Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 11:27:00
"İctimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək"-Emin Əmrullayev

Təhsil naziri Emin Əmrullayev media nümayəndələri ilə birlikdə bir sıra mühüm məqamlara aydınlıq gətirib

 

 

"Təhsil" Televiziyasının  dekabrın 2-də yayımladığı  "Təhsil naziri ilə söhbət"in  qonağı olan Təhsil naziri Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun  aparıcısı olduğu verilişdə İctimai Televiziyanın əməkdaşı Vüsalə Məmmədova və 1 news. az informasiya agentliyinin baş redaktoru Rəhman Hacı iştirak ediblər.      

 

Təhsil  naziri ilə söhbətin  I hissəsini oxucularımıza təqdim edirik.

 

Vacib məsələlərdən biri məsuliyyətin tərəflər üzərində paylanmasıdır

 

Cəsarət Valehov: Bugünkü verilişə   bir çox hallarda cənab Təhsil nazirinə telemüsahibələrdə verilməyə  macal tapılmayan suallarla gəlmişik  və böyük məmnuniyyətlə Emin müəllimin təhsil mövzusunda olan fikirlərini dinləyə biləcəyik.  Mən düşünürəm ki, bizim hörmətli həmkarlarımız  Rəhman Hacı və Vüsalə  Məmmədovanın  verəcəkləri suallarla  Emin müəllimlə bir müzakirə formatı təşkil edəcəyik.

 

Rəhman Hacı:  Mənim birinci sualım deyərdim ki,  dövrümüzün ən aktual məsələsi ilə bağlıdır.  Ümumiyyətlə,  hal-hazırda nazirlik tərəfindən pandemiyadan irəli gələn problemlərlə bağlı hər hansı risklərin qiymətləndirilməsi aparılırmı və müəyyən planlar hazırlanırmı? İkinci sualım çox ciddi bir  məsələ ilə bağlıdır.   Adətən ailədə 1 ev kompüteri mövcuddur və indiki dövrdə valideynlər də artıq uzaqdan işləməyə məcburdurlar. Bu da o deməkdir ki,  ailədə kompüter 1dənə olsa belə o kompüterdən istifadə etməli olan şəxslər bir neçə nəfərdir. Uşaqların sayı 1-dən çoxdursa, bu, artıq ciddi bir problemə çevrilir. Sizin fikrinizcə, gələcəkdə bu kompüter qıtlığı ilə bağlı məsələni necə həll etmək olar? Ümumiyyətlə bununla bağlı hər hansı bir ideyalar, plan varmı?

 

