Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-30 17:45:00
UNEC-də Dünya Azərbaycanlılarının həmrəylik günü qeyd edilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadçı Vətənpərvərlər Təşkilatının və Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Biz gəlmişik, Qarabağ” adlı onlayn tədbir keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, tədbirin ilk açılışında Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatının sədri Namiq Muradov tədbir iştirakçılarını Zəfər bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edib. O, Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm qələbədən danışaraq, bunun bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

 

Tədbirin moderatoru, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri, əslən Laçından olan Yusif Cəfərbəyli 44 günlük Vətən müharibəsinin xalqımızın tarixinə şanlı Zəfər tarixi kimi əbədi həkk olunduğunu, 30 ilə yaxın həsrətdən sonra o torpaqlardan didərgin düşmüş insanların ata-baba yurdlarına yenidən geri qayıdacağını deyib.

 

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova xalqımızın, dövlətimizin birliyinin, dövlətimizin başçısına sonsuz inam  tarixi qələbə ilə nəticələndiyini, bu qələbənin Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün də etibarlı zəmin yaratdığını, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirəcəyini bildirib.

 

Tədbirdə iştirak edən millət vəkili Ceyhun Məmmədov ilk öncə bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açaraq, işğalından azad olunmuş ərazilərimizin yenidən bərpası prosesində hər kəsi birlik nümayiş etdirməyə səsləyib.

 

Daha sonra çıxış edən Abdulla Şaiq adına Mənzil Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə Qarabağın musiqi xadimləri muzeyinin yaradılması, muzeylərin fondunda saxlanılan Qarabağa aid eksponatların bərpası, işğaldan azad edilmiş ərazilərdə bərpa ediləcək muzeylərin fondlarının formalaşdırılması məqsədilə müvafiq işlərin aparıldığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

 

Tədbirdə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın diaspor təşkilatlarının sədrləri və fəalları da iştirak ediblər. Niderland Azərbaycan Mədəniyyət Evinin rəhbəri Elxan Mirhəşimli və mətbuat katibi Lalə Aydəmirova, Almaniyadan Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Səttar Kərimov, Türkiyədən Baku-Ankara saytının rəhbəri Oqtay Hacımusəli və digər həmvətənlilərimiz xaricdə yaşamaqlarına baxmayaraq, hər zaman ürəklərinin vətənlə döyündüyünü və yaşadıqları ölkədə Azərbaycan həqiqətlərini geniş şəkildə təbliğ etdiklərini bildiriblər.

 

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, Qərbi Azərbaycan İcmasının ideoloji məsələlər üzrə sədr müavini Mirfaiq Mirheydər, YAP Səbail Rayon Təşkilatının Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova, UNEC-in müəllimi Pərviz Səmədov, UNEC 24/7 kitabxananın müdiri Arzu Məmmədova və tələbələr öz çıxışlarında Azərbaycanın rəşadətli ordusunun zəfər yürüşündən danışıblar, 44 günlük hərbi əməliyyatlar dövründə siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlının milli birlik nümayiş etdirdiyini diqqətə çatdırıblar.

 

Sonda Yusif Cəfərbəylinin ifasında şəhidlərimizin ruhuna ithaf olunun “Xudayar” təsnifi və muğam parçası bütün qonaqların marağına səbəb oldu.