Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-29 13:33:00
BMU ilə İnha Universitetinin ikili diplom proqramına cari il üzrə 96 tələbənin qəbulu həyata keçirildi    

 

2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universiteti və Koreyanın İnha Universiteti arasında icrasına başlanan ikili diplom proqramı üzrə qəbul prosesi 4 ixtisas - İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə aparılıb.

AzEdu.az-ın məlumatına proqramın cari il üçün icra dövrü ərzində dövlət sifarişli 96 nəfər tələbənin qəbulu (İnşaat mühəndisliyi-25 nəfər, İnformasiya texnologiyaları mühəndisliyi-25 nəfər, Elektronika və Elektrik mühəndisliyi 46 nəfər) həyata keçirilib.

 

Qəbul prosesi başa çatdıqdan sonra hər bir ixtisas qrupu üzrə BMU-da görüş günləri təyin edilib. Universitetlə tanış olan tələbələr qəbul olduqları ikili diplom proqramı ilə məlumatlandırılıb. Eyni zamanda, ikili diplom proqramına qəbul olmuş tələbələrin ingilis dilindən səviyyə müəyyənləşmə imtahanı keçirilib və imtahanın nəticələrinə uyğun olaraq tələbələr uyğun qruplara bölünüb.

 

Proqram çərçivəsində 4 akademik il üçün nəzərdə tutulan 4 ixtisas üzrə dərs kurikulumları İnha Universiteti və Azərbaycanın Təhsil Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilib. Kurikuluma əsasən 1-ci semestrdə hər 4 ixtisas üzrə tələbələrin İngilis dili, Fizika I, Riyaziyyat I və Koreya dili I üzrə dəsrlərə girməsi planlaşdırılıb və bununla əlaqədar I semestr üçün dərs deyəcək müəllimlər artıq təyin olunub. Tədris İnha Universitetindən dəvət olunan, eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Proqramın icrası müddətində İnha Universitetindən professor heyətinin BMU-ya gəlməsi və bəzi ixtisas fənnlərini tədris etmələri də nəzərdə tutulub.

 

Proqram çərçivəsində BMU-da sözügedən 4 ixtisas üzrə hazırki əmək bazarında daha çox tələb olunan yeni ixtisas fənnləri də tədris olunacaq. Bura İnşaat mühəndisliyi üzrə Elementar geodeziya, Ekoloji hidravlika və laboratoriya, İnformasiya texnologiyaları mühəndisliyi üzrə İKT buraxılış layihəsi, İnteqrasiya edilmiş analoq dövrələr, Vizual proqramlaşdırılma, Elektron və Elektrik mühəndisliyi üzrə Avtonom elektromobil mühəndisliyi, Smart şəbəkə mühəndisliyi kimi fənnlər daxildir. Avtomatlaşdırılmış və əlaqəli vasitələrin sürətlə inkişaf edən sahəsini əhatə edən bu fənndə tələbələr avtomobil sənayesinə əlavə olaraq ticarət vasitə və aerokosmik sektorlarındakı avtonom nəqliyyat vasitələrinin inkişaflarının genişləndirilməsi üzrə əsas texnologiyalar və tətbiqetmələri araşdırmaq imkanına malik olacaqlar. Bununla yanaşı, optimal enerji istifadəsi və tədarükünü təmin etmək, kəsilmə reaksiyaları, həmçinin bərpası üçün daha yaxşı planlaşdırma təmin etmək, yenilənə bilən enerji sistemləri, elektrikli nəqliyyat vasitələri şəbəkələri və ağıllı evlər kimi heterojen texnologiyaların inteqrasiyasını asanlaşdırmaq üçün qabaqcıl metod, eləcə də təcrübələrə diqqət yetirərək smart enerji şəbəkəsinin dizaynı, istismarı ilə bağlı müxtəlif mühüm mühəndislik problemləri barədə ətraflı məlumat qazanacaqlar. 

Bakalavriat pilləsində təhsilin 3 ilinin Azərbaycanda ingilis dilində, 1 ilinin isə İnha Universitetində Koreya dilində aparılması nəzərdə tutulur. Proqramın başlıca şərtlərindən biri olan Koreya dili üçün 8 müəllim cəlb edilib. Tələbələr BMU-da təhsil aldıqları 3 il müddətində Koreya dilini sıfırdan öyrənərək 2-ci və 3-cü kursun sonunda Koreya dilindən səviyyə imtahanı olan TOPİK (Test of Proficiency in Korean) imtahanından keçməlidirlər. III kursun sonunda tələbələrin GPA (ümumi bal ortalaması), ingilis dili səviyyəsi və Koreya dili səviyyəsi (TOPİK IV səviyyə) ikili diplom proqramının şərtlərinə uyğun olduğu təqdirdə, tələbələr 4-cü akademik ili (dövlət sifarişi əsasında) Koreyanın İnha universitetində davam etdirmək haqqına sahib olacaqlar.

Qeyd edilmiş şərtləri qarşılamış və nəticə etibarı ilə 4-cü akademik ili İnha Universitetində 1 il müddətində başa vurmuş məzunlara həm BMU, həm də İnha Universitetinin diplomları veriləcək.

BMU və İnha Universiteti arasında ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb. Proqram Azərbaycanda mühəndislik sahəsində yeni nəsil yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını, qabaqcıl elmi nailiyyətlərdən və yenilikçi tədris texnologiyalarından yararlanaraq beynəlxalq ikili diplom proqramı ilə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsini hədəfləyib.