Emin Əmrullayev, Təhsil naziri: Sualınıza görə təşəkkür edirəm. Həqiqətən də COVID-19 pandemiyası tək Azərbaycanda deyil, göründüyü kimi, bütün dünyada qəflətən və gözlənilməz olan bir hadisədir. Bəzən sual verirlər ki, bəs bizim təhsil sistemimiz buna hazır idimi? Mənə elə gəlir ki, nəinki biz, ümumiyyətlə,  dünya buna hazır deyildi. Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyəti 2 hissəyə bölərdim. Birinci hissəni şərti olaraq texniki və yaxud da cari  adlandırmaq olar. Üzbəüz ənənəvi öyrəşdiyimiz müəllimlər,  valideynlər, şagirdlər üçün asan olan və yaxud hamının rahat hesab elədiyi öyrənmə mühitini bu günləri bizdən asılı olmayan səbəblərə görə  təşkil edə bilmirik.  Aydın məsələdir ki, niyə edə bilmirik.  Çünki hal-hazırdakı tədqiqatlara görə məktəblər yoluxmaya ən çox təsir edən  yerlərdən biri hesab edilir. Və insan həyatı,  sağlamlığı naminə, təbii ki, bugünkü təhsili həmin dediyim ənənəvi qaydada təşkil edə bilmirik. Distant təhsil bu günləri bəzən mənə elə gəlir ki,  cəmiyyətdə sanki biz ənənəvi təhsildən distant təhsilə keçirik kimi qarşılanır. Amma hazırkı dövrdə,  ona görə bunu cari adlandırıram, yəqin ki, daha çox böhranlı vəziyyətdə mümkün dərəcədə nə mümkündürsə öyrənməyə, onu edə bilirik. Böhran vəziyyətini öyrənmək üçün mümkün olanı edirik. Eyni zamanda həmin o situasiyada vacib məsələlərdən biri təhsil prosesinin çoxtərəfli  proses olması,  məsuliyyətin tərəflər üzərində paylanmasıdır. Dövlət təhsildə vacib rol oynasa da,  ancaq yeganə vacib rolu oynayan amil deyil. Yəni, istər valideynlər, müəllimlər, məktəb, istərsə də nazirlik  olsun, bu,  hamının problemidir. Problem isə ortadadır və biz onu  hər bir halda ictimaiyyətdən nəyi isə gizlətmədən imkanlarımız çərçivəsində müzakirə etməyə hazırıq. O ki, qaldı həmin o cari blokda sizin dediyiniz kompüter çatışmamazlığı, internetə çıxışın zəif olmasına.  Mən bura müəllimlərimizin onlayn dərs keçmə bacarıqlarını da əlavə edərdim.  Çünki onlayn dərs yalnız hansısa proqrama qoşulub ekranın bu biri tərəfindən danışmaq deyil. Onlayn dərslər tədrisin tamam başqa formatıdır. Təbii ki, biz bu baxımdan koronavirus pandemiyasına davamlı olaraq problematik tərəf  kimi baxa bilərik.  Ən birinci gündən biz başa düşürdük ki, kompüter və internet problemləri olacaq. Ona görə də teledərslər modelini seçdik. Çünki bu gün teledərslər kompüterlərlə müqayisədə ən azı minimal olaraq nəyisə şagirdə çatdırmağa imkan verir. Düzdür, zamanı ola bilər ki, az olsun. Mən özüm də zaman-zaman həmin teledərslərə baxıram. Həqiqətən də ən savadlı müəllimlər öz bilik və bacarıqlarını ekran vasitəsilə şagirdlərə çatdıra bilirlər. Təbii ki, burada problem interaktivliklə bağlıdır. Şagird həmin an suallarını verə bilmir və s. Onlayn dərslərlə bağlı bugünkü rəqəmlərə  baxsaq, Bakı, Sumqayıt kimi böyük şəhərlərdə təxminən 74-75% şagirdi  qeydiyyatdan keçirərək  onlayn təhsilə cəlb edə bilmişik. Digər yerdə qalan şagirdlərlə bağlı məsələ,  təbii ki, bizim üçün də problemdir.  Bu gün Azərbaycanda 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda  yoxdur. Yəni 1 milyon 500 min ədəd kompüter kifayət qədər böyük saydır. Yəni düşünməyək ki, bu sayda kompüteri insanlara çatdıran kimi bununla bağlı  problemlərimiz həll olunacaq. Mənə elə gəlir ki, əksinə, bizim ciddi problemlərimiz yaranacaq. Belə ki, kompüterlərdən istifadə zamanı  sınma və ya baş verə biləcək texniki nasazlıqlar, təmir olunmaq ehtiyacının yaranması  və s. məsələlər meydana çıxa bilər. Yəni, bu, birtərəfli deyil, bütövlükdə  sistemli bir iş olmalıdır. 1 şagird bir kompüter sistemi tətbiq edilən ölkələrin bir çoxunda da məhz sadaladığım səbəblərlə  bağlı  elə də böyük uğurlar əldə edilməyib.

 

Düşünürəm ki, bu proses bizlərə  indi yeni bir imkan açır. İctimai müzakirəyə açıq olmalıyıq ki, düzgün strategiya seçək.  Yəni hazırda müvəqqəti olaraq deyək ki, teledərslər,  mümkün dərəcədə onlayn dərslər veririk,  sonra biz ənənəviyə qayıdırıq. Bu, bir yanaşma ola bilər. İkinci yanaşma ola bilər ki, yaxşı, belə bir situasiya ilə bir daha üzləşsək, onda nə edəcəyik? Ondakı fəaliyyət planımız nədən ibarətdir?  Məsələn, hazırda nazirlik olaraq  təbii ki, ikincisinin üzərində düşünməyə başlayırıq. Ali təhsil müəssisələrində distant təhsilə keçid, ümumiyyətlə,  distant təhsil vasitəsilə dərəcələrin verilməsi, deyək təhsilin bu formata keçməsi və transformasiyası  barədə düşünə bilərik. Amma hamı başa düşür ki, transformasiya bir gecəyə baş vermir. O ki qaldı ikinci hissəyə, yəni hansına ki mən buna daha çox uzunmüddətli strateji  blok deyə bilərəm. Bu mənə elə gəlir hər bir insana həm təhsildə,  həm təhsil olmayan sahələrdə bir şey öyrətdi ki, yeni dövr kifayət qədər qeyri-müəyyəndir. Yəni biz görürük ki, qeyri-müəyyənlikləri kim daha yaxşı başa düşüb idarə etməyə hazırdırsa həmin sistemlər daha uğurlu və daha çox şeyə nail ola bilər, nəinki ənənəyə sadiq qalmaq istəyən sistemlər. İctimaiyyətin sifarişi nədir? Çox vacib bir sualdır.  Mənə elə gəlir ki, biz şikayət ab-havasından irəliyə, düşüncə ab- havasına keçməliyik .

