https://www.zirve.edu.az/
30.10.2020 15:38
Söz səngərinin kimya müəllimi

Dualar şeirə, şeir mahnıya dönüb dildən-dilə dolaşdı

 

Bu gün Azərbaycanın ürəyi Qarabağla çırpınır. Hər bir azərbaycanlı axşam Qarabağla yatıb, səhər Qarabağla açır gözünü. Əli silah tutan silaha sarılıb, dili söz tutan da şeirə, sənətə. Müəllimlər də cəmiyyətdən geri qalmayıb. Sinifdən birbaş səngərə gedən müəllimlər kimi, söz səngərində yerini alanlar da çoxdur. Axı, söhbər müəllimdən gedir. Söz ola, müəllim kənarda qala?!

 

Söz cəbhəsində yerini alanlardan, sadəcə biridir Ülviyyə müəllim. Əvvəlcə sözü tanındı, sonra özü. Kimya müəllimi kimi tanıyanlar olsa da, şeir yazdığı, sadəcə ən yaxınında olan bir neçə nəfərə bəlliydi. Amma indi hamı ondan danışır. Daha doğrusu, onun qələmə aldığı misralardan.

 

Payız, səndən bir ricam var,

Çox tələsmə...

Qoy geciksin boranlı qar!

Vətənimin yad əllərdə hələ əsir torpaqları,

Döyüşlərdə əsgəri var...

Tanrı olsun onlara yar.

Sən həlim ol, asta tərpən,

Leysan olub yağma birdən.

Bir az bəslə buludları ətəyində

Üşüməsin əsgərimin əli silah tətiyində.

Xəsislik et, gözəl payız,

Torpağıma su qatanda...

Yüngül olsun əsgərimin çəkmələri

Zirvələrə can atanda.

Dumanını ahəstə çək

Naxışları nəmli payız

Vətənimin nər həsrətli dağlarına...

Hərarətin qüvvət versin

Alnı açıq zirvələrə bayraq sancan

İgidlərin qollarına

Payız, səndən son ricam var

Gözü yolda olanlara

İgidlərdən xoş xəbərlər

Gətir nübar

Qoy, bu payız müjdə versin mərd xalqıma

Qələbədən, zəfərdən bar!

 

Bayrağa bürünən Azərbaycandan, Qarabağa köklənən xalqdan ilhamlandı

 

Qarışıq hisslər yaşadığı, kədərlənib ağladığı, gah kövrəlib, gah da qürurlandığı günlərdən birinin sonunda öz oğlunun bir istəyi göynətdi ana ürəyini. Qucağı öz oğlunu, misralara düzdüyü sözləri isə balasından nigaran anaların dilindən səslənən duaya çevrilib soyuq səngərdə böyük anasına - VƏTƏNinə keşik çəkən oğulları qızdırdı: “General-mayor Polad Həşimovun həlak olması mənə çox təsir etmişdi. Bir neçə gün özümə gələ bilməmişdim. Sonra baş verənlər, ölkəmizdə müşahidə edilən böyük ruh yüksəkliyi, bayraqlara bürünən küçələrimiz məndə böyük iz buraxırdı. O gün səfərbərliyə cəlb edilən yaxınlarımın analarıyla görüşmüşdüm. Onlarla söhbətin təsirindən çıxmamışdım. Həmin gün Prezidentin çıxışını da dinlədim. Axşama tərəf yağış başladı, hava soyuqlaşdı. Axşam oğlum yanıma gəlib “Qucaqla məni, üşüyürəm”, - dedi. Onda ağlıma əsgərlər gəldi,  analarını düşündüm. Mənim oğlum yanımdadı, isti evində üşüyür, oğlumun yanında mən varam, onu isidirəm, deyə düşündüm. Evindən, isti yatağından uzaqda, soyuq səngərdə olan əsgərlər ağlımdan çıxmadı. O gecə yata bilmədim.  Yağış onları isladacaq, torpağı isladacaq. Ayaqları palçıq olacaq. O palçıq çəkmələrini daha da ağırlaşdıracaq. Bu düşüncələr səhərə kimi ağlımdan çıxmadı. Səhərə yaxın bu şeiri yazdım. Həmişə yazdığım şeirləri bacıma, bir neçə yaxınıma oxuyur, fikirlərini soruşurdum. Bu dəfə buna vaxtım olmadı. Məktəbə getməliydim. Ona görə heç kimin fikrini soruşmadan paylaşdım. Ancaq şeirin müəllifi olduğumu yazmağa utandım. Dərsə girəndə telefonu müəllimlər otağında qoyuram. Ona görə də 3 saat ərzində nə baş verdiyindən xəbərim olmadı. Telefonuma baxanda zəng dalınca zəng gəldiyini, sosial şəbəkədə şeirimin necə sürətlə yayıldığını gördüm”.

