Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-11 16:12:00
Distant dərslərin “kamera arxası” – Müəllim  pis vəziyyətə düşdü  

 

Azedu.az mütəmadi olaraq distant dərslərlə bağlı yazılar yayımlayaraq  müəllimlərin, şagirdlərin və valideynlərin narahatlıqlarını tez-tez gündəmə gətirir.

 

Bu yazıda isə distant dərslərin “kamera arxası” görüntülərini təqdim edirik.

 

Azərbaycan  Dillər Universitetinin müəllimi  Təvəkkül Boysunar özəl dərs zamanı başına gələnlərdən danışır:

 

“Günorta tələbələrə dərs keçirdim. Birdən-birə hiss elədim ki, möhkəm yorulmuşam və ağlımdan keçdi ki, tələbələrə tapşırıq verib kameranı da, səsi də 5-10 dəqiqəlik söndürüm. Elə də elədim.

 

Sonra ayağa qalxdım. Kompüterin qabağında pəncərəyə söykənib dincəlmək istəyirdim ki, anamın ucadan səsi gəldi:

 

- Təvəkkül, sən nətər adamsan? Bu narı dənələdim ki, adam kimi yeyəsən. Niyə tökmüsən yerə?

İstədim deyəm, mən tökməmişəm, amma susdum.

Sonra atamın səsi gəldi:

- Nar o tərəfə e, bayaq ayaq üstəydi, dedim bir stəkan çay süz. Çayın bir azın tökdü nəlbəkiyə, bir azın stolun üstünə, bir azın da xalçanın üstünə.

Sonra anam davam elədi:

- Sənə bu səliqəynən hansı qız gələcək, bilmirəm.

Mənsə laqeyd-laqeyd cavab verdim:

- Xahiş eləyirəm, bu məsələləri şişirtməyək. Özünüz bilirsiz ki, mən necə səliqəli adamam.

Sonra pəncərəyə dırmaşan pişiyin səsini eşidib arxaya döndüm. Əhvalım yaxşı olduğu üçün:

- Pişiiik, - deyə onu çağırıb bir az söhbət elədim. Sonra birdən digər otaqdan atayla ananın qəfil mübahisəsinin səsi gəldi. Sonra atam otağa girib əsəbi-əsəbi:

- Oğlum, sənə dünən demədim, çıx həyətdən bir az karalyok yığ? - dedi.

- Ay da yadımdam çıxıb e. Qoy dərsi qurtarım, çıxıb yığıram, - dedim.

Sonra uca səslə bütün evdəkilərə elan verdim:

- Ay camaat, dərsə başlayıram ha. Xahiş eləyirəm hay-küy salmayın. Tələbələrin qabağında biabır eləməyin məni.

Bunu deyib təzədən ekranın qarşısına keçdim və kamerayla səsi açıb dərsə davam etmək istəyirdim ki, səsin onsuz da açıq olduğunu gördüm. Sən demə bayaq səsi bağlamamış imişəm. İstədim təzədən evdəkilərə səslənim və artıq biabır olduğumu deyim, amma bilirdim ki, bir azdan güldanı sındırmağımdan xəbər tutacaqlar, ona görə də tələbələrdən utana-utana dərsə davam elədim və özümü elə apardım ki, guya onlar bayaq heç nə eşitməyiblər”.