 

Qazilərlə bağlı məsələyə status kimi baxmalıyıq

 

Vüsalə Məmmədova: Cənab nazir, biz tarixi günləri yaşayırıq. Azərbaycan əsgəri bizə zəfər duyğusunu yaşadıb. Təhsil Nazirliyi bu gün Vətən Müharibəsinin qəhrəmanı olan oğullarımızın  təhsil haqqından azad edilmələri üçün hansısa təkliflə çıxış edəcəkmi?

 

Emin Əmrullayev, Təhsil naziri: Siz artıq qeyd etdiniz ki, bu qələbə Azərbaycan əsgərinin qanı və canı bahasına başa gəlib. Allah şəhidlərimizə rəhmət eləsin! Bu işdə öz canından və qanından keçən insanlar Azərbaycanın növbəti nəsli qarşısında böyük öhdəliklər, o cümlədən imkanlar açıblar.  Bizim qazilərimiz, yaxud müharibə veteranı adı daşımaq şərəfinə nail olan  insanların cəmiyyətdə xüsusi rolu var. Bilirsiniz ki, Veteranlar haqqında xüsusi qanun var.  Bir çox ölkələrdə  belə insanlara   ən sadə məsələlərdə belə xüsusi həssaslıqla yanaşılır.  Yəqin ki, bunun şahidi olmusunuz. Düşünürəm ki, hazırda, təbii ki, prosesin ortasındayıq. Düzdür, böyük zəfər qazanmışıq. Bu prosesin nəticələri qiymətləndirilir. Azərbaycan dövləti hər zaman öz vətəndaşı, xalqına böyük töhfələr  verən  insanlar üçün müvafiq şəraitləri yaradır. Təbii ki,  müharibə veteranlarına ən müxtəlif səviyyələrdə diqqət və qayğının göstərilməsi  məndə şəxsən heç bir şübhə yaratmır. Mənə görə ümumiyyətlə,  sualın güzəşt kimi yox, status kimi qoyulması daha düzdür. Qazilərlə bağlı məsələyə status kimi  baxmalıyıq. Həmin vətəndaşlarımızın hansı statusa malik olması və nə kimi üstünlüklərdən faydalanması kifayət qədər ədalətli mövzudur.

 

Qeyri -mərkəzləşdirilmiş sistem etimad və inamla bağlıdır

 

Cəsarət Valehov: Biz, ümumiyyətlə, şəffaflığın qorunması,  belə obrazlı desək, uçotun düzgün aparılması məqsədilə idarəetmədə müəyyən mərkəzləşmə prinsipini tətbiq elədik və son 6-7 ildir ki, bu proses həyata keçirilir. İndi bu mərkəzləşmənin əks mərkəzləşməyə  transformasiya olunması dövrü çatmayıbmı? Yəni, belə deyək, biz özü müəllim seçən məktəb direktorunu nə vaxt görəcəyik? Şübhəsiz ki, ayrı-ayrı istisnalar var. Amma ümumən deyirəm.

 

Emin Əmrullayev, Təhsil naziri: Burada məsələ çox sadədir. Qeyri- mərkəzləşmiş sistemlər o vaxt mövcud olur ki, insanlar arasında etimad və bir-birinə inam var. Və adətən bu təcrübədə belə deyək, statistik nöqteyi ilə ölçülə bilən şeydir. Yəni, etimadı da ölçmək olar. Hazırda məktəb direktoru seçmək bir tərəfə qalsın, hansı məktəbdə hansı fəndən neçə saat dərs demək lazım olduğunu da Təhsil Nazirliyi müəyyən edir. Niyə görə belədir? Çünki hətta bu şərtlər çərçivəsində belə biz hər il bir neçə məktəb direktorunun, belə deyək də, həmin saatları qeyri-düzgün bölməkdə, paylamaqda problemlərini görürük.

