Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-02 10:29:41
Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq.

AzEDU APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nda əksini tapıb.

Qısamüddətli təlim qruplarında uşaqlarla işin təşkili zamanı fərdi, qrup və yarım qrup formalardan istifadə olunacaq. Qısamüddətli təlim qrupları məktəbəqədər təhsil müəssisəsində təşkil olunur. Qısamüddətli təlim qrupları yerli icra hakimiyyəti orqanının razılığı əsasında məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən yaradılır. Uşaqların qısamüddətli təlim qruplarında qalma müddəti valideynlərlə (digər qanuni nümayəndələrlə) bağlanılmış müqavilə ilə tənzimlənir və 2 saatdan 4 saatadək qidalanma olmadan təşkil edilir. Qısamüddətli təlim qrupları ödənişli və ya ödənişsiz ola bilər. Uşaqlara tibbi xidmət məktəbəqədər təhsil müəssisəsinin tibbi heyəti tərəfindən həyata keçirilir. Qısamüddətli təlim qrupunun yaradılması üçün məktəbəqədər təhsil müəssisəsinin müdiri yerli icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim edir:

- qısamüddətli təlim qrupunun yaradılması ilə bağlı ərizə;

- övladlarının (himayəsində olan uşağın) qısamüddətli təlim qrupuna qəbul edilməsi ilə bağlı valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsi;

- məktəbəqədər təhsil müəssisəsində qısamüddətli təlim qrupunun yaradılması üçün müvafiq şəraitin olması barədə məlumat.

Qısamüddətli təlim qruplarına 3 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər. Qısamüddətli təlim qruplarında uşaqların sayı 15 nəfər, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün qruplarda isə 10 nəfər müəyyən olunur. Sağlamlıq imkanları məhdud olan uşaqlar bu qrupa həmin müəssisədə korreksiya işlərini və reabilitasiyanı aparmaq üçün şərait və mütəxəssis olduğu halda, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə əsasən qəbul edilirlər. Qısamüddətli təlim qrupu təşkil olunan məktəbəqədər təhsil müəssisəsi ilə həmin qruplara qəbul edilmiş uşaqların valideynləri (digər qanuni nümayəndələri) arasında müqavilə bağlanılır. Qısamüddətli təlim qrupları büdcə vəsaitləri, büdcədənkənar vəsaitlər, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər və müəssisənin nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə edilən vəsaitlər hesabına maliyyələşdiriləcək.