Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-16 15:24:00
Tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən sualları – Və onların cavabları

AzEdu.az tələbələrin köçürülməsi prosesi ilə bağlı ən çox verilən sualların cavablarnı təqdim edir:

 

Sual: Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?

 

Cavab: Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq,

 

Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

 

Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir?

 

Cavab: Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

 

Sual: Azərbaycanın ali məktəblərində tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) hansı hallarda baş verə bilər?

 

Cavab: Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.

 

Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları

qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

 

Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı hansı minimal keçid balları nəzərə alınır?

 

Cavab: Təhsil Nazirliyi minimal keçid balları haqqında məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən əldə edir.

 

Sual: Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır?

 

Cavab: Magistratura səviyyəsinin I tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

 

Sual: Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?

 

Cavab: Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

 

Sual: Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?

 

Cavab: Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

 

Sual: Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?

 

Cavab: Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri

reytinqlərində yer alması;

- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;

- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri;

təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;

- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.

 

Sual: Köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?

 

Cavab:

- Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);

- Təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);

- Köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);

- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);

- Təhsil haqqı borcunun olmamasına dair arayış.

 

Sual: Tələbənin köçürülmə əmri verildikdən sonra köçürülmədən imtina edə bilərmi?

 

Cavab: Xeyr, imtina edə bilməz. Tələbə yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.

Sual: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ varmı?

Cavab: İştirak edə bilər.

 

Sual: Bir semestr ərzində tələbə transfer.edu.az saytında neçə dəfə qeydiyyatdan keçə bilər?

Cavab: Tələbə yalnız bir dəfə qeydiyyatdan keçə bilər.

 

Sual:Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi hansı qaydada aparılır?

 

Cavab: Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.

 

Sual: Əgər tələbə bakalavriat səviyyəsində dövlət hesabına təhsil alırsa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?

Cavab: Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil çalacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

 

Sual: Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?

 

Cavab: Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.