 

Və yaxud, biz artıq 7 ildir müəllimlərin işə qəbulunu mərkəzləşdirilmiş qaydada keçiririk. Siz də bilirsiniz ki, ildə bizim apardığımız müəyyən   yoxlamalar nəticəsində  az sayda da olsa  müəllimlərin işə qəbulu imtahanından kənar işə qəbul olmaq cəhdləri olur. Mənə elə gəlir ki, Təhsil Nazirliyi burda mərkəzi icra hakimiyyəti orqanı olaraq prosesi tənzimləyən qurumdur.

 

Qaydalara əməl edilsə, ona kimin nəzarət edəcəyi o qədər də vacib deyil

 

Vətəndaşlarımızın məsələyə münasibəti   həlledici məsələdir. Və biz bu problemi açıq danışmalıyıq, nəinki bir tərəfi tapıb onu günahlandırmalıyıq. Çünki bu model işləmir. Yəni biz artıq son neçə illərdir ki, təhsil sistemində "günahkarı tapıb onu cəzalandırmaq" modelinə inanırıq, amma nəticə eyni olaraq qalır. Mənə elə gəlir ki, biz sadəcə olaraq bu məsələlər  barədə açıq danışmağa keçid eləməliyik və başa düşməliyik  ki, bu, niyə belədir? Həqiqətən də,  niyə görə misal üçün,  insanlar bizim cəmiyyətdə oxumadığı,  əziyyət çəkmədiyi halda diplom almaq və ya öz qiymətinin bir bal yuxarı olmasını istəyir ? Nəyə görə insanlar güzəştlərə malik olmağı arzulayır,  hansısa bir formada özlərinin bu və ya digər şəxsi həyatı ilə bağlı olan hekayələri təhsilin ölçməsinə gətirib çıxardırlar. Dəfələrlə belə olub ki, biz imtahanlar edirik. Vətəndaşların qəbulu zamanı  məsələn,vətəndaş  gəlir ki, mən iki bal az yığmışam amma,  bilirsiniz  bizim evimizdə xəstə var, ona görə bu iki balı mənə keçin.  Mənə elə gəlir bu davranışdan biz artıq  kifayət qədər sistemli və qaydalara  uyan davranışa keçməliyik. Burada ana məsələ qaydadır. Yəni biz əgər qaydalara əməl edə bilməyi öyrənsək o, qaydaların Təhsil Nazirliyi tərəfindən, yoxsa məktəb direktoru tərəfindən və ya yerli təhsil şöbəsi tərəfindən nəzarəti ikinci sualdır. Səmimi olaraq deyim ki,  onun heç fərqi də yoxdur. Qaydalar müqəddəsləşəndə kimin ona nəzarət etməsi  daha önəmli olmayacaq. Məktəb direktoru bunu edəcək, yoxsa nazir edəcək və ya nazirliyin şöbəsi edəcək. Mənə elə gəlir ki, bu tənzimlənməli olan məsələdir. Bu bütün ölkələrdə ona görə belə deyil ki, orada insanlar bizdən fərqlidirlər, sadəcə olaraq orada bu qaydalarla bağlı şəffaflıq və informasiyanın daim paylaşılması var. Məsələn, biz bunu MİQ-də edirik.  Proses göz önündə baş verir, kimin  neçə balla hansı təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərəcəyi məlum olur. Bəzən bununla bağlı çox az sayda narazı qalanlar da olur.  Ancaq ümumilikdə bizim də vicdanımız təmizdir ki, biz hansı formada kimi hara işə qəbul etmişik,  o məlumatlar şəffafdır. Düşünürəm ki, bu, vacib bir məqamdır. Qeyri-mərkəzləşdirmə üçün ən vacib məsələ insanlarda həmin o proseslərə inanma,  proseslərlə bağlı şəffaf informasiya bölgüsünü hamıya çatdırmaqdır  və  düşünürəm ki, ondan sonrakı direktoru kim təyin edir sualı artıq  mahiyyət etibar ilə bir o qədər mənalı olmayacaq. Qaydalara əməl edilsə, ona kimin nəzarət edəcəyi o qədər də vacib deyil.

 

Azərbaycan müəllimi