Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-22 12:15:00
DİM-də fənlər üzrə onlayn hazırlıq kursları keçirilib - FOTO

21 noyabr 2020-ci il tarixində Azərbaycan dili, ingilis dili, riyaziyyat, tarix, fizika və biologiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən müvafiq fənn kurikulumunun nəticələrinə uyğun qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib.

 

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər iştirak ediblər.

 

Hazırlıq kursuna şöbə müdiri Afiqə Batıyeva qələbə təbriki ilə başladı. Şanlı ordumuzun qazandığı böyük tarixi qələbədən iftixar hissi ilə danışdı. Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında xalqımızın və ordumuzun necə birləşdiyindən söz açdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramını bildirdi və yaralılara şəfa dilədi.

 

Daha sonra müdavimlərə 2 aylıq kurs materialının nəzəri hissəsinin mövcud şəraitə görə bir neçə saat ərzində onlayn qaydada keçiriləcəyini, II mərhələdə müdavimlərin ev tapşırıqlarını moderatorlara təqdim edərək hazırlıq kursunun proqramına əsasən iştirakçılarla praktiki mərhələnin internet vasitəsi ilə həyata keçiriləcəyini və sonuncu mərhələdə kurs iştirakçılarının kalibrləmə prosesindən keçmək üçün yaşadığı əraziyə ən yaxın DİM-in Regional bölmələrinə yaxınlaşaraq yoxlama prosesi ilə tanış olacaqlarını qeyd etdi. Çıxışın sonunda A. Batıyeva kurs iştirakçılarına uğurlar arzulayaraq sözü moderatorlara verdi.

 

Hazırlıq kurslarında Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva, riyaziyyat fənni üzrə DİM-in əməkdaşı Samir Hüseynli, tarix fənni üzrə moderator Hafiz Cabbarov, fizika fənni üzrə moderator Əlövsət Rəcəbli və biologiya fənni üzrə moderator Eynulla Musayev müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.

 

Hazırlıq kursunun iştirakçılarının şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcəkdir. Gələcəkdə onlar DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.