 

İlk 2 gün ərzində paylaşımlar, səsləndirmələr davam edib. Şeirini qiraətçi Xəzər Süleymanlı, müğənni Ədalət Şükürov səsləndirib. Bu minvalla, şeiri eşidən sevib, görən əzbərləyib, öyrənən söyləyib. İndi Ülviyyə müəllimin telefonunun yaddaşı şeirinin, sadəcə qiraət ustalarının yox, yüzlərlə insanın ifası ilə doludur: “Əslində, şeirin müəllifi olduğumu söyləmək fikrim yox idi. Bu da mənim vətənə borcumdur. Ürəyimdən qopanları dilə gətirmişdim və bu, hamının ürəyindən keçənlər olduğu üçün bir neçə saat içərisində sevilmiş, paylaşılmışdı. Buna görə ancaq xoşbəxt ola bilərdim və oldum da”.

 

Ülviyyə müəllim ürəklərin sarı siminə toxunduğu şeirinin uğuruna sevindiyi günlərdə təəssüf doğuran təcrübə də qazanıb. Bir də onda görüb ki, şeiri onun şeiri olmaqdan çıxır, misralarını oğurlamağa cəhd edənlər artır: “Məlum oldu ki, sosial şəbəkələrdə şeirimin qol-qanadını sındırıb bəzi dəyişikliklər etməklə öz adlarına çıxanlar var. Məcbur olub şeirin müəllifi olduğumu elan etdim. Əmim oğlunun şeirimə klip çəkilməsi ilə bağlı təklifini də bu səbəbdən qəbul etdim. Hətta klipin süjetini də özüm verdim. Bayrağa bürünən küçələrimizdən, Prezidentimizin çıxışlarından təsirləndiyimi, məhz bu ab-havanın təsiri ilə o şeiri yazdığımı dedim. Şeirin məhz o görüntülərin fonunda səslənməsində israr etdim”.

 

Şeirə mahnılar bəstələndi

 

Beləliklə, şeir səsləndirildi. Sorağı arxa cəbhədən ön cəbhəyə, uşaqdan böyüyə yayıldı. Qısa müddətdə 50-dən çox ifa ortaya çıxdı. Özü də, sadəcə qiraət ustaları, ya da məşhur şəxslərin yox, sevən hər kəsin səsi ilə. Nəinki şeiri səsləndirənlər, hətta musiqi bəstələyənlər də oldu: “Musiqiçilər şeirə musiqi yazıb  oxudular. Şeir ruhumdan qopub gələn düşüncələr idi. Silah götürüb döyüşə bilmirəm. Mən də bunu edə bilərəm. Səngərdəki əsgərlər üçün, vətənim üçün əlimdən gələni etmək istəyirəm”.   

