxlığın  aradan  qaldırılması, sosial  məsafənin  gözlənilməsi, şagirdlərin  sinfə  daxil  olarkən  dezinfeksiyaedici  məhsullardan  istifadə  etməsi  ilə  bağlı  lazımı  imkanlar  yaradılıb.

 

Müəllimlərin  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədi  ilə  onların  sinifə  qoruyucu  maska  ilə  daxil  olması  tələb  olunur.  

 

Demək  olar  hər  gün  bu  məsələlərlə  bağlı  sanitar – epidemioloji  tədbirlər  həyata  keçiriləcək.

Şagird və müəllimlərin  temperaturunun  nəzarətdə  saxlanılacaq, hər  hansı  şübhəli  vəziyyət müşahidə  ediləcəyi  halda  həmin  təhsilalan  yaxud  təhsilverənin  tədrisdən  uzaqlaşdırılması  ilə  bağlı  dərhal  tədbir  görüləcək”.

 

 

Məktəblərlə  yanaşı  valideyinlərin  də  üzərinə  xeyli  məsuliyyət  düşür

 

İ. Orucov ümumilikdə  bu  mövzuda  insanlarda  vahimə, narahatlıq  yaradacaq  məsələləri   birmənalı  şəkildə  qəbul  etmədiyini,  lakin qaydalara riayət  olunmasının  vacibliyini vurğulayıb:

 

Bu  məsələlərlə  bağlı  dünyanın  müxtəlif  ölkələrində  hansı  görülən səmərəli  işlər  Azərbaycan  məktəblərində  də  uyğun  şəkildə  tətbiq  ediləcək.

 

 Ümumilikdə  bu  mövzuda  insanlarda  vahimə, narahatlıq  yaradacaq  məsələləri   birmənalı  şəkildə  qəbul  etmirəm. Düşünürəm  ki, bununla  bağlı  məktəblərin  üzərinə  düşən  vəzifələr  aydındır  və  məktəb  rəhbərləri  aidiyyatı  qurumlar, eyni  zamanda  Təhsil  Nazirliyi  nə  mümkündürsə  onu  edəcək.

 

Ancaq  bu  zaman  valideyinlərin  də  üzərinə  xeyli  məsuliyyət  düşür.  Şagird  günün  müəyyən  saatı  məktəbdə  olur, dərsdən qayıtdıqdan sonra  onun  sağlamlığının  təhlükəsizliyi, xəstəliyə  yoluxmaması  məqsədi  ilə, mütləq  şəkildə  Operativ  Qərərgahın  tələb  etdiyi  qaydalara  əməl  edilməsi  lazımdır.

 

Azərbaycanda  dövlət  səviyyəsində  pandemiyanın  geniş  yayılmaması,  yaxud  yayıldığı   arealın  lokallaşdırılması  istiqamətində görülən  işlər  bu  gün  bizə  əsas  yaradıb  ki,  məktəbləri  aça  bilək. Ancaq  yenə  də  diqqətli  olmalıyıq.

 

Əlbəttə  ki,  məktəblərin  açılması  bütövlükdə  cəmiyyətin  təhsilsizlik  mühitinin  ortadan  qaldırılmasına  gətirib  çıxaran  faktordur.  Doğrudur, məktəblər  bağlandığı zamanda da tədrisin fasiləsizliyini təmin etmək üçün   mümkün  olan  tədbirlər  həyata  keçirildi. Amma hər  halda  biz  fikirləşirik  ki, ənənəvi  təhsilə  keçidin  proqram  mövzularının  mənimsənilməsi  istiqamətində  keyfiyyət   göstəricisi   daha  üstündür.  Ümid  edirəm  ki, həm  şagirdlər, həm  də  valideyinlər  məsuliyyət  nümayiş  etdirəcəklər.  Bütövlükdə  cəmiyyət  pandemiyanın  daha  geniş  yayılmaması, eyni  zamanda  məktəblərin  yenidən  qapadılmaması  istiqamətində  məsuliyyət  nümayiş etdirəcək.

 

“Durumu  elə  idarə  etmək  lazımdır  ki, yuxarı  siniflərdə də  ənənəvi  tədris  bərpa  olsun”

 

 

“İlk  olaraq  ibtidai  siniflərdə, növbəti  mərhələlərdə  isə  daha  yuxarı  siniflərdə  məktəblərin  açılması  gözlənilir. Mövcud  durumu  elə  idarə  etmək  lazımdır  ki, biz  növbəti  mərhələdə  yuxarı  sinif  şagirdlərini  ənənəvi  təhsilə  qovuşdura  bilək. Hazırda  pandemiya  təhlükəsi  bütün  dünyada  qalmaqda   davam  edir. Sadəcə  Azərbaycanda  vəziyyətin  nəzarət  altında  olması  səbəbi  ilə  tədrisin  bərpası  mümkün  olur. 

 

Bir  daha  ümüd  edirəm  ki, cəmiyyətimiz  məsuliyyət  nümayiş  etdirərək  idarəolunan  vəziyyəti  idarəolunmaz  hala  gətirib  çıxarmayacaqlar  və  biz  planlarşdırılmış  şəkildə  təhsil  müəssisələrində  ənənəvi  təhsilin  bərpasını  həyata  keçirə  biləcəyik”.

 

Qeyd  edək  ki, fevral  ayının  1-dən  etibarən  məktəblərdə  ənənvi  təhsil  hibrid  formada  bərpa  ediləcək. Ali  təhsil  müəssisələrində  ənənəvi  təhsil  bərpası   ilə  bağlı  isə  hələ  ki,  bir  qərar  yoxdur.