 

Qəhrəman kişinin yetirməsi

 

Ülviyyə Eyyubova vətən sevgisini, vətənə xidmət etməyin min bir yolu olduğunu ailəsindən - atası Qəhrəman kişidən öyrəndiyini deyir: “Atam həkim, anam tibb bacısıydı. Evimizə həkimə ehtiyacı olan hər adam gələ bilərdi və gəlirdi də. Yardımsevərliyi atam mənə lap körpəliyimdən aşılayıb. Öz peşə borcunu evimizdə də yerinə yetirir, tez-tez məni də ilk yardım işinə cəlb edirdi. Sonra müharibə başladı. Müharibə dövründə bir vətəndaşın üzərinə düşənləri məhz atamdan öyrəndim. Birinci Qarabağ savaşında mən hələ məktəbdə oxuyurdum. Şagirdlərim kimi mən də müharibəni uşaq ürəyimdə hiss etmişəm. Cəbhə bölgəsində yaşamırdıq, ancaq vətənim üçün əlimdən nəsə gələ biləcəyini mənə göstərən valideynlərim oldu. Mütəmadi olaraq cəbhəyə - əsgərlərə corab toxuyub göndərdiyimiz xatirələrim hələ təzədi, heç köhnəlməyib. Toxuduğum corablar mənə əsgərimi, vətənimi sevməyi, vətənimə necə xidmət edə biləcəyimi öyrətdi. Sonra ali məktəbə - Bakı Dövlət Universitetinə daxil oldum, müəllim oldum və təyinatla Qəbələnin Vəndam qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə dərs deməyə başladım. 14 il Vəndamda, 2017-ci ildən sonra isə  Bakıda işlədim. Anayam, 20 ilə yaxındır müəlliməm. Bu müddət ərzində atamdan öyrəndiklərimi həm övladlarıma, həm də şagirdlərimə aşılamağa çalışdım. Bundan sonra da əlimdən gəldiyi qədər bunu edəcəyəm”.

 

Onların gözlərində qəzəb yox, zəfər parıltısı görmək istəyirdim

 

Şeiri ilə tanıdığımız Ülviyyə Eyyubova müəllim kimi çoxdan tanınır. Laçın rayon  13 nömrəli tam orta məktəbin müəllimi kimi adı çoxlarına bəllidir. 2003-cü ildən kimya fənni üzrə dərs keçir. Hazırda Laçın rayonundakı 13 nömrəli tam orta məktəbdə və Bakı Modern Məktəbində müəllimlik fəaliyyəti göstərir. Özünün ifadəsi ilə desək, hər gün fərqli iki situasiyada sinfə girir. Düşdüyü situasiyaların təsiri altında çox şeir yazıb. Ancaq onları heç vaxt paylaşmayıb: “Bakı Modern Məktəbi ilə Laçın rayon məktəbində tam fərqli mühit, fərqli ovqat olur. Laçın məktəbində laçınlı müəllimlərin yanıqlı səsindən muğamlarımızı dinləyir, onların göz yaşını görürdüm. Mən hər gün bu göz yaşlarını silib, yanıqlı səsi dinləmişəm”.

 

Ülviyyə müəllim deyir ki, artıq çətin günlər geridə qalıb. Azərbaycan əsgəri itirdiyimiz torpaqları geri qaytarır. Artıq müəllimlərin gözündə yaş, şagirdlərin üzündə qəzəb görmək məcburiyyəti də sona çatır: “Uzun illər müəllim yoldaşlarım kimi mən də şagirdlərimə torpaqlarımızın işğal tarixini əzbərlədirdim. Mən də bir müəllim kimi işğal günlərini soruşur, şagirdlərimə xatırlatmaq məcburiyyətində qalırdım. Başqasını bilmirəm, mənə utanc verirdi. Şagirdlərimizə zəfər tarixini öyrətmək varkən, işğal günlərini əzbərlətmək cansıxıcı idi. Bir müəllim kimi onların gözlərində qəzəb yox, zəfər parıltısı görmək istəyirdim. Nəhayət, o gün gəldi”.

 

Ruhiyyə DAŞSALAHLI

Azərbaycan müəllimi qəzeti